Əsas səhifə Haqqımızda Xəbər lenti

Üçüncü Qarabağ müharibəsi realdır?

Üçüncü Qarabağ müharibəsi realdır?

Şahin Cəfərli: “Nə Ermənistanın hərbi vəziyyəti, nə də Rusiyanın maraqları yeni müharibəyə imkan verir”

 

Üçtərəfli razılaşma ilə yekunlaşan Vətən müharibəsindən sonra bəzi məqamlar ictimaiyyət üçün suallar doğurur. Məsələn, problemin hələ də tam həllini tapmaması və xüsusən də Ermənistan tərəfinin təxribatlarına görə yeni münaqişə ocağının yaranacağı və müharibə ilə nəticələnəcəyi barədə müxtəlif fikirlər və iddialar səsləndirilir. Həmçinin, bəzi ərazilərin yalnız Rusiya sülhməramlılarının nəzarətində olması və ermənilər üçün yaradılan şərait, xüsusən də Qarabağda bir qrup erməni separatçının qalması və müqavimət göstərməsi bu iddiaların geniş vüsət almasına səbəb olur.

 

Bununla yanaşı, işğalçı ölkənin məğlubiyyətdən sonra səsləndirdiyi revanşist fikirlər də var. Erməni hərbi ekspert Van Ambartsumyan bu günlərdə “Sрutnik Ermənistan”a müsahibəsində Qarabağ münaqişəsinin tam həll olmadığını və buna görə də yeni müharibənin qaçılmaz olduğunu iddia edib. O, Ermənistanın beşinci və ya altıncı nəsil müharibə meyarlarına uyğun gəlməyən hərbi konsepsiyasını köklü şəkildə dəyişməli olduğunu və təmənnasız müharibənin nə olduğunu başa düşərək, bütün lazımi vəsaitləri əldə edib, addım-addım hazırlaşmalı olduğunu qeyd edib.

 

Bütün bunlardan dolayı sual yaranır ki, Üçüncü Qarabağ müharibəsi baş verə bilərmi? AYNA-nın mövzuya dair suallarını siyasi şərhçi Şahin Cəfərli cavablandırıb:

Картинки по запросу

- Yeni müharibə ehtimalları inandırıcı deyil. Məlum məsələdir ki, ərazidə sülhməramlı adı altında olsa da, Rusiya ordusu var və Ermənistan ordusu deyilən struktur da yalnız kağız üzərində qalıb. Çünki 44 günlük müharibədə Ermənistan ordusu böyük itkilərlə üzləşib və bunu özləri də etiraf etməyə başlayıblar. Hətta, bugünlərdə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Ermənistan ordusundan yalnız qırıntılar qaldığını bildirib. Yəni, özləri də etiraf edirlər ki, Ermənistan ordusu istər canlı qüvvə, istərsə də texnika baxımından tamamilə darmadağın edilib və çox ağır itkilərə məruz qalıb. Ermənistan ordusunun da toparlanması üçün bir neçə il vaxt lazımdır. Bir sözlə, Ermənistanın müharibəyə cəhd etməsi üçün belə, imkanı yoxdur. Rusiya isə yeni bir müharibənin başlanmasında maraqlı deyil. Çünki Rusiya öz maraqlarını böyük ölçüdə təmin edib, sülhməramlı əməliyyatının keçirildiyi ərazilər Rusiyanın cavabdehlik zonasıdır və təbii ki, Rusiya da yeni müharibənin alovlanmasında, ərazinin onun nəzarətindən çıxmasında maraqlı ola bilməz.

 

- Bəs, gələcəkdə münaqişənin alovlanma riski ola bilərmi?

 

- Təbii ki, cüzi də olsa, alovlanma riski ola bilər. Lakin bu da o şəkildə ola bilər ki, Azərbaycan Rusiyanın maraqlarına zidd hansısa siyasət yürüdür, hansısa addımlar atır, Rusiya da Azərbaycana təzyiq göstərmək məqsədi ilə erməni separatçılarını yenidən qızışdırır və Azərbaycanın üzərinə salır. Yəni, ehtimal kimi gələcək üçün bu risklər var. Amma yaxın müddətli perspektiv üçün düşünmürəm ki, müharibə, ya münaqişə başlaya bilər. Digər tərəfdən, Azərbaycan rəhbərliyi də Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa çalışır və yəqin ki, bundan sonra da saxlamağa çalışacaq. Ona görə də mən müharibə riskinin olduğunu düşünmürəm.

 

- Dediyiniz kimi, xüsusən də Rusiyanın təzyiqlərini artırmaq bəhanəsi ilə separatçıları qızışdırması və münaqişənin alovlanması olsa, bu, hansı nəticələrə gətirib çıxara bilər?

 

- Hazırda Ermənistan tərəfinin Azərbaycanın qarşısında dura biləcək heç bir qüvvəsi yoxdur. Həmçinin, “Artsax” deyilən qondarma qurumun da heç bir qüvvəsi yoxdur, yalnız silahlı dəstələri ola bilər ki, onlar da Azərbaycan Ordusunun qarşısına çıxa bilməzlər. Yalnız bir ehtimal var ki, Rusiya hansısa mərhələdə onlara aktiv dəstək verir, onları silahlandırır, hazırlaşdırır və Azərbaycana təzyiq məqsədi ilə onları provakasiyalara təhrik edir. Yalnız bu şəkildə Ermənistan tərəfi Azərbaycanın üzərinə gələ bilər. Yəni, onların arxasında konkret olaraq Rusiya dayanarsa, Rusiya onlara əmr verərsə, bu şəkildə hansısa addım atmaları mümkündür. Yoxsa, erməni tərəfi özbaşına müharibəyə başlaya bilməz. Nəticəsi yenə də Rusiya tərəfdən ola bilər. Çünki məhz Rusiya öz maraqlarına hansısa təhlükə hiss etsə, onları qızışdıra bilər. Yəni, erməni tərəfdən heç bir cəhd ola bilməz deyə, hansısa təhülkəli nəticədən də söhbət gedə bilməz.

 

- O zaman İrəvanın sülhməramlıların nəzarətində olan ərazilərdəki təxribatlarını da Rusiyanın təzyiq üsulları kimi dəyərləndirmək olarmı?

 

- Təbii ki, bu, gözlənilməyən proses deyil. Qarşıdakı 5 ildə də belə təxribatlar bu şəkildə davam edəcək. Düzdür, Ermənistan üçün hazırda yeganə münasib siyasi qüvvə Paşinyan və onun partiyasıdır. Düşünürəm ki, onlar da Ermənistanın inkişaf yolunu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görürlər. Azərbaycan və Türkiyə ilə düşmənçiliyi davam etdirməkdə maraqlı deyillər. Amma hər halda, bu da o demək deyil ki, Paşinyan və onun partiyası tamamilə erməni toplumunun tələblərini qulaqardına vuracaq. Hər halda, Paşinyan Ermənistan üçün nə qədər adekvat siyasətçi olsa da, onun siyasi partiyası Ermənistanın siyasi partiyasıdır və o da Ermənistanın Baş naziridir. Ona görə də Ermənistan toplumunun müəyyən tələblərini yerinə yetirməyi özləri üçün borc hiss edirlər.

 

Bu səbəbdən belə təxribatlar davam edəcək və açığı, Rusiya da bunda maraqlıdır. Çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov da keçən həftə verdiyi bir müsabihəsində ona Azərbaycan rəhbərliyinin Ermənsitandan Qarabağa səfərlərin həyata keçirilməsinə etiraz etməsi ilə bağlı sual verəndə, Lavrov bu etirazın düzgün olmadığını bildirdi və 10 noyabr bəyanatını yada saldı ki, bəyanata əsasən, Qarabağda sülhün qurulmasında Ermənistan da iştirak etməlidir. Yəni, görünən odur ki, Rusiya 10 noyabr bəyanatını belə yozur və ona görə də bu səfərlərə haqq qazandırır ki, Ermənistanla Qarabağ arasındakı əlaqələr davam etsin və gediş-gəlişlər olsun. Ona görə də qarşıdakı dövrdə də bu məsələnin davam edəcəyini düşünürəm.

 

- Qeyd etdiniz ki, Paşinyan hökuməti Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda daha maraqlıdır, nəinki düşmənçilikdə. Həmçinin, Ermənistan daxilində Paşinyana qarşı olan qüvvələr var ki, bu əməkdaşlıqda maraqlı deyillər. O cümlədən də Rusiya. Belə olan halda, bu əməkdaşlığa münbit şəraitin yaradılması nə qədər real görünür?

 

- Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşə əsasən, Rusiyanın Azərbaycan ilə Ermənistan arasında Sovet dövründə mövcud olmuş kommunikasiyaların bərpasında maraqlı olduğunu deyə bilərik. O cümlədən, bu çərçivədə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında da quru yolu açılacaq və bu yol vasitəsi ilə biz həm də Türkiyəyə çıxış əldə edəcəyik. Yəni, bu əməkdaşlıqda Moskva o qədər maraqlı olacaq ki, öz maraqlarını təmin etsin. Daha doğrusu, Moskva bu prosesin tamamilə onun nəzarətində gerçəkləşməsində maraqlıdır. Düzdür, Mehri dəhlizi vasitəsi ilə Naxçıvana quru yolun açılması çox müsbət amildir, amma düşünürəm ki, buna strateji anlamlar qatmağa ehtiyac yoxdur. Bəzən deyilir ki, Türkiyə ilə heç bir maneə olmadan gediş-gəlişimiz olacaq, Türkiyə Mehri dəhlizi vasitəsi ilə Azərbaycana, Azərbaycandan da Orta Asiyaya çıxacaq və s. Amma mən bu cür uzağa gedən şərhlərlə razı deyiləm və həmin yolun strateji mənada bizə qazanclar gətirəcəyinə inanmıram.

 

Təbii ki, Naxçıvana gediş-gəlişlərimiz olacaq. Məsələn, Bakıdan avtomobilə əyləşib Naxçıvana gedə biləcəyik, yaxud ordan geri qayıda biləcəyik ki, bunlar müsbətdir. Amma mən Naxçıvan yolunun strateji mənada Azərbaycan və Türkiyəyə qazanc gətirəcəyinə şübhə edirəm. Çünki Rusiya Türkiyənin Azərbaycan və Türk dünyası ilə quru əlaqələrinin yaranmasında maraqlı ola bilməz. Məhz, vaxtı ilə Rusiya imperiyası Zəngəzuru bizdən alıb Ermənistana verməklə, əslində Türkiyə ilə bizim və Türk dünyasının əlaqələrini kəsmək niyyəti güdüb. Belə olan halda, Rusiya bu gün Türkiyə ilə Azərbaycan arasında daimi quru əlaqlərin yaranmasına və Türkiyənin də buradan Orta Asiyaya gedib daha da inkişaf etməsinə niyə şərait yaratsın? Hansı ki, Rusiya Orta Asiyanı da özünün nüfuz dairəsi hesab edir. Ona görə də mən bu yolun strateji əhəmiyyətinə şübhə edirəm. Rusiya yalnız o şəkildə imkan verər ki, bu proses tamamilə onun kontrolu altında gerçəkləşsin. Başqa cür Azərbaycan və Türkiyənin Rusiyanın nəzarətindən kənar həmin yoldan istifadə edərək, strateji xarakterli siyasət yeridəcəyinə Rusiyanın imkan vercəyini hesab etmirəm.

 

- Bir sözlə, Naxçıvana açılan quru yoldan da əsas qazancı Rusiya əldə edəcək və Azərbaycanla Türkiyə üçün yaradılan şərait də yalnız Rusiyanın maraqları çərçivəsində olacaq...

 

- Şübhəsiz! Çünki Rusiyanın Ermənistanla quru əlaqəsi yoxdur və ya çox məhduddur. Rusiya Gürcüstan vasitəsi ilə Ermənistanla quru əlaqəsi yaradır, həmçinin Ermənistan da Rusiya ilə. Digər alternativ yol isə iqlim şərtləri baxımından çox əlverişsizdir və qış aylarında həmin yol donur və istifadə etmək mümkün olmur. Bu da həm Rusiya-Ermənistan arasında iqtisadi-ticari əlaqələrə böyük əngəl yaradır, həm də Rusiyanın Ermənistandakı hərbi bazaları təchizat baxımından problemlərlə üzləşir. Faktiki olaraq, Rusiyanın Ermənistandakı bazası blokada vəziyyətindədir. Çünki alternativ quru yolu əlverişsizdir, bazanın təchizatını həyata keçirən hava yolu isə böyük xərclər tələb edir və həm də bir o qədər effektiv deyil. İndi isə Rusiya Azərbaycan vasitəsi ilə Ermənistanla əlaqələr quracaq, o cümlədən dəmiryolu vasitəsi ilə. Hesab edirəm ki, Rusiyanın buradakı məqsədi təkcə Ermənistanla iqtisadi-ticari əlaqələrini genişləndirmək deyil, həm də özünün Ermənistandakı hərbi bazasının təchizatını da həyata keçirmək istəyir. Çünki bu yol logistik baxımdan çox əlverişlidir və daim işləyəcək. Dəmiryolu vasitəsi ilə də Rusiya Ermənistandakı ordusunun hərbi təchizatını həyata keçirəcək. Ona görə də ilk növbədə bu prosesdən uduşlu çıxan Rusiyadır.

Müəllif:      5 Fevral 2021 13:26
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin