Əsas səhifə Haqqımızda Xəbər lenti

Artıq “ay eşşək” deməyəkmi – AXI NİYƏ?!

Artıq “ay eşşək” deməyəkmi –     AXI NİYƏ?!

Bu çağırışa müsbət reaksiya verməyin fəsadları var

 

Adətən, millət vəkillərindən tutmuş, hüquq müdafiəçilərinə qədər (hətta, koronavirusdan əvvəl çayçıda yığılan vətəndaşlarımız belə), Qərb dünyasından heyranlıqla danışır, orada olan qanunların işləməsindən və bu qanunların mütləq bizdə də tətbiq edilməsindən böyük həvəslə danışırlar. Yəni, Qərbi həmişə bizə örnək çəkirlər. Düz də edirlər, əksər hallarda.

 

Qərb dünyasının əsas gücü dollarda, avroda, NATO-da, Avropa Birliyində-filanda deyil. Ora - insanını xöşbəxt edən, rahat nəfəs almağa, yaşamağa imkan verən qanunların hamı üçün işlədiyi, bir insanın azadlığının sərhədinin o biri insanın hüquqlarına qədər olmasının hamı tərəfindən aksioma kimi qəbul edildiyi və buna əməl olunduğu bir məkandır.

 

Düzdür, bəzən başa düşmədiyimiz, bizə gülməli gələn qanunlar da olur, amma hər halda etiraf etmək lazımdır ki, Qərbdən öyrəniləsi çox şey var və anti-qərbçilərin dediyinin əksinə olaraq, Qərbdən nəsə örnək almaq - təkcə seksual azlıqların hüquqlarının təmin edilməsi məsələsindən ibarət deyil. Başqalarının hüquqlarına hörmət etmək sahəsində o qədər öyrəniləsi şey var ki, bizim insanlar üçün bu, ən yaxşı halda, “yola ver, getsin” ifadəsi ilə elə yola da verilir.

 

Amma bəzən, doğrudan da, Qərbin elə qanunları, qaydaları, tövsiyyələri və s. var ki, bunu heç örnək almasaq, yaxşıdır. Məsələn, Avropanın ən məşhur heyvan hüquqları müdafiəsi təşkilatı olan PETA-nın son bəyanatı ilə sizi tanış edim, görün, bizlikdir, ya yox.

 

PETA fəalları heyvanların adlarını təhqir kimi istifadə etməməyə çağırdılar. Bu barədə onlar “Twitter”-də yazdılar.

 

Qurumun fəalları hesab edirlər ki, bu cür ad çağırışlar spesişizmin – bioloji növ əsasında ayrıseçkiliyin təzahürüdür. Onların fikrincə, bu yolla insanlar digər canlılardan üstün olduqlarını nümayiş etdirir, bununla da onlara edilən zülmə və qəddar rəftara haqq qazandırırlar.

 

Heyvan hüquqları fəalları yazdıqları postda, heyvan adları işlədilən ifadələrdəki lənət və təhqirlərin başqa sözlərlərlə əvəz edilməsini təklif edirlər. Sonda onlar insanlığı, ümumiyyətlə təhqiramiz ifadələr istifadə etməməyə və daha mehriban olmağa çağırırlar.

 

Nə PETA-ya bir iradım var, nə də heyvanlara qarşı qəddarlığın tərəfdarıyam. Əlimə keçəni səhərlər işə getməmiş küçədəki it-pişiyə verdiyimizin də qonşular dəfələrlə şahidi olublar. Amma, bizim Qərbi hər şeydə haqlı sayan hüquq müdafiəçilərimiz, xüsusən də heyvan hüquqları müdafiəçilərimiz birdən bu çağırışa da qoşular və hətta, bu fikirlərin qanunvericiliyimizdə yer almasını tələb edərlər. Qərbdə bunu gec-tez edəcəklər, amma bizdə qətiyyən buna getmək olmaz. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Onsuz da, bizdə hansısa heyvanın adını bir adama aid ediriksə, bu, heyvanın yox, həmin insanın adıçəkilən heyvanla hansısa xüsusda oxşarlığı ilə əlaqədar olur. Əslində bizim dilimizdə heyvan adları təkcə təhqirdə işlədilmir. Gözəl qıza - ceyran, maral, hiyləgər adama - tülkü, yekəpər adama - ayı, balaca uşağa - dovşan, cəsur adama – canavar, aslan və s. işlədirik.

 

Amma, ətrafımızda elə qanacaqsız, köntöy adamlar var ki, onlara ürəklə, iki yox, dörd “ş” hərfi işlətməklə - eşşşşək, elə xain adamlar var ki, hirslə - çaqqal, elə yekəbaş və yekəxana adamlar var ki, (insanın ən sadiq dostu hesab edilsə belə) – köpək, digərlərinə hörmət etməyənə - donuz, simic adama isə - “krısa” (siçovul) kimi heyvan adlarını onlara münasibətdə istifadə edirik. İndi heyvan müdafiəçiləri birləşib, bunun təbliğinə başlayıb, qanuna salmağa nail olsalar, nə edəcəyik?

 

Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin, 44 günlük müharibə vaxtı dillər əzbəri olmuş “erməniləri iti qovan kimi qovduq” ifadəsində itin yerinə hansı sözü işlədək ki, bu ifadənin ləzzəti, duzu, tamı itməsin? Və ya dəfələrlə müxtəlif səviyyələrdə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də, özü cəhənnəm, başqalarını yoluxdurmaq təhlükəsinə rəğmən, insanların sıx olduğu yerlərdə maska taxmayan adama “eşşşşək” deməyək, bəs, nə deyək ki, təsirli olsun?

 

Şəhid və qazilər üçün yığılan pulları utanmadan mənimsəyən adamlara “çaqqal” deməyək, nə deyək? Hansısa “yekə” məmurun oğlu olduğu üçün dünyanın onun ətrafında dövr etdiyinə əmin olaraq, yolun ortasında bahalı “Cip”ini saxlayan, kiminləsə söhbət edən, arxada yaranan tıxaca və siqnal səslərinə fikir verməyən adama “donuz” və ya sadəcə ümumiləşdirərək, “heyvan” deməyək, bəs nə deyək?

 

Odur ki, qətiyyən Qərbdə təzə-təzə başlayan bu trendi ölkəmizə buraxmaq olmaz. Çünki, dilimiz nə qədər zəngin olsa da, bir çox sözlərə əvəz tapa bilməyəcəyik. Bəzən, heç dünyanın ən zəngin dillərindən biri olan rus dilində belə, dediyimiz təhqirləri əvəzləmək olmur.

 

Düzdür, Rusiya Prezidenti Putin bir dəfə ölkəsində çox istifadə olunan bir təhqir sözünü elə canlı yayımdaca dəyişdirməyi bacardı. Xatırlayırsınızsa, o, “fahişə” sözünü “sosial məsuliyyəti aşağı olan qadın” ilə əvəzlədi. Həmin mənanı versə də, həmin effekti vermir, axı. Odur ki, PETA-nın heyvanların müdafisəi ilə bağlı bütün çağırışlarına hay versək də, bu çağırışa haray verməyək. Ağzımızın ləzzətini qaçırtmayın, siz Allah!

Müəllif: Yoldaş Mircəfər      1 Fevral 2021 10:20
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin