Əsas səhifə Haqqımızda Xəbər lenti

İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi

İki türk dövlətinin “Dostluq”u: Daha bir qala fəth edildi

Azərbaycanla Türkmənistan arasında əldə olunmuş razılaşma yeni perspektivlər vəd edir

 

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş zamanı imzalanıb. Sənədi Azərbaycan və Türkmənistan xarici işlər nazirləri imzalayıb.

 

Qeyd edək ki, bu günə qədər Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb. “Dostluq” 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacarıb.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son razılaşmanı AYNA-ya şərh edərkən deyib ki, Memorandum hər iki ölkə üçün faydalı olacaq: “Çox təəssüf ki, Azərbaycanla Türkmənistan arasında Xəzərin statusu və “Dostluq” yatağı uzun illər mübahisə predmeti oldu və mübahisə iki ölkə arasında 25 il davam etdi. Lakin son bir neçə ildə Bakı ilə Aşqabad arasında danışıqlar intensivləşdi və Bakı Aşqabada Xəzərdəki sözügedən yatağın birgə istismar edilməsini təklif etdi. Nəhayət, Aşqabad da bu formulla razılaşdı. Ona görə də iki ölkə arasında imzalanan Memorandum çox mühüm bir hadisədir. Hətta, danışıqların məxfi aparılması da xüsusi diqqət çəkdi ki, bu da çox güman, kənar qüvvələrin prosesə mane olmasının qarşısını almaq üçün idi. Çünki həmin qüvvələr Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına pozitiv yanaşmırlar”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

“Nəhayət, son razılaşmaya əsasən, Azərbaycan və Türkmənistan bu yatağı birgə işlədəcək və əməkdaşlıq edəcək. Həmçinin, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək. Bununla yanaşı, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizindəki sərhədlərini də müəyyənləşdirə bilər ki, bu da iki ölkə arasındakı əsas mübahisənin həll edilməsi üçün vacib əhəmiyyət kəsb edir. Xəzərin statusu ilə bağlı sənədin imzalanmasından sonra da Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin inşasına dair danışıqlara da başlaya bilərlər ki, bu da hər iki ölkənin xeyrinə olar. Çünki Azərbaycanın Rusiya və Qazaxıstanla sərhədi bölüşdürməsi ilə bağlı anlaşması olsa da, Türkmənistanla belə bir anlaşması yoxdur. Ona görə də bundan sonra Xəzərin dibi ilə Türkmənistanla Azərbaycan arasında boru xətti tikilə bilər ki, nəticədə Türkmənistan öz qazını Azərbaycan və Türkiyə vasitəsi ilə Avropaya daşıya bilər. Düzdür, Azərbaycan onsuz da öz qazını Avropaya satmağa başlayıb, amma Türkmənistan da bu xəttə qoşulmaq istəyir ki, qazanc əldə eləsin və nəql ediləcək qazın həcmini daha da artırsın. Bu da Azərbaycanın bölgədəki yerini və rolunu atrırmağa zəmin yaradacaq”, - deyə politoloq bildirib.

 

Şahinoğlu iki ölkə arasında dostluq modelinə zəmin yaradan proseslərə də toxunub: “Bu zəmin ona görə yarandı ki, bu, hər şeydən əvvəl Türkmənistanın xeyrinədir. Çünki Türkmənistan gördü ki, Azərbaycan öz qazını artıq Avropaya çatdırır, amma Türkmənistan Rusiya və İran vasitəsi ilə öz qazını ötürür və bu xətlərdə də probemlər yaşanır. Buna görə də Türkmənistan şaxələnməyə təkan verdi və üstəlik, Avropa da türkmən qazında maraqlıdır. Düzdür, Türkmənistan vaxtı ilə Avropaya qazı, məhz onların sərhədindən almağı təklif etsə də, bu, mümkün deyildi. Çünki bunun üçün boru xətti olmalı idi ki, qazı da ala bilsinlər. Ona görə də bu ortaq yataqla bağlı layihənin imzalanması Türkmənistanın da xeyrinədir”.

 

“Həmin yataqdan çıxarılacaq qaz və neft isə Azərbaycan üzərindən Avropaya daşınacaq ki, bu da Avorpa üçün ilk olacaq və nəticədə türkmən qazını almağa başlayacaqlar. Sonrakı mərhələdə isə Xəzərin dibi ilə boru xəttinin inşa ediləcəyi təqdirdə, Türkmənistan artıq öz qazını üçüncü istiqamət üzrə daha imkanlı alıcılarına çatdıra biləcək”, - analitik vurğulayıb.

 

İqtisadçı-ekspert Rəşad Həsənov da AYNA-ya açıqlamasında, Türkmənistan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etməsi üçün kifayət qədər ciddi çağırışların olduğuna diqqət çəkib: “Xüsusi ilə də Türkmənistanın bu istiqamətdə ehtiyacları daha çoxdur. Türkmənistan gələcəkdə öz enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində şaxələnmiş marşrutlara ehtiyac duyacaq və digər məhsullarını da dünya bazarlarına çıxarmaq istəyəcəksə, bunun üçün Azərbaycana ehtiyacı var. Çünki Azərbaycan əsas alternativlərdən biri kimi öz variantlarını təklif edə bilər və bu istiqamətdə də ilkin müzakirələrin aparıldığını düşünürəm”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

“Başqa bir məsələ isə ondan ibarətdir ki, Türkmənistan alıcılıq gücü aşağı olan ölkədir və Azərbaycan kimi nisbətən aşağı keyfiyyətli məhsul istehsalçısı olan ölkələr Türkmənistan üçün məhsullarını daha aşağı qiymətə cəlb edilməsi baxımından vacib bazarlardan biridir. Həmçinin, ən ucuz nəqliyyat növü hesab edilən dəniz nəqliyyat növü məhsulların daşınmasında müqayisəli dərəcədə üstünlük yaradır deyə, başqa ölkələrə nisbətən Türkmənistan aspektindən Azərbaycan üçün üstünlük yaradır, yaxud da əksinə”, - deyə ekspert vurğulayıb.

 

Həsənovun sözlərinə görə, son illərdə Azərbaycan türkmənlər üçün yeni turizm bazarına çevrilir: “Məlum olduğu kimi, Türkmənistandan Azərbaycana gələn turist sayı artıb və ildən-ilə də artmaqda davam edir. Lakin bir problem var ki, Türkmənistan Azərbaycandan hava uçuşlarına məhdudiyyət tətbiq edir və bu məhdudiyyətlərin olması hava nəqliyyatı ilə sərnişindaşımanın liberallaşadırılması istiqamətində maneələrə, eyni zamanda dəniz nəqliyyatı ilə daşımalar istiqamətində prolemlərə səbəb olur. Xüsusi ilə də Türkmənistan tərəfindən yaradılan bu probemlərin aradan qalxması üçün sözügedən razılaşma Azərbaycan üçün də müəyyən avantajlar formalaşdırır. Çünki türkmənlər Azərbaycana səfər etməyə, istirahətə gəlməyə meyillidir və Azərbaycanı turizm destinasiyası kimi görürülər”.

 

“Bunun üçün də əlverişli mühitin yaradılması imkanları mövcuddur. Hesab edirəm ki, bu narazılığın aradan qalxması da qeyd edilən bütün istiqamətlərdə olduğu kimi, bu sahələrdə də tərəflər arasında müəyyən razılaşmanın olmasına gətirib çıxara bilər və ikitərəfli münasibətlər daha konstruktiv məcraya daxil ola bilər. Bundan da hər iki ölkə kifayət qədər böyük qazanclar əldə edə bilər”, - iqtisadçı qeyd edib.

 

Ö növbəsində, siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov AYNA-ya deyib ki, sözügedən sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox vacib rol oynayacaq: “Eyni zamanda, bölgə üçün yeni geoiqtisadi perspektivlər açacaq. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Bu layihə Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, onun tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək”.

Zaur Məmmədov: “Post-koronavirus dövründə iqtisadi müharibə davam edəcək”

“Hələ bir müddət əvvəl Azərbaycan və Türkmənistan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş NABUCCO qaz kəməri layihəsi uzun müddət idi ki, müzakirə predmetinə çevrilmişdi. Həmin vaxt 250 milyon avro dəyərində qiymətləndirilən layihə Avropa İttifaqındakı bəzi liderlərin prinsipiallıq nümayiş etdirməməsi səbəbindən reallaşmadı. Nəticədə, Azərbaycan region ətrafında baş qaldıran riskləri və Avropanın o zaman Türkmənistana siyasi-iqtisadi dəstəyinin lazımi səviyyədə olmamasını nəzərə alaraq, digər layihə üzərində dayandı. 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı”, - analitik bildirib.

 

“Daha sonra, 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Nəticədə, bu gün Azərbaycan qazı Avropanın mərkəzlərindən sayılan İtaliyaya qədər nəql olunur. Bu dəfə isə Azərbaycan və Türkmənistan birgə istismar edəcəyi “Dostluq” yatağı vasitəsilə Avropanın enerji təhlükəsizliyində növbəti uğurlu layihəyə imza atmış olacaq. Nəticədə, neft və qaz ixracatçısı olan Azərbaycanın, həm enerji resurslarının sahibi kimi, həm də tranzit ölkəsi kimi Avrasiyadakı əhəmiyyəti bir qədər də artacaq”, - deyə Məmmədov vurğulayıb.

 

Politoloq əlavə edib ki, Bakı ilə Aşqabad arasında son illər ərzində iqtisadi sahədə əldə edilən nailiyyətlər, avtomatik olaraq iki türk dövlətini türk coğrafiyasına daha da sıx birləşdirən faktor kimi çıxış edəcək: “44  günlük müharibənin nəticəsi kimi Zəngəzur vasitəsilə ilə türk dövlətlərinin birləşməsi də türkdilli xalqların tarixi coğrafiyalarının bərpa edildiyinin göstəricisidir. Beləliklə, Azərbaycan və Türkmənistan arasında imzalanmış Memorandum həm də iki dövlət arasındakı dostluğun nümunəsidir. Sənədin imzalanması iki dövlətin iqtisadi potensiallarını artırmaqla yanaşı, Bakı ilə Aşqabad arasında iqtisadi əməkdaşlığa da yeni təkan verir və hər iki ölkənin beynəlxalq və regional əhəmiyyətini daha da artırır. Ona görə də bu sənəd həm də siyasi, mənəvi və tarixi baxımdan da mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Mərahim Nəsib      24 Yanvar 2021 14:18
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin