Səlahiyyətli orqanların diqqətinə: Yazıqdır bu camaat

Səlahiyyətli orqanların diqqətinə:   Yazıqdır bu camaat

Vətəndaşlar ictimai nəqliyyatda yaşadıqları problemləri dilə gətirirlər

 

Ölkədə ictimai nəqliyyatın problemləri bitib tükənmir. Əhalinin böyük hissəsinin məskunlaşdığı paytaxt Bakıda isə bu sahənin nöqsanları xüsusilə qabarıq gözə çarpır. Vəziyyətdən həm sərnişinlər narazıdır, həm də sürücülər.

 

AYNA-nın əməkdaşı, ictimai nəqliyyatda daha çox hansı problemlərin vətəndaşları narahat etdiyini öyrənmək məqsədilə sosial şəbəkədə kiçik sorğu keçirib. Rəyləri olduğu kimi təqdim edirik:

 

Eyyub Xaliq: “Bəzi avtobuslarda kondisioner ola-ola, yandırmırlar. İnsanlar avtobusda istidən boğula-boğula gedirlər”.

 

Xanoğlan Heydərov: “Sahil qəsəbəsindən əvvəllər birbaşa “20-ci kilometr”ə marşrut var idi. Orada yaşayan sakinlər rahat gedib-gəlirdilər. Daha sonra həmin marşrut xətti bağlandı. İndi şəhərə getmək üçün gərək Lökbatan dairəsinə, oradan da başqa marşrutla şəhərə gedəsən. Orada yaşayan sakinlər bundan narazıdırlar”.

 

Baxa İbrahimli: “Bütün marşrutlar “BakuBus”a aid olmalıdır. Köhnə avtobusların hamısını ləğv etmək lazımdır”.

 

Valeh Arifoğlu: “Mən hər gün 30 və 32 nömrəli marşrutlardan istifadə edirəm. Dəhşətli dərəcədə sıxlıq olur. Səhərlər 32 nömrəli marşruta minmək mümkün olmur. Heç olmasa, pik saatlarda avtobusların sayını artırsınlar ki, vətəndaşlar yerdə qalmasınlar. Yazıqdır bu camaat”.

 

Naibə Qurbanova: “Kartla olan marşrut xətlərində interval bərbaddır. Nağd ödənişlilərin də vəziyyəti ürəkaçan deyil, sürücüləri qeyri-peşəkardır. Marşrut xətləri də əlverişli deyil. Məsələn, 8-ci mkr-dan 9-a getmək üçün iki marşrut dəyişməli oluram. Köhnə marşrut xətləri ləğv olunur, yeniləri açılmır”.

 

Rəfail Səlimov: “Bilgəh-Buzovna-“Koroğlu” metrosu istiqamətində hərəkət edən 171 nömrəli avtobus xətti əvvəl Hava Limanı istiqamətində düz Heydər Əliyev prosbekti ilə hərəkət edirdi. Sonra qəza oldu deyə yol dəyişdirildi. İndi həmin avtobus “Buta Palace”ın yanından dönür və Ramana qəsəbəsinin içi ilə hərəkət edir. Orda isə yol bərbad vəziyyətdədir. Daxili qanaxması olan insan elə həmin yolda ölər. Yeni avtobuslar da yaxın günlərdə veriləcək, guya. Kondisionerli, amma kart sistemi olmayan avtobuslar. Həmin yeni avtobuslar Ramana qəsəbəsinin içi ilə getsə, qısa bir zamanda dağılacaq”.

 

Samirə Səfərəliyeva: “Avtobus sürücüləri sükan arxasında siqaret çəkirlər, telefonla danışırlar. Dayanacaq olmayan yerdə sərnişin götürmək üçün avtobusu saxlayırlar, amma dayanacaqda saxlamalı olduqları halda dayanmırlar. Deyəndə ki, “niyə saxlamadınız, dayanacaqda saxlamağa borclusunuz”, qayıdırlar ki, “əvvəlcədən deyərdiniz də”. Xüsusilə 46 nömrəli marşrutun sürücüləri belədir. Bəzi avtobuslar çox bərbad vəziyyətdədir. Buna misal olaraq 57 nömrəli marşrutu göstərə bilərəm”.

 

Elşən Ağalar: “Nəqliyyat sistemində problemlər olduqca çoxdur və həll edilməli olan problemlər bir kənara, lazımsız işlər görməklə nəsə həll etdiklərini göstərməyə çalışırlar. Əvvəla bir çox marşrut avtobusları dəyişdirilməli, sıxlığın aradan qaldırılması istiqamətində işlər görülməlidir”.

 

Elçin Zeynalov: “Avtobus sürücülərinin qayda pozmalarından çox narazıyam”.

Müəllif: Təranə Xudabaxşiyeva      3 Sentyabr 2019 10:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin