Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni cəmiyyətində təlatüm: Amandır, o qayıtmasın!

Erməni cəmiyyətində təlatüm: Amandır, o qayıtmasın!

Fərid Şəfiyev: “Köçəryanın müharibəni uda biləcəyini iddia etməsi gülüncdür”

 

Xocalı soyqrımının təşkilatçılarından və icraçılarından biri, Ermənistanın sabiq Prezidenti Robert Köçəryan yenidən siyasətə qayıtdığını açıqlayıb. O, Rusiyaya 5 günlük səfərdən qayıtdıqdan sonra mətbuata açıqlamasında yenidən ölkə rəhbərliyini ələ alacağını, ölkəsinin problemlərini həll edəcəyini bildirib.

 

Bununla yanaşı, Köçəryan İkinci Qarabağ müharibəsi barədə də danışıb. İddia edib ki, guya, o, hakimiyyətdə olarmışsa, müharibəni dayandıra, işğalda saxladıqları Azərbaycan ərazilərinin azad edilməsinə imkan verməzmiş.

 

Xocalı qatilinin yenidən hakimiyyət başına keçəcəyinə isə inam azdır. Rusiyalı ekspertlər bildirirlər ki, Köçəryanın Moskvaya səfəri sıradan səfər sayılmalıdır. Belə ki, separatçının Rusiyada önəmli siyasi elita təmsilçiləri ilə deyil, xırda məmurlarla müzakirələri olub. Bir də, Köçəryan Rusiyadakı bir qrup erməni diaspor nümayəndələri ilə görüşlər keçirib. O, səfərdən sonra verdiyi pafoslu açıqlamalarla Ermənistan ictimaiyyətinə ciddi addımlar atdığını göstərmək istəyir.

 

Ermənistan ictimaiyyəti isə Köçəryanın Moskva səfərini belə qiymətləndirir: “O, ölkəmizi Putinin ayaqları altına atmağa hazır olduğunu göstərmək üçün getmişdi”.

 

Erməni ekspertlər illərlə erməni xalqına qan udduran, xalqın qanını sovuran Köçəryan rejiminin yenidən hakimiyyət iddiasına düşməsini sərt tənqid etməklə yanaşı, vətəndaşları ayıq-sayıq olmağa, bu quldura hakimiyyəti qapdırmamağa çağırış edirlər.

 

AYNA erməni mediasında Köçəryanın siyasətə qayıdışı ilə bağlı fikirləri izləyib. Məsələn, analitik Razmik Akopcanyanın fikrincə, Köçəryan Rusiyanın qulu olmağa hazırdır ki, heç kim ondan başqa bir şey gözləmirdi: “O, 12-ci dəfə böyük siyasətə qayıtdığını elan etdi. Deməli, əslində bundan sonra deyilənlərin hamısı ölkənin ikinci Prezidentinin seçki şüarları kimi qəbul edilməlidir və bunlar uyğun olaraq qiymətləndirilməlidir. Çünki Ermənistanın gələcəyi risk altındadır. Köçəryan artıq Ermənistanın gələcəyini necə gördüyünü açıqladı – “inteqrasiya nağılı” ilə dedi ki, Rusiyanın vassallığını daha dərindən qəbul edəcək”.

Картинки по запросу

“Onsuz da nə qədər müstəqilik ki? Rusiyanın xeyrinə suverenlik xüsusiyyətlərimizin çoxunu itirmişik. Ancaq görünür, Köçəryan üçün bu, kifayət deyil. Robik əslində dövlətçiliyimizin qalıqlarını da itirməyi təklif edir. Onun açıqlamalarını başqa necə başa düşmək olar? Yaxşı ki, Rusiya ilə sərhədimiz yoxdur, əks təqdirdə, Köçəryan Ermənistanın Rusiya Federasiyasına birləşməli olduğunu deyəcəkdi. Rusiya Ermənistanı Qafqazdakı forpostu hesab edir. Ölkəmizin başında öz adamlarının olmasını istəyir. İndi hər birimiz yalnız bir suala cavab verməliyik: vətəndaşlarımız özü və Ermənistan üçün belə bir taleyi istəyirmi? Məncə, quldur Köçəryana hakimiyyət vermək olmaz”, - analitik əlavə edir.

 

Digər erməni analitik-yazar Tevos Arşakyan isə bildirir ki, Moskvadan qayıtdıqdan dərhal sonra Köçəryanın böyük siyasətə qayıtdığını yüksək səslə elan etməsi təsadüfi deyil: “Onun "məxməri inqilabçıları" (Baş nazir Nikol Paşinyan hökumətini nəzərdə tutur – A.B.) devirmək və dövlət başçısı kürsüsünü bərpa etmək planları var. Köçəryan əvvəllər bildirmişdi ki, Ermənistanda parlament seçkiləri baş tutarsa, o və komandası bu seçkilərdə iştirak edəcək. Ancaq yalnız Moskvaya etdiyi səfərdən və Rusiyada keçirdiyi görüşlərdən sonra özünü "başadüşülən və güclü bir şəxsiyyət" olaraq işarə edir, özünə inam və özünəməxsus təkəbbür yaymağa başlayıb”.

 

“Amma biz tamamilə gücsüz olduğumuz zaman bu "güclü və anlaşılan şəxsiyyət"in necə bir cani olduğunu yaxşı xatırlayırıq. Bizi illərlə alçaltdılar, döydülər, qarət etdilər, amma susduq. Çünki Köçəryanın 10 illik hakimiyyəti boyunca birləşmiş qüvvə kimi çıxış edə bilmədik. Yalnız Köçəryan hakimiyyəti, öz klanına aid Serj Sərkisyana verəcəyi məlum olduqda, 2008-ci ildə insanlar etiraza qalxdı, küçələrə çıxdı. Amma ermənilərin etirazı Köçəryan-Sarkisyan cütlüyü tərəfindən xüsusi amansızlıqla yatırıldı. Bu, hamımıza Köçəryan-Sarkisyan rejiminin gücdən əl çəkməyəcəyi və Ermənistanı öz maraqları naminə qan çanağına döndərəcəyi həqiqətini ortaya qoydu. Onlardan yaxa qurtarmaq üçün 10 il ermənilər zülm altında yaşadılar. İndi bu qaniçən yenidən hakimiyyətə gəlmək istəyir”, - politoloq vurğulayır.

 

“Bəs, Köçəryan bizə nə təklif edir? Demək olar, heç nə! Qarabağı qaytara (yenidən işğal edə - A.B.) biləcəkmi? Müharibə başlayacaq? Əlbəttə, yox. Çünki o da bilir ki, hələ özümüzə gəlməmişik. Yüz minlərlə mühaciri ölkəyə qaytara biləcəkmi? Əlbəttə, yox. Çünki onların əksəriyyəti Köçəryan və Sarkisyanın hakimiyyəti dövründə Ermənistandan qaçıb və çətin ki, ölkəyə qayıdıb, yenidən bu dəhşəti yaşamaq istəsinlər. Büdcəni bizdən oğurlanan on milyardlarla dollarla dolduracaq? Gülməlidir. Çünki o, büdcəni talayıb. Köçəryan bir fədakar və ya vətənpərvər deyil. Sadaladıqlarımı ölkəyə qaytarmaq üçün, şübhəsiz, axmaq deyil. Yaxşı, o, dəqiq nə təklif edir? Bu sualın cavabı Köçəryanın müsahibəsindədir - Rusiya ilə tam inteqrasiya. Bu isə Ermənistanın müstəqilliyinin tam itirilməsi, Kremlin qulu olmaq deməkdir”, - Arşakyan əlavə edir.

 

Yazar daha sonra ermənilərə müraciət edir: “İndi Köçəryan böyük siyasətə qayıtmaq niyyətini ortaya qoyub. Şübhəsiz ki, yaxın gələcəkdə bizi erkən parlament seçkiləri gözləyir. Həm mövcud hakimiyyətə, həm də müxalifətə bunlar lazımdır. Ölkəmizin gələcəyi isə hər birimizin seçkilərdə necə səs verəcəyimizdən asılı olacaq. Ancaq bülleteninə “quş” qoymadan əvvəl bir dəqiqə düşünün: özünüzə, ölkənizə, övladlarınıza və nəvələrinizə necə bir gələcək arzulayırsınız?”.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev də AYNA-ya deyib ki, Köçəryanın siyasətə qayıdışı ilə uğur qazanacağı mümkün görünmür: “Onun yenidən hakimiyyət başına gələcəyi ehtimalı çox azdır. Ona görə ki, Köçəryan 10 il özü, 10 il də əlaltısı Serj Sarkisyan hakimiyyətdə olub, hansı əməlləri törətdiyi ermənilərə bəllidir. 2018-ci ildə, dolayısı ilə Köçəryan-Sarkisyan rejimi devrildi, xalq onları hakimiyyətdən qovdu. Eyni zamanda, İkinci Qarabağ müharibəsi nəticəsində acınacaqlı məğlubiyyətlərinə baxmayaraq, hazırkı Baş nazir Nikol Paşinyanın siyasi komandasının dəstəyi var. Paşinyanın şəxsən özünü deyil, rəhbəri olduğu “Mənim Addımım” Partiyasının siyasi xəttini erməni cəmiyyətində dəstəkləyən qüvvələr mövcuddur. Əks halda, bu gün Paşinyan hakimiyyətdən getmiş olardı”.

Картинки по запросу

“Köçəryan özü yox, ola bilsin ki, çevrəsinə daxil olan hansısa bir fiquru ortaya atsın. Görünən odur ki, o, siyasətə qayıtmaqda israrlıdır. Amma yaxşı bilir ki, erməni cəmiyyəti onun rejiminin korrupsiya əməllərini, cinayətlərini unutmayıb. Bu baxımdan, yəqin ki, ona yaxın çevrədən biri Ermənistandakı növbəti seçkilərdə iştirak etsin, liderə çevrilsin. Yəni, Köçəryan dolayısıyla yenidən bu formada hakimiyyətə qayıtsın”, - analitik vurğulayıb.

 

F.Şəfiyev əlavə edib ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib gəlmişdi ki, burada da iki faktor var idi: “Birincisi, Ermənistanı həmin illərdə Rusiya dəstəkləmişdi. İkincisi, Azərbaycanda daxili siyasi vəziyyət ürəkaçan deyildi. Köçəryan indi deyir ki, guya, o, hakimiyyətdə olsaydı, müharibəni dayandıra bilərdi, qalib gələrdi və s. Amma birinci müharibədəki vəziyyət dediyim kimi, iki faktordan asılı idi. Köçəryanın müharibəni uda biləcəyini iddia etməsi gülüncdür. Onun hərbi cinayətlərdə, soyqrımlarda, etnik təmizləmələrdə əli var. Eyni zamanda, işğal etdikləri Azərbaycan ərazilərində evləri talan etməkdə, satılası əşyaları qamarlamaqda Köçəryan mahir olub”.

 

“Onun başqa hansı rolu olub ki, indi deyir, hakimiyyətdə olsaydı, İkinci Qarabağ müharibəsində məğlub olmazdılar? Ermənistanda Birinci Qarabağ müharibəsində Köçəryan hakimiyyətdə deyildi. Bunu erməni cəmiyyəti bilir, onun quldurluğundan Ermənistanda hər kəs xəbərdardır”, - BMTM rəhbəri vurğulayıb.

 

“Guya, ermənilər bilmirlər ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən ordularını Köçəryan-Sarkisyan rejimi qurub? Paşinyan da 2 ildir hakimiyyətdədir. İki ilə ordu qurulmur axı. Demək ki, Köçəryanın açıqlamalarının pafosunu ermənilər anlayırlar. Bu səbəbdən də, onun şəxsən hakimiyyətə qayıtması mümkünsüzdür. Amma yenə də deyirəm, Köçəryan ona yaxın kimisə ortaya fiqur olaraq ata bilər. Əgər doğrudan da, digər dövlətlərdən, xüsusən də, Rusiyadan dəstək varsa, bu yolla növbəti seçkilərdə hakimiyyəti ələ ala bilər. Amma onu da unutmayaq ki, Paşinyanın partiyasının da Fransa, ABŞ kimi ölkələrdən dəstəyi var”, - Şəfiyev əlavə edib.

Müəllif: Anar Bayramoğlu      11 Fevral 2021 15:42
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin