Əsas səhifə Haqqımızda Xəbər lenti

General şeir yazarmı?

General şeir yazarmı?
52 yaşındadır. 2 magistr dərəcəsi var: Beykent Universiteti və Hərb Akademiyasından
 
Doktorluq elmi dərəcəsini İstanbul Universitetində Siyasət və Beynəlxalq Münasibətlər sahəsində müdafiə edərək alıb…
 
“Nəsillərdir ailə üzvlərim uniformalarını şərəflə daşıyıb” deyir. Ailə üzvləri içində çox sayda hərbçi var. Ancaq dədəsinin Çanakkale şəhidi olduğunu xüsusi iftixarla dilə gətirir. General-mayor rütbəsini 47 yaşında alıb. Uzunboylu, yaraşıqlı, gülərüzlü bu əsgərə general uniforması da çox yaraşırmış deyə düşünürəm.
Özgür Tör və mən. "Haber Global" kanalının 4-cü mətrəbəsindəki alaqaranlıq qonaq otağında oturmuşuq. Onunla Rusiya, Azərbaycan, Ermənistan Zirvə görüşünü şərh edirdik. Bir az əvvəl Moskvadan Zirvənin bitmədiyi, bir az da uzanacağı xəbəri gəlmişdi. Canlı yayına ara verib, studiyadan çıxdıq. Çıxdıq ki, bənzərsiz Saynur Tezel Türkiyənin daxili siyasət xəbərlərindən danışsın bir az. Qonaq otağında qulağımız şimal qonşumuzun soyuq paytaxtından gələcək xəbərlərdədir.
Zirvə görüşündən dolayı fikirli və əndişəliyəm. Bəlli etmək istəmirəm. Özgür Paşanın gözündən qaçmır bu. Söhbətcildir, danışır ordan-burdan, savaşlardan, silah arkadaşlarından, PKK ilə mübarizə illərindən. Hər cümlənin başında “Azərbaycanı Türkiyədən ayırmıram, eyni görürəm deyir”. Anidən 1918-ci ilə, Nuru Paşanın Qafqaz İslam Ordusuna dəyişir mövzunu. Mən Ənvər Paşadan söz açıram. Tanınmış TV proqramçısı, "Haber Global"ın Xəbər Müdürü Sərdar Akdoğar yanımıza gəlir, utanaraq söhbətimizi yarıda kəsir ki, bəlkə evə gedəsiz, “Dörd saatdır burdasız, bu gün yorduq Sizi” deyir. Özgür Paşa mənə baxır, “Bir az da gözləyək” deyirəm, Paşa dostum da razılıqla başını sallayır. Sərdar bəy təşəkkür edir, “Sizə özəl çay göndərəcəm” deyib işinin başına dönür – önəmli bir gündür, Moskvada Qarabağla bağlı nə kimi addımlar atılacaq indən belə, hər kəs maraq və təlaş içindədir…