Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda 2 avtomobil yolunun tikintisi başa çatıb

Azərbaycanda 2 avtomobil yolunun tikintisi başa çatıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb

 

Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşıb.

 

Agentlikdən AYNA-ya bildirilib ki, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən inşa edilib. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.

 

Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

 

Torpaq işlərinin ardınca optimal qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə olunmaqla yol əsası inşa olunub. Yol boyu əlaqələndirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 kilometrlik yol boyu yolun 1,8-ci kilometrliyində Alıcançay, 9,5-ci kilometrliyində Şirvan kanalı və 35,6-cı kilometrliyində Dəhnəçay üzərində olmaqla 3 avtomobil körpüsünün inşası aparılıb. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.

 

Bundan başqa yolboyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac olduğundan müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yolboyu 7 nöqtədə yeraltı keçid tikilib, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağı quraşdırılıb.

 

“M-5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı kilometrliyindən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 kilometrlik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. İki hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

 

Analoji tikinti işləri bu yolda da görülüb. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa olunub. Körpülər yolun 0,4-cü kilometrliyində dəmiryolu, 0,7-ci kilometrliyində Əyriçay, 1,4-cü kilometrliyində Küncüt çayı, 4,6-cı kilometrliyində Sarı Qobu çayı və 5,2-ci kilometrliyində Qarasu çayı üzərində salınıb. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.

 

Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstan sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 kilometr uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir.

 

Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.

 

Xatırladaq ki, magistralın 40 kilometr uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq bundan öncə istifadəyə verilib.

Müəllif: Ayna.az      13 Yanvar 2021 12:50
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin