Müəllimlərin diqqətinə!

Müəllimlərin diqqətinə!

İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər

 

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. AYNA Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

 

Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər.

 

Həmçinin, ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.

Müəllif: Ayna.az      20 İyun 2019 13:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin