İcra Hakimiyyəti: “Hamamda uzun zamandır ki, bərpa-təmir işləri aparılmadığından fiziki köhnəlməyə məruz qalıb”
Masallının mərkəzində yerləşən tarixi hamam hazırda acınacaqlı vəziyyətdədir. Şəhər hamamı kimi tanınan və 19-cu əsrə aid olduğu deyilən hamam məhv olmaq üzrədir. Tarixi abidələr siyahısına salınan şəhər hamamının ətrafı hasarlanıb, içərisi isə sakinlər tərəfindən zibilliyə çevrilib.
AYNA-nın xəbərinə görə, Masallı Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilib ki, hamamın bərpası ilə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciətlər edilsə də, nəticə əldə olunmayıb: “Hamamda uzun zamandır ki, bərpa-təmir işləri aparılmadığından fiziki köhnəlməyə məruz qalıb. Şəhər hamamı tarixi abidələr siyahısına salınıb, bu səbəbdən icra hakimiyyəti təmir-bərpa üçün tikiliyə müdaxilə edə bilmir. Abidənin bərpası ilə bağlı 2016-cı ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəsmi müraciət olunub və cavab verilib ki, 2017-2020-ci illər ərzində bərpa işləri nəzərə alınacaq. Hazırda 2021-ci ildir, ancaq hamamda bərpa işləri görülməyib”.
İcra hakimiyyətindən əlavə ediblər ki, hamamın tullantılardan təmizlənməsi üçün əraziyə briqada cəlb olunub, tez bir zamanda yaranan problem aradan qaldırılacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin