Əsas səhifə Haqqımızda Xəbər lenti

Baydenin ömrü Qafqazadək vəfa edəcəkmi – Və yeni “oyunçular” peyda olub

Baydenin ömrü Qafqazadək vəfa edəcəkmi –         Və yeni “oyunçular” peyda olub

İlqar Vəlizadə: “Yaşlı, yorğun siyasətçi bir çox məsələlərə müdaxilə etməyəcək”

 

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden andiçmə mərasiminə hazırlaşır. Məlumata görə, mərasimin keçirilmə planları barədə hazırlıqlara başlanılıb və bir neçə gündən sonra inaqurasiya baş tutacaq və o, səlahiyyətlərinin icrasına başlayacaq.

 

Bizim üçün əsas maraqlı məqam, Baydenin hakimiyyətə gələndən sonra dünya siyasəti ilə yanaşı, Cənubi Qafqaz siyasətinə də yeni tərzdə diqqət ayırması olacaq. Belə ki, Baydenin Çin və İrana nisbətən Rusiyaya qarşı daha radikal siyasət yürüdülməsinin tərəfdarı olduğunu deməsi və Ermənistanda Rusiyanın planlarına daxil olmayan Baş nazir Nikol Paşinyanın da məhz Baydenin sıx əməkdaşlıq etdiyi Soros Fondu tərəfindən hakimiyyətə gətirilməsi, Birləşmiş Ştatların yeni Prezidentinin Cənubi Qafqaz siyasətinə yeni baxış bucağından baxacağını deməyə əsas verir.

 

Belə olan halda, Co Bayden hakmiyyəti dövründə regionu və region ölkələrini nələr gözləyir? Yeni Ağ Ev rəhbəri Cənubi Qafqaz siyasətində hansı yeniliklər və dəyişikliklər edəcək?

Vəlizadə: “Azərbaycan regionun enerji təhlükəsizliyindəki rolunu  möhkəmləndirib”

Mövzunu AYNA-ya dəyərləndirən “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadənin fikrincə, Bayden Cənubi Qafqaz siyasətinə neqativ yanaşmaq niyyətində deyil: “Çünki burada real siyasətə söykənib fikir yürütmək lazımdır və real siyasətdə də hər şey faktlar və real maraqlarla ölçülür. Yəni, məsələyə real siyasətdən yanaşsaq, Amerikanın regiondakı maraqları indiki şəraitdə Azərbaycanla daha yaxın münasibət qurmaqdan ibarətdir. Çünki regionda Azərbaycanın mövqeyi güclənib, təsiri artıb. Ona görə də Bayden üçün Azərbaycanla münasibətləri qoruyub saxlamaq daha məhsuldar ola bilər”.

 

“Lakin bir şeyə də diqqət yetirmək lazımdır. Çox təəsüf ki, Paşinyanın məhz Baydenin əməkdaşlıq etdiyi Soros Fondu tərəfindən hakimiyyətə gətirilməsi və dediyiniz digər faktorlar bu məsələdə müəyyən rol oynaya bilər ki, bu da bəzi neqativ halların yaranmasını istisna etmir. Məsələn, yeni vitse- prezident Kamilla Harris ABŞ-da ermənilərin sıx məskunlaşdığı Kaliforniya ştatının prokuroru olub və ermənilərin mövqeyini müdafə edib. Ermənilər də zamanında Harrislə əməkdaşlıq ediblər. Çünki məlum olduğu kimi, erməni lobbisi yerləşdiyi ölkələrdə daha çox hüquq-mühafizə və prokurorluq orqanları ilə sıx əməkaşdlıq edirlər ki, Harris də bundan yan keçməyib. Bu da bizim üçün mənfi nünanslardan biridir”, - politoloq bildirib.

 

“Hətta, bu məsələ Amerika Birləşmiş Ştatları-Türkiyə münasibətlərinə də mənfi təsir göstərə bilər. Ona görə də hər bir halda hər şeyə hazırlıqlı olmalıyıq. Çünki qlobal siyasətdə getdikcə hər şey dəyişilir və ABŞ artıq əvvəlki kimi mütləq söz sahibi deyil. Meydana ən azından Çin və digər ölkələr daxil olub, həmçinin regionun öz yerli oyunçuları var və s. Ona görə də biz daha çox yerli oyunçularla məhsuldar münasibətlər quraraq, müxtəlif tərəflərdən gələn riskləri azaltmış olarıq”, - müsahibimiz vurğulayıb.

 

Vəlizadə hesab edir ki, Bayden Cənubi Qafqaz və dünya siyasətinə ciddi müdaxilə etməyəcək: “Baydenin 77 yaşı var və o, yorulmuş qoca kişidir. Ona görə də Baydenin şəxsən özü bir çox məsələlərə müdaxilə etməyəcək. Amma Baydenin ətrafına topladığı yeni komanda var ki, həmin komandada təmsil olunan yeni simalar nələrsə edə bilər. Yeri gəlmişkən, Bayden Barak Obama dövründə fəal siyasətlə məşğul olan şəxsləri də Ağ Evə gətirib. Bu siyasətçilər isə müəyyən dairələrin təmsilçiləridir. Bayden isə sadəcə fiqur rolunu oynayır ki, həmin dairələr təsirlərini göstərə və ənənəvi siyasət apara bilsinlər. Və fürsətdən istifadə edərək bu ənənəvi siyasəti həyata keçirmək istəyəcəklər. Bəs, ABŞ-ın ənənəvi siyasəti nədir? - Amerikanın nüfuzunu regionda artırmaq və amerikayönümlü qüvvələrə dəstək vermək. Belə olan halda isə təbii ki, onların Cənubi Qafqaza müdaxiləsi arta bilər”.

 

“Lakin Cənubi Qafqazda Azərbaycan güclü, Ermənistan isə zəif bənddir. Düzdür, Gürcüstan da zəif bənddir, amma siyasəti həm də Birləşmiş Ştatlara bağlıdır. ABŞ da onların vasitəsi ilə regiona müdaxilə etmək cəhdlərini gücləndirəcək. Təbii ki, regionun digər oyunçuları da Bayden administrasiyasının burada daha fəal rol oynamaq istəyəcəyini başa düşür və bunun üçün hazırlıq işləri görürlər. Maraqlı olan digər məsələ isə bundan ibarətdir ki, Rusiya Ermənistan və Gürcüstanın regionda zəif bənd olduğunu başa düşür deyə, Rusiyanın maraqlarını təmin etmək üçün Azərbaycan və Türkiyə ilə qarşılıqlı və dayanqlı siyasət qurmağın da daha üstün olduğunu bilir, nəinki zəif bəndlərlə əməkdaşlıq etmək. Hətta, mən deyərdim ki, bu vəziyyət bizə də xeyirdir ki, regionun digər oynuçuları da zəif yox, güclü bəndlərlə münasibət qurmağa çalışacaq”, - deyə analitik fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib      17 Yanvar 2021 15:55
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin