Əsas səhifə Haqqımızda Xəbər lenti

Qarabağda su var: amma bu, ölkənin su problemini həll etməyəcək

Qarabağda su var: amma bu, ölkənin su problemini həll etməyəcək

İslam Mustafayev: “Kanallarda suyun 50 faizə qədəri itkiyə gedir. Bu su nəhəng bir ərazini suvara bilər”

 

Nəriman Ağayev: “Biz suyun necə yığılacağını və saxlanılacağını bilmirik”

 

Ölkədə su ehtiyatları sahəsində gərgin vəziyyət qalmaqdadır. Bunu Baş nazirin müavini Şahin Mustafayev söyləyib. O, əsas su anbarlarında 20,5 milyard kubmetr əvəzinə suyun çox aşağı olduğunu - yalnız 10,5 milyard kubmetr olduğunu, bunun da 8,6 milyard kubmetrinin “durğun həcm” olduğunu qeyd edib.

 

İndi isə qısamüddətli hədəf, əsas su anbarlarındakı suyun həcmini son üç ilə nisbətən daha yüksək səviyyəyə çatdırmaq və sonra suyun həcmini 2016-cı ilin minimum səviyyəsinə çatdırmaqdır. Bundan əlavə, Qarabağdakı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi məsələlərinə də diqqət yetiriləcək.

 

“Rüzgar” ekoloji təşkilatının rəhbəri İslam Mustafayev AYNA-ya bildirib ki, 2003-cü ildə İspaniyanın Saraqosa şəhərində ölkələrin su təhlükəsizliyi mövzusunda özünün də iştirak etdiyi beynəlxalq konfransının keçirildiyini xatırladıb: 

Prof. Dr. Mustafayev Islam – International Conference on Mountains:  Cultures, Landscapes and Biodiversity

“Orada erməni müəllifin “Dağlıq Qarabağ probleminin həllində su faktoru” kitabı iştirakçılar arasında paylanmışdı. Kitabda deyilirdi ki, Azərbaycan təmiz suyun olmamasından şikayətlənir, suyun 70 faizi Ermənistan, Gürcüstan, Rusiya ərazisindən axan transsərhəd çaylardan gəlir. Müəllif Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll olunmasına çağırır, yalnız bundan sonra bizə Qarabağdan təmiz su verilməsinin mümkünlüyünü qeyd edirdi. Əlbəttə ki, onun xəyalları gerçəkləşməli deyildi. Orada yerləşən torpaqlarımıza və su ehtiyatlarımıza indi özümüz nəzarət edirik. Ancaq Qarabağda bir çox su mənbəyinin olması, bunun sayəsində ölkədə su qıtlığı problemini həll etməyin mümkün olacağı demək deyil. Qarabağdakı su ehtiyatları bu zona və ətraf ərazilər üçün kifayət edərsə, yaxşıdır. Qarabağdakı su ehtiyatları düzgün idarə olunarsa, orada su ilə bağlı problem olmayacaq”.

 

Onun sözlərinə görə, Qarabağda torpaq alan bəzi sahibkarlar suvarma üçün artezian quyuları qazmağı planlaşdırırlar. Yeraltı sular çoxdur, lakin Mustafayevin sözlərinə görə, istifadəsinin ətraf mühitə necə təsir edəcəyini də öyrənmək lazımdır.

 

“Ümumiyyətlə, ölkədə su problemi kəskindir. 2000-ci illərdə, USAID layihəsi çərçivəsində təşkilatımız su ilə əlaqədar çətinliklərin tezliklə başlayacağı barədə xəbərdar etdiyimiz bir kitab tərtib etmişdi. Su ilə bağlı problemlərimiz əsasən suvarma sisteminin olmaması səbəbi ilə əlaqədardır. Kanallarda suyun 50 faizə qədəri itkiyə gedir. Bu su nəhəng bir ərazini suvara bilər. Su itkisi torpağın keyfiyyətinin azalmasına səbəb olur. İqlim dəyişikliyi səbəbindən su çatışmazlığı problemi daha kəskin şəkildə hiss olunacaq. Su itkilərinin azaldılması 1-ci vəzifədir”, - ekoloq bildirib.

Yeni ildən gözləntilər: Bazarlığınızı bəribaşdan edin <a style='color:#336699; font-weight:bold;' href='./'>Ayna.az</a>

İqtisadi İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev isə AYNA-ya deyib ki, Türkiyənin mərhum Prezidenti Turqut Özal gələcəkdə neft deyil, su müharibələri olacağı barədə xəbərdarlıq etmişdi. İndi neft boru kəmərləri ilə necə axırsa, nə vaxtsa su da eyni qaydada axacaq.

 

“Cənubi Qafqaz ölkələri arasında ən kiçik su ehtiyatlarına sahib ölkə Azərbaycandır.  Su təchizatı vəziyyətini yaxşılaşdırmaq üçün etməli olduğumuz əsas iş yeni su anbarları tikməkdir. Kür və ya Arazın dayazlaşmasından çox da asılı olmamaq üçün ən azı 50 milyon kubmetr həcmində su tutumu olan anbarları tikməyə dəyər. Bu vəziyyətdə məişət ehtiyacları üçün istifadə edilən sudan danışırıq. İçməli suya gəldikdə, bunları söyləyəcəyəm: biz suyun necə yığılacağını və saxlanılacağını bilmirik. Paytaxtda 30-a yaxın yeraltı beton su anbarı var, digər böyük şəhərlərdə isə belə bir şey yoxdur. Amma bunlara ehtiyac var”, - deyə mərkəz sədri vurğulayıb.

 

İndi bir çox mütəxəssis ümidlərini Qarabağın su ehtiyatlarına bağlayır və Ağayevə görə, onlar yaxşı qurulublar. Ancaq hər şey onlardan necə istifadə edəcəyimizə bağlıdır: “İndi Qarabağda yalnız Suqovuşan su anbarı var, amma bu kifayət deyil. Bölgənin ehtiyaclarına baxmalıyıq”.

 

Mütəxəssisin fikrincə, suya qənaət məsələlərini düşünmək vacibdir, çünki bizdə ayrıca texniki su xətti yoxdur, bu səbəbdən hətta maşın yuyulması üçün belə içməli sudan istifadə olunur.

 

“Kanalizasiya suyundan necə istifadə edəcəyimizi öyrənmədik. Bunun üçün müasir təmizləmə texnologiyası lazımdır. Hər gün ölkə Xəzərə ataraq 100 min kubmetrdən çox su itirir. Amma bu suyu suvarma üçün lazımlı şəkildə təmizləyə və yenidən istifadə edə bilərik. Təəssüf ki, bütün bunlar uzun illərdir deyilir, ancaq danışmaqdan o yana getmir. Niyə? Çünki məmurlar ekologiya yox, mənfəət haqqında düşünürlər. Müşahidələrimə görə, ideyanın həyata keçirilməsinə başlanılması üçün 5-10 il vaxt lazımdır. Proses çox ləng gedir. Əgər bu milli təhlükəsizlik məsələsidirsə, Prezident də daxil olmaqla yuxarı orqanlar müdaxilə edəcək”, - N.Ağayev qeyd edib.

 

Ekspert əmindir ki, təşəbbüs ictimaiyyətdən gəlməli və ən yüksək rəhbərliyə çatdırılmalıdır: “Yalnız belə vəziyyətdə işlərin daha sürətli gedəcəyinə ümid edə bilərik”.

Müəllif: Elya Belskaya      15 Yanvar 2021 13:53
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin