Əsas səhifə Haqqımızda Xəbər lenti

Liviyada həbsdə olan azərbaycanlılar ölkəmizə qaytarılıblar

Liviyada həbsdə olan azərbaycanlılar ölkəmizə qaytarılıblar

XİN: “Gəminin matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib”

 

Liviya dövlətində həbsdə olan vətəndaşlarımız Elmixan Bağırov və Əliağa Babayev yanvarın 21-də Vətənə qaytarılıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, 2016-cı ilin mart ayında Türkiyədə qeydiyyatda olan şirkətə məxsus və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya dövlətinin sahil qüvvələri tərəfindən saxlanılıb və üçü Azərbaycan Respublikası vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə beş il müddətinə həbs olunublar: “Əfsuslar olsun ki, gəminin matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib. Həbsdə olan vətəndaşlarımızın - gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayevin ölkəyə geri qaytarılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Liviya Baş Prokurorluğunun 29 dekabr 2020-ci il tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər”.

 

“Vətəndaşlarımızın təcili təxliyyəsi üçün Xarici İşlər Nazirliyi və Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində Elmixan Bağırov və Əliağa Babayevin 2021-ci ilin 21 yanvar tarixində Tripoli-İstanbul-Bakı reysi ilə Vətənə geri qayıtması mümkün olub. Təxliyyə prosesi Türkiyə Respublikası və Liviya dövlətinin yardımı, Ukraynanın əlaqələndirici fəaliyyəti və gəmi şirkətinin dəstəyi nəticəsində həyata keçirilib”, - deyə XİN-dən bildirilib.

Müəllif: Ayna.az      21 Yanvar 2021 12:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin