Əsas səhifə Haqqımızda Xəbər lenti

“Şəhidin özünü lentə aldığı kadrlardan daha təsirli film çəkməyi bacaran varsa, buyursun”

“Şəhidin özünü lentə aldığı kadrlardan daha təsirli film çəkməyi bacaran varsa, buyursun”

Rejissor: “Müharibəni real əks etdirən filmlərin çəkilməsi üçün 50-60 il vaxt lazımdır”

 

Azərbaycanın 44 günlük Vətən müharibəsi noyabrın 10-da imzalanan üçtərəfli Qarabağ razılaşması və ölkəmizin qələbəsi ilə başa çatdı. Təbii ki, müharibənin və qələbənin təsirləri başqa sahələrdən də yan keçmədi. Bu sahələrdən biri də yaradıcılıq sahəsidir. Vaxtı ilə torpaqlarımızın işğal altında olması və məğlub xalq stereotipi baxımından, “vətənpərəvərlik”, “qələbə”, “müharibə” mövzularına müraciət edərkən, içimizdə bir sınıqlıq vardı. Amma artıq ordumuzun şücaəti sayəsində bu stereotip aradan qalxıb, daxilimizdəki məğlubiyyət sindromundan xilas olmuşuq.

 

AYNA-nın, “Vətən müharibəsində əldə edilən qələbənin yaradıcılığa təsirləri” mövzusunda növbəti müsahibi rejissor Röyal Əliyevdir.

No description available.

- Röyal bəy, Azərbaycan 44 günlük müharibənin yekununda Ermənistan üzərində qələbə qazandı. Buna qədər isə, məlum səbəblərdən, yaradıcı insanlar vətənpərvərlik, qələbə mövzularına müraciət etməkdə çətinlik çəkirdi. Bundan sonra necə olmalıdır, gözləntiləriniz nədir?

 

- Müasir kinematoqrafiya diliylə desək və kinolentin gözüylə baxsaq, müharibədə qalib tərəf olmur, müharibədə itirən tərəf olur və zərbə bütün insanlığa, bütün bəşəriyyətə dəyir. Yəni, kinematoqrafiyanın fəlsəfəsi bunu nüamayiş etdirməkdən ibarətdir. Yəni, müharibə şərti olaraq bitsə də, müharibənin fəsadları, problemləri onillərlə davam edir. Belə bir məqamda isə film çəkmək, millət olaraq hələlik bizə yaraşan hal deyil. Düzdür, Vətən müharibəsini əhatə edən bədii filmlərin çəkilməsi ilə bağlı müsabiqə elan edilib və ssenarilərin yazılmasına başlanılıb. Lakin həmin ssenarilər, çəkiləcək filmlər bizim müharibə dövründə gördüyümüz real kadrların heç birinə çata bilməz.

 

Yəni, bir əsgər şəhid olmamışdan qabaq yaralı halda özünü çəkirsə, həmin kadrda onun əzəmətli baxışı varsa, bütün dünya kinematoqrafiyası bir yerə yığılsa, həmin əsgərin baxışındakı təsir gücünü kinokamera vasitəsi ilə lentə köçürə bilməyəcək. Ona görə də nə çəkilir-çəkilsin, bizim üçün çox adi gələcək. Çünki o filmə baxacaq tamaşaçıların ürəyində şəhid yarası var, yaralarımız hələ sağalmayıb. Həm də bu filmlər sırf Vətən sevgisindən irəli gələrək çəkiləcəksə, yenə də bir sual yaranır: Bəs, niyə zamanında Xocalı faciəsi, 20 Yanvar, Mübariz İbrahimovun şücaəti, Aprel döyüşlərinin qəhrəmanları haqqında filmləri çəkilmədi? Halbuki, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, diaspor təşkilatlarımız olduqları ölkələrin kinoteatrlarında Xocalı həqətlərini, 20 Yanvar hadisələrini film vasitəsi ilə dünyaya çatdıra bilərdilər. Buna baxmayaraq, biz hələ də həmin faciələr zamanı çəkilən şəkilləri nümayiş etdirir, hərdən də səndəli film ab-havasında nələrsə çəkirik.

 

- Belə çıxır ki, qeyd etdiyiniz mövzularda filmlər çəkməmiş, bu mövzuda filmlər çəkməyə ehtiyac yoxdur?

 

- Müharibədə qalib gəlmiş xalq olaraq bunu real əks etdirən filmlərin çəkilməsi üçün, ən azı 50-60 il zaman lazımdır. Çünki dünya kinematoqrafiyasına baxanda da görürük ki, İkinci Dünya müharibəsinə aid çəkilən filmlər belə, müharibə bitəndən 50-60 il sonra çəkilib. Bədii filmin də müdrikliyi ondan ibarətdir ki, bir neçə günə hazırlanıb, çəkilmir. Məsələn, general Polad Həşimov şəhid olandan bir neçə gün sonra xəbər yayıldı ki, onun haqqında film çəkilir. Sual yaranırdı ki, belə bir film çəkilirsə bu filmin ssenarisi nə zaman yazıldı, nə vaxt hazırlıq görüldü? Axı, ciddi bir filmin ssenarisi bir neçə aya yazılıb, özü bir neçə aya çəkilə bilməz. Ona görə də nəticə nə oldu? Deyildiyi kimi də qaldı və çəkilmədi. Düzdür, bu gün istər qısametrajlı, istərsə də tammetrajlı bədii filmlərin mövzusunda Vətən müharibəsi olmalıdır, amma bu filmlərin ssenarisi qırğından, qan tökməkdən daha çox humanist məzmunda olmalıdır və humanizm ideyalarını qabartmaq lazımdır.

 

Məsələn, illər sonra doğma torpağına qayıdan Xocalı sakininin həyatı, yaxud bütün nəslini itirən bir insanın yenidən Ağdama qayıtması və s. kimi dramaturji xətt olmalıdır. Çünki ideoloji müharibədən söhbət gedirsə, biz də filmdə məhz bu məsələləri qabartmalıyıq və bununla irəli gedə bilərik. Çünki bizim gənclərdə kifayət qədər vətənpərvərlik ruhu da var, damarlarında Vətənpərvərlik qanı hələ də qaynayır və müharibənin odu-alovu hələ də onların gözündə sönməyib. Ona görə də biz bu mövzuda dünyaya çıxmaq istəyir və daha rahat və tez şəkildə öz yurd-yuvalarımızda bərkimək istəyirksə, filmdə də bu xətti seçməliyik. Yəni, filmi 2020-ci ilin 27 sentyabrından başlasaq, təbii ki, biz başa düşəcəyik, amma dünya o filmi qəbul etməyəcək. Qəbul etməsi üçün də əvvələ qayıtmaq lazımdır. Xocalı faciəsini göstərməliyik, Xocalıdan didərgin düşən uşaqları göstərməliyik, müharibə başlamalıdır və sonra o uşaqlar Şuşa fatehləri olmalıdır. Yəni, filmdə onların taleyi nümayiş etdirilməlidir. Vətən müharibəsindən əvvəl Mübariz İbrahimov haqqında film çəkilməlidir, onun torpaq yanğısı filmdə əks olunmalıdır, yəni, əvvəlcə Vətən müharibəsinə aparan proseslər göstərilməlidir. Vətən müharibəsindən əvvəlki hadisələri, faicələri lentə almamış birbaşa müharibə və qələbəni çəksək, təsiri də olmayacaq.

 

- Dediyiniz kimi, məlum məsələyə görə, bu mövzularda təcrübəmiz olmadığı üçün sırf təcrübə baxımından bu mövzunu yaradıcılığa əks etdirmək nə dərəcədə mümkün olacaq və olacaqmı?

 

- Bizim istər montajçı, istər rejissor, istər operator, istərsə də digər yaradıcı kadrlarımız var ki, müxtəlif film şirkətlərində işləyirlər. Onları bir yerə gətirərək, sözün həqiqi mənasında peşəkar komanda yığmaq olar. Yəni, istər müharibə, istərsə də digər janrda filmlər çəkmək üçün kifayət qədər təcrübəmiz və təcrübəli kadrlarımız var. Əgər, əlavə dəstəyə ehtiyac olarsa, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən dəstək almaq olar. Çünki yaxşı bir film ərsəyə gətirmək istəyiriksə, bunu həm yerli, həm də xarici ölkələrin mütəxəssisləri ilə həyata keçirə bilərik. Lakin sırf xarici komandanı dəvət edib və işi tamamilə onlara həvalə etsək, işi görsələr də, o işin ruhu olmayacaq. Çünki bu mövzuda çəkiləcək filmin ruhu olması üçün əsas şərtlərdən biri də rejissorun, operatorun damarında azərbaycanlı qanı daxmasıdır. Çünki onların qanında, canında kürəklərini söykədiyi şəhidlərin yanğısı, şəhid ailələrinin gözyaşı olmasa, həmin film də alınmayacaq.

 

- Sizin bu mövzuda ərsəyə gətirmək istədiyiniz hansı işlər var?

 

- Mənim bu mövzuda yazdıqlarım və çəkmək istədiklərim, əsasən böyük qayıdışa həsr olunub. Düşünürəm ki, “Böyük qayıdış” layihəsi çərçivəsində yazdığım ssenarilər də uğur qazanacaq. Artıq bu istiqamətdə müsabiqə də elan edilib və çox yaxşı və vacib bir addımdır. Hesab edirəm ki, bu müsabiqə çərçivəsində yazarlarımız, ssenaristlərimiz orjinal işlər ərsəyə gətirəcəklər.

 

- Bu mövzunu genişləndirmək və inkişaf etdirmək baxımından, dövlət səviyyəsində dəstəyə nə qədər ehtiyac var?

 

- Başda Müdafiə Nazirliyi olmaqla, bütün rəsmi qurumlar şəbəkə şəklində işə cəlb olunsa, keyfiyyətli yaradıcılıq nümunələri də ərsəyə gətirmək olar. Lakin mənim sözüm elə anlaşılmasın ki, mən Vətən müharibəsinin qəhrəmanları haqqında film çəkilməsinə etiraz edirəm. Yenə də deyirəm, bizim müharibədə gördüyümüz və nəfəsimizi kəsən real kadrlar ki var, çəkiləcək filmlər o kadrlardan güclü və təsirli olacaqsa, çəkilsin. Yəni, biz əsgərlərimizin şəhid olmasından əvvəl çəkdikləri kadrlara baxıb ağlayırıqsa, torpaq, Vətən sevgimiz daha da coşursa və hamımız bir yumruq kimi birləşib düşmənə qan uddurmaq istəyiriksə, o mövzuda çəkiləcək filmlər də o cür təsirli olmalıdır. Yox, o filmlərə baxanda təsirlənməyəcəyiksə, həmin keyfiyyəti duya bilməyəcəyiksə, gözləmək lazımdır. Ki, bu sahədə daha çox inkişaf edək, mövuzunu daha çox mənimsəyək.

 

Vətən müharibəsi həssas və incə mövzudur, çünki bizim kürəyimizi söykəyəcəyimiz minlərlə şəhidimiz var. Ona görə də bu mövzu asan bir mövzu deyil ki, bir neçə ay ərzində ərsəyə gəlsin. Yəni, demək istədiyim odur ki, əgər bu filmlər real kadrlar qədər və o kadrlardan daha təsirli olacaqsa, çəkilsin, yox, əskinə olacaqsa, gözləyək. Zəif və güclü olacağını da bilmək üçün həmin filmləri kimlər çəkəcəksə, əvvəlcə təqdim edilsin və cəmiyyət də bilsin ki, onlar kimdir və işi nə qədər keyfiyyətli görə biləcəklər.

Müəllif: Mərahim Nəsib      6 Fevral 2021 22:45
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin