Əsas səhifə Haqqımızda Xəbər lenti

Çarəsizlik, humanitar fəlakət və dəyişməyə məhkum olan zehniyyət...

Çarəsizlik, humanitar fəlakət və dəyişməyə məhkum olan zehniyyət...

Azərbaycan və Türkiyə ilə informasiya müharibəsi Ermənistan rəhbərliyinə humanitar fəlakətin rəsmiləşdirilməsinə kömək edir

 

Məlum olduğu kimi, Ermənistanda 1 yanvar tarixindən etibarən türk mallarına qoyulan qadağa qüvvəyə minib. Hələ ki, altı ay müddətinə, lakin Ermənistan Respublikasının iqtisadiyyat naziri Vaan Kerobyanın bu yaxınlarda bildirdiyi kimi, departament bunun uzadılması təklifi ilə çıxış etmək niyyətindədir.

 

Çox güman ki, bu qərar düşüncəsiz, emosiyaların təsirində, ümidsizlikdən və ya qəzəbdən alınıb. Axı, müharibədən əvvəl Türkiyə ilə işləyən, orada hər cür alış-veriş edən Ermənistandakı bütün biznes çökəcək. Qonşulardan başqa kimdən nə alacaq ki, Ermənistan? Bölgəmizdə, Türkiyə insan həyatının hər sahəsi üçün keyfiyyətli mallar istehsal edən yeganə ölkədir. İran malları keyfiyyət baxımından çox aşağıdır. Gürcüstan və Azərbaycan, bəzi qida məhsullarından başqa, ixrac üçün xüsusilə vacib bir şey istehsal etmir.

 

Bəs, o zaman ölkəyə mal göndərən erməni biznesmenləri əhalinin hansı təbəqəsinə yönələcəklər? Bu qərar, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və bölgədəki iqtisadi əlaqələrin bərpasına ehtiva edən 10 noyabr Üçlü Bəyanatı fonunda daha qəribə görünür. Həm Ərdoğan, həm də Çavuşoğlu, artıq iqtisadi əməkdaşlıq da daxil olmaqla, Ermənistanla normal münasibətlər qurmağa yalnız sevinəcəklərini söylədilər. Belə çıxır ki, Ermənistanın məlum qərarı, bir növ özünü məhv etməkdir.

 

Ermənistan hökumətinin belə bir qərarı necə izah edilə bilər və bu, hansı nəticələrə səbəb ola bilər? Bəlkə də, bir müddət sonra İrəvanda bu vəziyyətin çıxmaz olduğunu başa düşərək sakitcə onu inkar etməyə çalışacaqlar.

 

AYNA mövzu ətrafında əcnəbi ekspertlərlə həmsöhbət olub.

 

Məşhur erməni ictimai xadimi, “Tekali” Assosasiyasının sədri Georgi Vanyan:

No description available.

“Ermənistan hazırda iki böhran yaşayır - ideoloji və iqtisadi. İdeoloji, əlbəttə ki, var. Döyüşlər zamanı təbliğatçılarımız soyqırımı proqramının həyata keçirildiyini iddia etdilər və məlum oldu ki, 10 noyabrda, səhər hər bir erməni vətəni üçün canını verməli idisə, axşam isə artıq Azərbaycanla ticarət-iqtisadi əlaqələr qurmaq lazım idi. Dəmir siyasi iradə və dünya ictimaiyyətinin şübhəsiz dəstəyi olduğu halda, belə bir sıçrayışı təsəvvür etmək çətindir. İndi nə biri var, nə də digəri. Yalnız döyüşlərin qarşısını almaq və az ümid verən minalardan təmizləmək tapşırıqları yerinə yetirilir.

 

Türk mallarına qoyulan qadağa, informasiya meydanında ətalətli qarşıdurmanın bir təzahürüdür. Anladığım kimi, səlahiyyətlilərimiz (və ya bəlkə onların kuratorları) risklərini hesablayıblar. Birincisi, nə qədər pisdirsə, o qədər yaxşıdır prinsipi səsləndiyi qədər axmaq görünmür. Milliyyətçi ölkəmizdə səlahiyyətlilər dəfələrlə insanlara kəmərlərini bərk sıxmaq üçün müraciət etdilər. İqtisadi böhran, qlobal iqtisadiyyatın bütün analitiklərinin vəd etdiyi kimi, hələ irəlidədir.

 

Ermənistan məsələsində isə bunun necə olacağı, onsuz da aydındır: kasıblar daha da kasıblaşacaq, varlılar daha da varlanacaqlar. Siyasi cəhətdən aktiv olan orta sinif sıradan çıxacaq. İnsanlar keyfiyyətli Türkiyə mallarının olmaması ilə maraqlanmayacaq, sadəcə, nə yolla olursa olsun, yaşamaq məcburiyyətində qalacaqlar.

 

Türkiyə ilə ticarətdən alınan gəlirin əsas payının oliqarxların cibinə getdiyi də nəzərə alınmalıdır. Kiçik müəssisələr, onsuz da ən yaxşı vəziyyətdə deyildi. Beləliklə, bəlkə də bu “öz-özünə embarqo”nun başqa gizli mənaları da var. Yenə də bu, yalnız mənim təxminimdir, amma gördüyüm kimi, Ermənistanda Rusiya biznesinə tam iqtisadi yenidən yönəlmə prosesləri var. Eyni zamanda, strateji tərəfdaşlarımız həmişə olduğu kimi: “Pul yoxdur, amma siz bərk dayanın” deyirlər.

 

Yəni, bu mərhələdə Ermənistan rəhbərliyinin Türkiyə və Azərbaycanla informasiya müharibəsini bağlaması heç bir məna daşımır, çünki bu “humanitar fəlakəti” rəsmiləşdirməyə və Qərbdən kömək dilənməyə kömək edir. Türk mallarına qoyulan “vətənpərvər” qadağa isə bahalaşmanı, kiçik sahibkarlığın məhv olmasını və istənilən məsələni əsaslandıra biləcək bir “problem” yaradır.

 

Və nəticədə unutmamalıyıq ki, hər hansı bir bürokratik addımı adlatmaq üçün boşluqları var və bu boşluqlardan keçmə mexanizmi, yalnız çox məhdud sayda iş adamı üçün mövcuddur. Uzunmüddətli perspektivdə Ermənistan hakimiyyətinin bu qərarının dalana aparması ilə razıyam. Ancaq hələ divara tam dirənməyiblər. Erməni siyasətinin dalan nöqtəsi, yalnız bölgənin iqtisadi blokdan çıxarılması ilə bağlı gözəl sözlər yerinə yetirildikdə aydın olacaq.

 

Putin Rusiyasının Sazişin bu məqamının birbaşa həyata keçirilməsini düşündüyünə şübhə edirəm, söhbət iqtisadi əlaqələrin liberallaşdırılmasından daha çox güclü nəzarətdən gedir. Beləliklə, Ermənistan təhlükəsiz olaraq, amma çıxılmaz vəziyyətdə qala bilər. Bu bədbin proqnozu verirəm, amma eyni zamanda gələcəyi dəyişə biləcək istənilən kiçik resursu dəstəkləmək üçün əlimdən gələni edirəm və etməyə çalışacağam. Bu resurs iki xalqın təhlükəsiz yaşamaq maraqlarından ibarətdir”.

 

Rusiya Elmlər Akademiyasının Yevgeni Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAN) Post-Sovet Araşdırmaları Mərkəzinın Orta Asiya Sektorunun baş elmi işçisi Stanislav Pritçin:

Stanislav Pritçin: “Ölkələrimiz üçün ciddi iqtisadi fəsadlar yarana bilər”

“Əlbəttə ki, Qarabağ münaqişəsinin nəticələrinin hazırkı mərhələsində erməni cəmiyyətinin qavrayışında heç bir emosional və praqmatik tarazlıq yoxdur. İndi onlar üçün İkinci Qarabağ müharibəsinin nəticəsinə praqmatik baxmaq çox çətindir.

 

Bu səbəbdən, hər halda, reallığın mənfi qavranılması və Ermənistan üçün, iqtisadiyyatı üçün üfüqdə həqiqətən mövcud ola biləcək ən kiçik müsbət məqamların belə, inkar edilməsi üstünlük təşkil edir. Burada psixoloji məqam vacibdir.

 

Və bu məqamın yalnız Türkiyə ilə deyil, həm də Azərbaycanla əlaqədar yayılması aydındır. Buna görə, sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpası və Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə münasibətlərdə maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı işlərin perspektivləri belə - bütün bu məqamlar hələ də qeyri-real, tamamilə əhəmiyyətsiz bir məqam kimi inkar olunur.

 

Ancaq bunun müvəqqəti bir amil olduğunu düşünürəm. Çünki tədricən bütün bunlar praktik olaraq həyata keçiriləcək və insanlar üçün Qarabağ münaqişəsinin mənfi gedişatı olmasına baxmayaraq, həyatlarında real dəyişikliklər görəcəklər”.

Müəllif: Rauf Orucov      25 Yanvar 2021 13:16
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin