Əsas səhifə Haqqımızda Xəbər lenti

Ceyhun Bayramov Pakistan Prezidenti ilə görüşüb

Ceyhun Bayramov Pakistan Prezidenti ilə görüşüb

Görüşdə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qətiyyətlilik ifadə olunub

 

Pakistana rəsmi səfəri çərçivəsində yanvarın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AYNA-ya bildirilib ki, Pakistan Prezidenti Arif Alvi səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib və Azərbaycan Prezidentini Pakistanda qəbul etməkdən məmnunluq duyacağını bildirib. O, Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrik edib.

 

Arif Alvi Qoşulma Hərəkatının Bakıda keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirakını və bu zaman Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü xatırladıb, Azərbaycanın dövlət başçısının uzaqgörən siyasətçi olduğunu xüsusilə vurğulayıb.

 

Hər iki ölkənin regional münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında həllinə dair mövqeləri və bu xüsusda nümayiş olunan qarşılıqlı dəstək qeyd olunub. Pakistan Prezidenti, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Ceyhun Bayramov, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistanın dövlət başçısına çatdırıb. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi vurğulayan nazir xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş ölkə Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

 

Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyi və İslam Əməkdaşlıq Təşkilatının müvafiq kontakt qrupu çərçivəsində iştirakımız qeyd olunub.

 

Azərbaycanın işğal edilmiş ərazilərində bərpa və reabilitasiya işlərinin həyata keçirilməsindən bəhs edən nazir Ceyhun Bayramov hazırkı mərhələdə dost ölkələrin bu fəaliyyətə cəlb oluna biləcəyini qeyd edib.

 

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qətiyyətli olduqlarını ifadə ediblər.

Müəllif: Ayna.az      14 Yanvar 2021 15:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin