Zərdüşt peyğəmbərin dövrü, vətəni və etnik mənsubiyyəti haqqında - Professor açıqlayır

Zərdüşt peyğəmbərin dövrü, vətəni və etnik mənsubiyyəti haqqında -       Professor açıqlayır

"Zərdüşt sak olubdur"

 

"Bəşəriyyət tarixində çox mühüm rol oynamış Zərdüşt barədə dünya hümanitar elmləri hələ 18-ci əsrdən ciddi araşdırmalar aparmağa başlasa da, sərlövhədə qeyd edilən mühüm məsələlərdən heç biri indiyədək öz elmi həllini tapmayıbdır". AYNA xəbər verir ki, bu fikirləri professor, filologiya elmləri doktoru Kamil Allahyarov bildirib.

 

Professorun sözlərinə görə: "Məhz bu qeyri-müəyyənlik nəticəsində də bütün dünyada Zərdüşt mexaniki surətdə fars hesab edilir. Ancaq Avestanın ən qədim hissəsi olan və Zərdüştün öz dilindən çıxmış Qatlarda onun vətəni barədə bəzi məlumatlar öz əksini tapıbdır. Bu məlumatlara əsasən Zərdüşt onun təlimini rədd edən həmvətənləri tərəfindən qovulduqdan sonra Viştaspanın ölkəsinə gəlir və burada Viştaspa onun dinini qəbul edir. Ancaq nə Zərdüştün vətəninin, nə də Viştaspanın ölkəsinin adı çəkilir. Bəşəriyyət tarixindəki ilk real peyğəmbərin vətəninin yalnız bəzi əlamətləri sadalanır. Burada müqəddəs dünya dənizi vardır ki, ona yüzlərlə çay tökülür, biri isə ondan kənara axır. Bu dənizi əhatə edən Berezayti dağı bütün uzunu boyu mağaralarla müşahidə olunur. Burada qış çox uzun olur və sərt keçir. Yazda çaylar məcrasından çıxıb, ətrafı basır və s. Bütün bu əlamətləri biz Baykalyanı ərazilərdə görürük: Baykala 400-ə yaxın çay tökülür, Anqara isə ondan kənara axır, mağaralar silsiləsinə malik Berezayti dağı indi Bərquzin, Ranqa çayı indi Renqa adlanır və s. Viştapsanın adına isə e.ə. 6-cı əsrdə Dara tərəfindən yazdırılmış Behistun kitabələrində rast gəlirik və burada Dara öz atası Viştaspanın Orta Asiyada canişin olmasını yazır. Baykalyanı ərazilər isə o zaman skif-sak aləminin şərqdəki mərkəzi idi. Buradan da aydın olur ki, Zərdüşt sak olubdur".

 

Kamil Allahyarov avropalıların hansı məqamda yanılmasına da aydınlıq gətirib: "Zərdüştilik dininə əsasən, o, e.ə. 6-cı əsrdə yaşayıbdır. Ancaq Zərdüştü fars hesab edən Avropa şərqşünasları Qatların dilini Daranın kitabələri ilə müqayisə edəndə görürlər ki, bunlar eyni dil deyil, qohum olsalar da aralarında çox ciddi fərqlər var. Bu fərqlərin səbəblərini isə onlar belə izah edirlər ki, yəqin Zərdüşt 1000-1500 il Daradan əvvəl yaşayıbdır. Farslar da belə hesab edirlər. Halbuki, fərqlərin səbəbi Qatların sak dilində olmasıdır".

 

"Mən bilirəm ki, bəzi dostlar yenidən mənimlə mübahisəyə başlayacaqlar. Ona görə bunu da qeyd etməyə məcburam ki, keçən il mən bu məqaləni Sankt-Peterburqda çıxan bir məcmuəyə göndərmişdim. Məqalə rəy üçün zərdüştilik sahəsındə dünyada tanınmış mütəxəssis olan və Avestanı qədim ölü dildən rus dilinə çevirən akademik İ.M. Steblin-Kamenskiyə verilmişdi. Akademikin rəyi əsasında məqalə oradakı iki mühüm məcmuədə çap olunmuşdur" - deyə, professor bildirib.

 

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yakın çekim

Müəllif: Ayna.az      27 Avqust 2019 07:49
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin