Əsas səhifə Haqqımızda Xəbər lenti

Bədbəxt ordunun ildönümü və ya nəynən, Alış?!

Bədbəxt ordunun ildönümü və ya     nəynən, Alış?!

Orduları darmadağındır, amma robiklər, serjiklər revanşdan danışırlar

 

Yanvarın 28-də, İkinci Qarabağ savaşında 44 günə darmadağın olan Ermənistan ordusunun 29 illiyi qeyd edildi. Ölkənin Baş nazirindən tutmuş, digər rəsmi şəxsləri, müxalifəti, istefada olan və olmayan hərbçiləri İrəvanda ildönümü qeyd etdilər. Qeyd etdilər deyəndə ki, paytaxtdakı Yerablur məzarlığına gedib məhv edilən terrorçu əsgərlərinin qəbirlərini ziyarət etdilər.

 

Bu, normal hal sayıla bilər: işğalçı əsgər də olsa, öz əsgərləridir, ziyarət etməkdə qəribə heç nə yoxdur. Darmadağın da olsa, öz ordularıdır, ildönümünü qeyd edirlərsə, bunda da qəribə olan nəsə yoxdur.

 

Qəribə olan, daha doğrusu, qəribə olduğu qədər də, absurd və gülməli olan - bir çox şəxslərin, xüsusən də müxalifətdə olanların pafoslu açıqlamalarıdır. Yerablur məzarlığının çıxışında jurnalistlərə müsahibə verən, istefada olan və olmayan hərbçilər, müxalif partiya sədrləri və funksionerləri, bəzi rəsmilər elə ifadələr işlətdilər ki, sanki Şanlı Azərbaycan Ordusunun, rəşadətli əsgərimizin qarşısında 44 gün tab gətirməyib, diz çökən Ermənistanın yox, başqa ölkənin ordusu imiş.

 

Ermənistan rəsmiləri susqun idilər: başa düşürlər ki, orduları məhv olub, darmadağındır və bunun bərpası üçün uzun illər lazım olacaq. Başa düşməyən isə, 29 il əvvəl terror əməlləri ilə, qulu olduqları Rusiyanın hərtərəfli dəstəyi ilə ordu yaradan keçmiş prezidentlərdir.

 

Məsələn, Ermənistanın sabiq rəhbəri, Qarabağ separatçısı və Birinci Qarabağ savaşında azərbaycanlılara qarşı soyqrımının törədilməsində birbaşa iştirak edən Robert Köçəryan açıqlama verib. Terrorçu belə deyir: “Ermənistan əsgəri məğlub deyil, məğlub olan hakimiyyətdir. “Ləyaqətli” və “qəhrəman erməni əsgəri” (dırnaq işarəsi bizə aiddir – A.B.) toparlanacaq, Azərbaycana keçmişini xatırladacaq”.

 

Keçmiş deyəndə, Robik Birinci Qarabağ müharibəsini nəzərdə tutur. Hansı ki, 30 il əvvəl Azərbaycan yenicə müstəqillik əldə etmişdi, ordu formalaşmamışdı, ölkədə gərginlik hökm sürürdü. Azərbaycandakı xaotik vəziyyətdən istifadə edən terrorçu Köçəryan başının dəstəsi ilə əzəli torpaqlarımızda terror əməlləri törətdi, müharibənin yazılmamış qanunlarını pozdu, ən alçaq yollara əl ataraq dinc əhalini süngüdən keçirdi, evlərindən qovdu. Ordusu formalaşmamış, silah arsenalı olmayan Azərbaycan Ordusuna qarşı güc gələ bildi. Təbii ki, Ermənistanın “böyük qardaş” dediyi Rusiyanın hərtərəfli – həm hərbi, həm də siyasi dəstəyi ilə.

 

Və Robik Qarabağda qondarma “respublika” qurdu, sonra isə Ermənistan Parlamentinin üzvlərinə qarşı terror törədərək Ermənistanda hakimiyyətə gəldi. İndi “Azərbaycana keçmişini xatırladacağıq” deyəndə, Robik əslində terrorçu mahiyyətini, işğalçı niyyətini bir daha ortaya qoyur. Terrorçuluğu ilə qürrələnən, erməni cəmiyyətinin də “siyasi meyit” adlandırdığı bu məxluq İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyəti sinirə bilmir. Revanşdan, toparlanmaqdan danışır. Amma qarabağlılar demiş, nəynən, Alış?

 

Axı, faktlar Robikin xəyallarını puç edir. Belə ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri, minimum qiymətləndirmə ssenarisi əsasında, ən azı 3,8 milyard ABŞ dolları təşkil edir.

Robert Köçəryan və Serj Sarkisyan hansı razılığa gəlib?

44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 “Tor”, “Osa”, “Kub”, “Kruq” modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda, döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd “Qrad”, 4 ədəd “Smerç”, 2 “Uraqan”, 1 “Tos” odsaçan, 1 ədəd “Yars”, “Toçka-U” ballistik raketlər, “Elbrus” raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah-sursat anbarları da yox edilməklə, Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olub.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibovun şərhində maraqlı məqamlar var. Bildirilir ki, məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır. 2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları kimi təsdiq olunub. Ancaq, Ermənistan cəmi 44 gündə, 1 il ərzində hərbi istiqamətdə əlavə olunacaq dəyərdən 5,3 dəfə çox hərbi ziyana uğrayıb. Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə hərbi infrastrukturu bərpa etməyə, təxminən 38 il vaxt lazım olduğunu göstərir.

 

Yuxarıda sadalanan gerçəkliyi daha bir erməni terrorçusu, Robikin siyasi və mənəvi qardaşı olan, Ermənistan hakimiyyətindən inqilabla qovulan Serj Sarkisyan da dərk etməlidir. O da ordularının 29-cu ildönümü ilə bağlı sərsəmləyib. Yox, Serjik Yerablura gəlməyib, yazı yazıb. Təxminən, siyasi və mənəvi qardaşı Robikin dediklərini təkrarlayıb: “Ermənistan ordusu qısa zamanda dirçələcək, Azərbaycandan qisasını alacaq, erməni əsgəri qəhrəmandır” və s.

 

Reallıqdan uzaq, pafoslu iddia, absurd yanaşma. Görünür, terrorçu və işğalçı ordunu quranların 44 günlük məğlubiyyətdən sonra psixologiyaları da pozulub. Axı, diz çökən ordunu onlar qurublar. Azərbaycan Prezidentinin dediyi kimi, əslində, Azərbaycan Ordusu Köçəryanın, Sarkisyanın, İkinci Qarabağ savaşında Azərbaycan əsgərinin gəldiyini hiss etdikdən sonra dabanına tüpürüb qaçan Seyran Ohanyan terrorçusunun ordusunu məhv etdi. Psixologiyalarının pozulması normal haldır. Amma reallığı dərk etməlidirlər. Çünki Ermənistan ordusunun 80 faizinin dağıldığını beynəlxalq ekspertlərlə yanaşı, özlərinin də hərbi mütəxəssisləri etiraf edirlər.

 

Məsələn, Ermənistanın tanınmış hərbi eksperti Van Hambardzumyan deyir ki, orduları iki səbəbdən məğlub olub: birincisi, Azərbaycan Ordusu çox güclüdür, hərbi kadrları peşəkar olmaqla yanaşı, müasir silah-sursata, hərbi texnikaya sahibdir. Eyni zamanda, Azərbaycan Ordusu müasir döyüş taktikasından istifadə edir – buna təmassız müharibə konsepsiyası deyilir. İkincisi isə, Ermənistan ordusu peşəkarlıq baxımından quyunun dibindədir, erməni generalları 1990-cı illərdə qalıb – silah-sursat isə köhnə, sınıq-salxaqdır. Bu faktları Hambardzumyan deyir.

 

Erməni hərbi ekspert “Sputnik Ermənistan”a bildirib: “Müharibə qaçılmaz idi, çünki hamı Qarabağ münaqişəsinin hələ də həll olunmadığını başa düşürdü. Ancaq əvvəlcə erməni qüvvələrinin hərbi əməliyyatlar aparmaq strategiyasını dəyişdirməsi lazım idi. Ermənistan ordusunun artıq beşinci və ya altıncı nəsil müharibələrinin meyarlarına cavab verməyən hərbi konsepsiyası var ki, bu, kökündən dəyişdirilməlidir. Ermənistan tərəfi müharibəyə lazımi dərəcədə hazır deyildi, baxmayaraq ki, Azərbaycanın hansı metodlardan və vasitələrdən istifadə edəcəyi əvvəlcədən məlumuydu. Erməni generalları 90-cı illərdə qalaraq yeni reallıqlara hazır deyillər. Azərbaycan isə son illər ərzində hazırladığı təmassız müharibə konsepsiyasını həyata keçirdi. Bu, Qarabağdakı ilk müharibə sindromudur. Erməni hərbi rəhbərliyinə elə gəldi ki, döyüş meydanında əvvəlki kimi eyni taktikalar istifadə olunacaq, amma bu, fəlakətli bir səhv idi”.

 

“Əvvəlcə təmassız müharibənin nə olduğunu anlamalı və sonra addım-addım, bütün lazımi vasitələri əldə edərək buna hazırlaşmalısan. Bunu bizimkilər etmədilər. Bizim üçün ağrılı məsələlərdən biri də silahdır. Silah almaq baxımından Ermənistan, əsasən Rusiya ilə əməkdaşlıq edir və bunun alternativi yoxdur. Rusiya Ermənistana operativ-taktiki raket sistemləri daxil olmaqla, digər ölkələrə ixrac etmədiyi silahları, köhnə, yararsız avadanlıqları tədarük edir. Silahların bizə baha başa gəlməsi və kadrların Rusiyada pulsuz hazırlanması da vacibdir. Bu gün Ermənistanın maddi və texniki baxımdan alternativi yoxdur, xüsusən də Rusiya Ermənistana silah alması üçün kreditlər verdiyi üçün. Ona görə də, Azərbaycan tərəfi hərbi baxımdan bizdən qat-qat güclüdür”, - deyə Hambardzumyan vurğulayıb.

 

Erməni hərbi ekspert etiraf edir - ordularının dağıldığını deyir. Serjik isə yenidən ayağa qalxmaqdan, revanşdan danışır. O zaman Robikə verilən sual Serjikə də verilməlidir: Nəynən, Alış?!

 

P.S. Azərbaycan Ordusu nə qədər güclüdürsə, Azərbaycan Əsgəri nə qədər qəhrəmandırsa, düşmən də bir o qədər məkrli, pisniyyət və terrorçu xislətlidir. Köçəryanın, Sarkisyanın, Ohanyanın və digər “yan”ların açıqlamalarından görünür ki, revanş cəhdləri olacaq. Biz təxribatlara hər an hazır olmalı, ayıq-sayıqlığı itirməməli, düşmənin “sülhpərvərliyinə” o qədər də inanmamalıyıq. Yəni, “Dəmir yumruq” hər an yerində olmalıdır ki, yenidən ərazilərimizi işğal altına almaq istəyən robiklərin, serjiklərin burun-başını əzək.

Müəllif: Anar Bayramoğlu      3 Fevral 2021 23:12
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin