Əsas səhifə Haqqımızda Xəbər lenti

Təhsil naziri tədrisin bərpası ilə bağlı suallara aydınlıq gətirdi

Təhsil naziri tədrisin bərpası ilə bağlı suallara aydınlıq gətirdi

Emin Əmrullayev mətbuat konfransı keçirib

 

Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair mətbuat konfransı keçirib və tədrislə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

 

AYNA-nın xəbərinə görə, nazir deyib ki, böyük şəhərlərdə həftədə üç dəfə olmaqla, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olmaqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib: “Fevral ayın 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsil müəssisələrinin qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir”.

 

“Bakı şəhərində metronun fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərdə təhsilin əyani formada təşkili daha məqsədəuyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”, - deyə Əmrullayev xatırladıb.

 

Nazir bildirib ki, bölgələrdə ənənəvi tədrisin bərpası ilə bağlı daha sürətli açılmalara gedilə bilər: “Amma bu, yoluxma hallarının daha az riskli olması ilə bağlıdır. Əlbəttə, təhsil müəssisələrinin açılması düzgün və vaxtında edilmirsə, qısa müddətdə qapanmalara qayıdıla bilər. Məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formada əyani təhsilə qaytarmaqdır”.

 

“Dərslərin həftədə 3 dəfə keçirilməsi zərurətdən irəli gəlir. İstər siniflərin və məktəblərin ölçüsü, istər müəllimlərin sayı və maddi texniki baza baxımından siniflər bölündüyü üçün həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Belə olanda məktəbi dördnövbəli edə bilmirik. V-IX siniflər əyani təhsilə keçəndə daha çox sıxlıq olacaq”, - nazir vurğulayıb.

 

E.Əmrullayev bir daha qeyd edib ki, koronavirusla bağlı vəziyyət yaxşılarsa, ənənəvi təhsilə keçid daha da sürətli ola bilər: “Azərbaycanda 85 min 600 sinifdən 49 minində, yəni, 57 faizində şagird sayı 20-dən azdır. Digər 20 min məktəbdə 21-25 nəfər arasındadır. Orta hesabla 80 faiz şagirdimiz sinifdə 25 və daha az uşaqla oturur. 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir ki, bu da 0,4 faizdir. Bu siniflərdə 0,9 faiz şagird oxuyur. Bizim həmin siniflərdə ciddi problemimiz olacaq. Həftədə 3 dəfə hibrid model mənim və ya həmkarımın yaradıcı təfəkkürü deyil, üzləşdiyimiz vəziyyətlə bağlıdır”.

Müəllif: Ayna.az      22 Yanvar 2021 12:45
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin