Əsas səhifə Haqqımızda Xəbər lenti

Unudulmuş 60-a yaxın müəssisə, 40 minə yaxın insan...

Unudulmuş 60-a yaxın müəssisə, 40 minə yaxın insan...

“Şikayət baxımından kolleclər öndə olsa da, onların səsi demək olar ki, eşidilmir”

 

Təhsil müəssisələrində tədrisin keyfiyyətindən danışarkən, çox vaxt diqqət ali təhsil müəssisələrinə yönəlir, kolleclər isə diqqətdən kənarda qalır. Halbuki, ölkəmizdə 60-a yaxın kollec var və onlarda 40 minə yaxın tələbə təhsil alır.

 

Təhsil qanunvericiliyinə əsasən, orta ixtisas təhsili müəssisələrinin növü kollecdir. Kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Orta ixtisas təhsili müəssisələrinin hüquqi ünvanı onların hər birinin nizamnaməsində göstərilir. Kolleclərə qəbul həm 9-cu, həm də 11-ci sinif bazasından həyata keçirilir.

 

AYNA təhsil ekspertləri ilə kolleclərin problemləri barədə həmsöhbət olub.

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti  öz müsbət nəticələrini göstərəcək…”

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov kolleclərdə tədrisin keyfiyyətinin aşağı olması və bundan qaynaqlanaraq kolleclərə ehtiyac olub-olmaması barədə cəmiyətdə yaranmış suala belə münasibət bildirib: “Hansısa kollecdə təhsilin keyfiyyətinin aşağı olması, bununla əlaqədar müəyyən şikayət və narazılıqların yaranması, “Ümumilikdə kolleclərin fəaliyyətinə nə ehtiyac var?” kimi sualların ortalığa atılması üçün yetərli əsas ola bilməz. Habelə, Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququnun verilməsi heç də kolleclərin ləğvi anlamına gəlmir. Sadəcə, təhsil müəssisəsi ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirən hüquqi şəxs statusuna malik olmaqla yanaşı, həm də orta ixtisas təhsili verən ali təhsil müəssisəsi statusu alır. Bu, təbiidir, çünki hər kəsin öz düşüncə tərzi olduğu kimi, bu məsələnin mahiyyətinə yanaşması da fərqlidir. Məsələn, necə ki, bəzi dövlət təhsil müəssisələrinə standartlardan əlavə tədris edilən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququnun verilməsi, bir çoxları tərəfindən dövlət təhsil müəssisələrinin pullu olması barədə fikir yaratdı. Halbuki, hüququn verilməsi heç də dövlət təhsil müəssisələrinin pullu olması demək deyil”.

 

Ekspertin sözlərinə görə, vaxtilə kolleclərdə tədrisin keyfiyyəti barədə gedən müzakirələrdən sonra, beynəlxalq ənənədən faydalanaraq kolleclər universitetlərin nəzdinə keçirilib: “Düzdür, müstəqilliyimizin ilk illərində ölkəmizin sosial-iqtisadi və digər sahələrində olduğu kimi, təhsil sferasında da yaranan boşluqlardan istifadə edilərək, peşəkar kadr patensialına, heç bir maddi-texniki bazaya, lazımi infrastruktura malik olmayan kolleclərin yaradılmasına müəyyən dərəcədə göz yumuldu. Vəziyyət o yerə çatdı ki, 90-cı illərin sonunda kolleclərin sayı ali məktəblərin sayını üstələyərək 60-ı ötmüşdü. Bu isə sosial mediada “Kolleclər Sovetdən qalma texnikumların varisləridir”, “Paytaxt və regionlarda çox sayda universitetlər olduğu halda kolleclərin yaradılmasına nə ehtiyac var?”, “Oraya qoyulan xərc texniki peşə məktəblərinə sərf edilərsə, daha yaxşı olar” və s. kimi kolleclərin bağlanmasına yönəlik çağırış xarakterli fikirlər belə, səsləndirilməyə əsas vermişdi. Kolleclərin müasir bazar münasibətlərində rəqabət qabiliyyətli olmaması əsas səbəblər sırasında göstərilirdi”.

 

“Vəziyyətdən çıxış yolu kimi beynəlxalq təcrübə nəzərə alındı. Belə ki, dünyanın aparıcı univeristetlərinin tərkibində kolleclərin fəaliyyət göstərməsi ənənəsi var. Hətta, həmin kolleclərin təhsil proqramları da nəzdində yerləşdikləri ali məktəblərin proqramlarına yaxındır. Bu isə kollecdə oxuyan tələbələrin daha yaxşı təhsil almasına gətirib çıxarır. Azərbaycan təhsilində də bu təcrübəyə keçid edilib. Belə ki, ölkəmizdə kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi prosesinə başlanılıb. Məsələn, Azərbaycan Maliyyə-İqtisad Kollecinin UNEC-in, Azərbaycan Dövlət Pedaqoji Kollecin ADPU-nun nəzdində fəaliyyət göstərməsi buna misal ola bilər”, - İsrafilov bildirib.

 

Onun dediyinə görə, dəyişiklikdə konkret şəkildə vurğulanıb ki, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər: “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, bakalavriatı başa vurmayanların öz arzusu ilə universitetin orta ixtisas təhsili pilləsinə köçürülməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunan qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşib. Həmin şərtlərə əsasən, respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olan bakalavrlar ali təhsil müəssisələrinə müəyyən ixtisaslara imtahansız qəbul oluna biləcəklər. Hamının maraqla qarşıladığı başqa bir bənd isə kollec məzunları olan subbakalavrlara da universitetlərə müsabiqəsiz qəbulun şamil edilməsidir. Yəni kollec (əvvəlki adı ilə “texnikum”) bitirən subbakalavrlar məzun olduqları ixtisaslara uyğun olaraq, universitetlərə imtahansız qəbul oluna biləcəklər”.

 

Həmsöhbətimiz qeyd edib ki, müəyyən problemlər təkcə kolleclərlə məhdudlaşmır: “Hesab edirəm ki, bu qəbildən olan bir-birini təkrarlayan çoxprofilli universitetlərdə də ixtisasların sayı məhdudlaşdırmalı, məqsəd və vəzifələri konkretləşdirilməlidir. Bu, onların nüfuzuna və daha konkret sahə üzrə profilləşib, tanınmasına da öz müsbət təsirini göstərə bilər. Eyni profilli universitetlərin birləşdirilməsi, kolleclərin isə müvafiq universitetlərin tərkibinə verilməsi istiqamətində rasionallaşdırma və optimallaşdırma prosesi davam etdirilməlidir. Bu, həm də vahid mərkəzdən idarə etmə və nəzarət mexanizminin daha səmərəli, işlək vəziyyətə gətirilməsinə zəmin yaradar. Başqa sözlə, bir-birini təkrarlayan, lazımi maddi-texniki bazaya, müvafiq infrastruktura, peşəkar pedaqoji potensiala malik olmayan, sağlam rəqabətə davam gətirməyən kolleclərin bağlanması, eyni ixtisasdan olanların isə ali məktəblərin nəzdində fəaliyyət göstərməsi qaçılmazdır. Son illərdə bu istiqamətdə xeyli işlər görülsə də, paralellik baxımından paytaxtda və bölgələrdə səmərəsiz təkrarçılıq halları istisna deyil”.

 

“Yəqin ki, Təhsil Nazirliyinin tabeliyində olan, Akkreditasiya və Nostrifikasiya İdarəsi bazasında yenidən formalaşdırılan, məqsədi Azərbaycan Respublikasında effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etməkdən ibarət olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyətinin keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcəyi halda, təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə rəy verərkən bu və digər məqamları nəzərə alacaq”, - deyə İsrafilov fikrini yekunlaşdırıb.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Təhsil eksperti Kamran Əsədov hazırda kolleclərə lazımi diqqət yetirilmədiyi qənaətindədir: “Bu gün ölkəmizdə 60-a yaxın kollec var və 40 minə yaxın tələbə təhsil alır. Lakin təəssüf ki, bu gün bizim kolleclərimiz tamamilə nəzarətdən kənarda qalıb. Orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazası, kadr hazırlığı, əmək bazarının tələblərinə cavab verib-verməməsi yoxlanıb ölçülmür”.

 

Kolleclərdə imtahan prosesi ilə bağlı problemlərə toxunan ekspert çoxlu şikayətlər aldıqlarını deyib: “Kolleclərlə bağlı ən ciddi problem onların imtahan sessiyalarındandır. Bizə də orta ixtisas təhsil müəssisələrindən çox ciddi şikayətlər daxil olur. Şikayətlərin daxil olduğu kolleclər arasında ən çox Bakı Avrasiya Kollecidir. Orada imtahanların sayı 9 və daha artıqdır. Bu da normal imtahan vermək üçün çox yüksək saydır. Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Humanitar Kollecindən də şikayətlər alırıq. İmtahanın gedişi ilə bağlı narazılıqlar eşidirik. Tələbələr oxuyub özləri qiymət almaqda çətinlik çəkirlər. Müəllimlər tələbələrin biliyini qiymətləndirərkən subyektiv amillərə, şəxsi maraqlarına daha çox önəm verirlər. Bu, hesab edirəm ki, yaxşı hal deyil”.

 

“Ümumiyyətlə, biz təhsil islahatı deyərkən təəssüf ki, ali təhsil bazasını nəzərdə tuturuq. Amma əmək bazarına hər il 20 minə yaxın şəxsin məhz orta ixtisas müəssisəsindən daxil olduğunu nəzərə alsaq, bu pillədə təhsili xüsusi ciddiyə almalıyıq”, - müsahibimiz vurğulayıb.

 

Kamran Əsədov yekun olaraq bildirib ki, təhsilin bu pilləsində ciddi islahatlara ehtiyac var: “Şikayət baxımından kolleclər öndə olsa da, onların səsi demək olar ki, eşidilmir. Kolleclərin idarə edilməsi, imtahanların keçirilməsi ilə bağlı şəffaflıq yoxdur. Birmənalı şəkildə bu, belədir. Həm ixtisasların, həm tədrisin keyfiyyəti baxımından təhsilin bu pilləsində çox ciddi islahatlara ehtiyac var. Kolleclərin maddi-texniki bazası çox zəifdir, elektron kitabxana, ədəbiyyat siyahısı demək olar ki yoxdur. Kolleclərdə dərs deyən, kollecləri idarə edən şəxslərin bir çox hallarda diplom uyğunsuzluğu var. Təhsil işçilərinin vahid sorğu kitabçasına uyğun deyil, yəni çox ciddi problemlər və nöqsanlar var”.

Müəllif: Aləmdə Nəsib      19 Yanvar 2021 13:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin