Əsas səhifə Haqqımızda Xəbər lenti

Peyğəmbərlər yurduna səyahət: İkinci hissə – FOTOLAR

Peyğəmbərlər yurduna səyahət: İkinci hissə –     FOTOLAR

İsrail: səmavi dinlərin müqəddəs məkanı, dünya irsi inciləri, hərbi postlar və təmas xətləri

 

İsrailə səfərimin üçüncü günü daha maraqlı oldu. Yanvarın 7-də bir çox yerlərə getməyi planlaşdırmışdım. Evdən gecə, təqribən 3-də çıxdım və avtobusla Yerusəlimə yollandım. Sübh hələ açılmadan mən artıq Yerusəlimə çatdım. Burada avtovağzalda bir qədər gözlədikdən sonra, digər avtobusla Hebron (Əl-Xəlil) şəhərinə getdim.

 

Gecə demək olar ki, yatmadığımdan hər iki avtobusda yolboyu mürgülədim. Bir müddət sonra avtomobil yolunun kələ-kötür, narahat olmasından oyandım və sürücüdən harada olmağımız barədə soruşdum. Yəhudi sürücü özünəməxsus bir işarə ilə yolətrafı köhnə evləri nişan verib Hebrona yaxınlaşdığımızı bildirdi. Mən artıq Fələstin ərazisində idim.

 

Fələstin Dövləti 1988-ci ildə Fələstin Azadlıq Təşkilatının (FAT) ali orqanı olan Fələstin Milli Şurasının Əlcəzairdə keçirilmiş toplantısında elan olunub. Lakin o zamanlar bu dövlət heç bir əraziyə malik deyildi. 1993-cü ildə İsrail ilə FAT arasında imzalanan Oslo razılaşmalarına görə, İsrail tərəfindən zəbt edilmiş Qəzza bölgəsinin və İordan çayının qərb sahilinin bəzi hissələrinin idarəçiliyi üçün Fələstin Milli İdarəsi (FMİ) yaradılır. 2013-cü ildən FMİ rəsmən Fələstin Dövləti adlandırılır.

 

Hebron dünyanın qədim şəhərlərindən biridir və İudaizmdə Yerusəlimdən sonra ikinci müqəddəs şəhər sayılır. Hebron, eyni zamanda İordan çayının qərb sahilinin ən iri şəhəri və Fələstinin Qəzzadan sonra ikinci şəhəridir. Əhalinin böyük əksəriyyətini ərəblər (fələstinlilər) təşkil edir.

 

Hebronda ilk ziyarət etdiyim tarixi yer - Patriarxlar mağarası (Maxpela mağarası) oldu. Bura İudaizm, Xristianlıq və İslam üçün müqəddəs yerdir. “Bibliya”ya görə, İbrahim peyğəmbər arvadı Sara öldükdən sonra bu mağaranı yerli sakinlərdən alır və onu burada dəfn edir. Sonralar İbrahimin özü, oğlu İshaq və onun arvadı Rebeka, İshaqın oğlu Yaqub və onun arvadı Lea da burada dəfn olunurlar. Yəhudilərə görə, Adəm və Həvvanın qəbirləri də bu mağaranın alt dərinliklərindədir. Mağara iki hissəyə bölünmüş halda fəaliyyət göstərir və ziyarətçilər fərqli girişlərdən daxil olurlar. Mağaranın müsəlmanlara aid hissəsi daha böyük əraziyə malikdir.

 

Tarixi-dini obyektin bilavasitə yanında İsrail Ordusunun postu yerləşir. İsrail əsgərləri mənim haradan olduğumu soruşduqdan sonra məni mağaranın arxa tərəfində olan müsəlman girişinə ötürdülər. Müsəlman hissəsi fəaliyyətdə olan məsciddir (İbrahim məscidi) və fələstinlilər tərəfindən idarə olunur.

 

Ərəb Xilafəti Fələstini istila etdikdən sonra burada məscid tikilir, sonralar bir müddət Səlibçilərin əlinə keçir. XII əsrdə bu ərazilər Səlahəddin Əyyubinin nəzarətində olur. Onun tərəfindən məscid ətrafında minarələr inşa edilir, onlardan ikisi indiyə qədər qalmaqdadır. Məsciddəki məşhur minbəri də, məhz Səlahəddin Aşkelon şəhərindən bura gətirib.

 

Mağaranın mərkəzi hissəsində ayrı-ayrı qapalı otaqlarda İbrahim və Saranın məqbərələri yerləşir. Hər iki girişdən gələn ziyarətçilər fərqli pəncərələrdən buranı müşahidə edə bilirlər. İshaq və Rebekanın qəbri müsəlman tərəfdə, Yaqub və Leanın qəbri isə yəhudi tərəfdədir.

 

Məsciddən çıxdıqdan sonra digər girişdən sinaqoq ərazisinə girmək istədim. Lakin bu dəfə İsrail əsgərləri buna icazə vermədi və hətta onlardan biri mənim bir qədər əvvəl müsəlman tərəfinə keçdiyimə görə sinaqoqa getməyimə qəti etiraz etdi. Vəziyyəti belə görəndə, bir qədər aralıda yerləşən posta yaxınlaşdım və daha yüksək polis əməkdaşları ilə müzakirələrdən sonra mənə icazə verildi. Məsciddən fərqli həmin gün sinaqoqa digər bölgələrdən gələnlər də vardı.

 

Bu ərazidə bir neçə dəfə terror aktı törədilib. Daha məşhuru, 1994-cü il fevralın 25-də olub. Amerika əsilli Barux Qoldşteyn adlı yəhudi həkim avtomatla silahlanaraq, məsciddə 29 nəfər fələstinlini qətlə yetirir, 150 nəfərdən çoxunu isə yaralayır. Terrorçunun özü də məsciddəki kütlə tərəfindən linç edilərək öldürülür. Bu hadisədən sonra ərazidə təhlükəsilik tədbirləri daha da gücləndirilib. Ümumiyyətlə, təhlükəsizlik baxımından İsrailin bütün yaşayış məntəqələrində əli avtomatlı polis və hərbçilərə rast gəlmək adi haldır.

 

Mağara ziyarətindən sonra, yaxınlıqdakı dəmir barmaqlıqlar formasında olan keçiddən istifadə edərək Hebronun ərəb hissəsinə keçdim. Dar küçələr, kiçik evlər, divarlarda Yasir Ərəfatın rəsmləri... Bura bir qədər bizim İçərişəhərin küçələrinə bənzəyirdi. Hebronun qədim hissəsi Patriarxlar mağarası ilə birlikdə 2017-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Burada XIII əsrdə inşa edilmiş Şeyx Əli əl-Bakka məscidini ziyarət etdim. Məscidin Məmlük arxiterktura üslubu ilə tikilmiş minarəsi indiyə qədər qalmaqdadır.

 

Şəhərin mərkəzi küçələrinə çıxdıqdan sonra taksi ilə Müqəddəs Üçlük Monastırına getdim. Rus Pravoslav Kilsəsinə məxsus olan bu dini tikilini turistlər və zəvvarlar üçün daha maraqlı edən onun ərazisində 5 min il yaşı olduğu ehtimal edilən Mamre palıdının (İbrahim palıdı) olmasıdır. “Bibliya”ya görə, İbrahim peyğəmbər bu ağacın altında oturarkən Allah ona görünüb.

 

Hebronun qədim hissəsindən fərqli olaraq şəhər mərkəzində artıq bir qədər geniş küçələr, orta hündürlüklü binalar var. 1997-ci il Hebron razılaşmalarına görə, şəhərin böyük əksəriyyəti (80 faiz) fələstinlilərin idarəçiliyindədir və təhlükəsizliyə Fələstin polisi nəzarət edir. Yaxın Şərq müsəlman şəhərlərinə xas olaraq burada da meyvə-tərəvəz və geyim üzrə küçə ticarəti inkişaf edir, hərəkət yollarının nişanlanması demək olar ki, yoxdur, avtomobillərlə yanaşı at qoşqulu yük arabalarından da istifadə olunur.

 

Hebronun mərkəzində bazarın yanından köhnə mikroavtobusa minərək Fələstinin digər şəhəri Betlehəmə getdim. Bu şəhər İudeyanın və sonralar İsrail krallığının məşhur padşahı olan Davudun vətənidir. Betlehəm xristianlar üçün Yerusəlimdən sonra ikinci müqəddəs şəhər hesab edilir. “İncil”ə görə, İsa peyğəmbər bu şəhərdə doğulub.

 

Avtobusdan əsas yolda düşərək ara küçələrlə şəhərin ən məşhur tarixi-dini obyekti Milad kilsəsi tərəfə getməyə başladım. Hebronda olduğu kimi burada da geniş olmayan küçələr ticarət obyektləri ilə dolu idi. Yanvarın 7-ni postsovet ölkələrinin pravoslav kilsələri Milad bayramı kimi qeyd etdiyini nəzərə alsaq, bu ərazidə çoxlu sayda, xüsusilə də rusdilli zəvvarlara və turistlərə rast gəlinirdi.

 

Milad kilsəsi IV əsrdə Roma imperatoru Konstantinin anası Yelenanın göstərişi əsasında Milad mağarası üzərində inşa edilib. Sonralar kilsə bir qədər dağılsa da, Bizans imperatoru Yustinian tərəfindən bərpa edilir və genişləndirilir. Zəvvarların çoxluğundan bir xeyli sırada gözlədikdən sonra kilsəyə daxil oldum və dar pilləkənlərlə mağaranın içinə düşdüm. Rəvayətə görə, İsa məsih məhz bu mağarada dünyaya göz açıb. Həmin yerdə döşəmədə 14 guşəli gümüşü ulduz bərkidilib və ulduzun üzərində çıraqlar asılıb. Zəvvarlar burada dini ayinlərini yerinə yetirir, bəziləri gətirdikləri ikonaları burada “müqəddəsləşdirirdilər”.

 

2012-ci ildən Ümumdünya İrsi Siyahısında olan Milad kilsəsi yunan pravoslav kilsəsi, erməni kilsəsi və katolik kilsəsinin birgə idarəçiliyindədir. Dini kompleksin ətrafında Fələstin polisinin əməkdaşları patrul aparırdılar. Oslo razılaşmalarına görə, Betlehəm şəhəri fələstinlilərin hərbi və mülki nəzarətindədir.

 

Milad kilsəsinin arxa hissəsində Süd mağarası kilsəsi (Milk Grotto Church) yerləşir. Digər rəvayətə görə, İsa peyğəmbərin doğulmasından sonra ailəsi bir müddət buradakı mağarada yaşayıb və Məryam oğlunu əmizdirərkən süd damcıları yerə düşüb. Sonralar bura xristian zəvvarlarının ziyarət etdiyi əsas obyektlərdən birinə çevrilib və 19-cu əsrdə mağaranın üzərində katolik kilsəsi inşa edilib.

 

Milad kilsənin qarşısındakı meydanın mərkəzində Milad bayramı ilə əlaqədar hündür Yeni il ağacı quraşdırılıb, həmçinin “Bibliya” hadisələrini əks etdirən dekorasiya düzəldilib. Bu meydan Axur meydanı (Manger Square) adlanır. “Bibliya”ya görə, İsa doğulduğu zaman Məryam başqa bir əşyası olmadığından övladını axura - ev heyvanlarınınyemləmək qutusuna qoyub.

 

Meydanın əks tərəfində, 19-cu əsrdə tikilmiş və hazırda fəaliyyət göstərən təkminarəli Ömər məscidi yerləşir. Bu İslam tikilisi Betlehəmin qədim hissəsində olan yeganə məsciddir. Betlehəmin qədim hissəsinin əhalisinin əksəri xristianlar, xüsusilə də pravoslavlardır. Rəvayətə görə, xəlifə Ömər Yerusəlimi ələ keçirdikdən sonra Betlehəmdə xristianların və onların müqəddəs yerlərinin təhlükəsizliyinə təminat vermək məqəsədilə bura gəlib və hazırda məscidin yerləşdiyi yerdə namaz qılıb.

 

Betlehəmdən sonra Yerusəlimə (Qüds) qayıtmaq üçün taksi ilə buraxılış məntəqəsinə gəldim. Hazırda İsrail ilə İordan çayının qərb sahili arasında olan ərazilərin müəyyən hissəsində sərhəd səddi mövcuddur. İsrail tərəfindən bu səddin çəkilməsi bir sıra dövlətlər tərəfindən tənqid edilib. Bu səddin böyük hissəsi metal çəpərdən, bir hissəsi isə hündür beton divardan ibarətdir. Bu səddin çəkilməsinin əsas məqsədi terror aktlarından qorunma, ölkənin yəhudi və ərəb əhalisi arasında toqquşmaların qarşısının alınmasıdır. Uzun, qapalı və dar dəhlizdən sonra sərhəd buraxılış məntəqəsindən keçərək Fələstin ərazinini tərk etdim...

 

(Davamı növbəti yazıda)

 

P.S. İsrailə səfərlə bağlı bəzi videoları m_elnur1975 Youtube kanalımda izləyə bilərsiniz. Bəyənsəniz, abunə olmağı da unutmayın.

 

Elnur Məmmədli,

xüsusi olaraq AYNA üçün

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      29 Yanvar 2021 23:06
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin