Əsas səhifə Haqqımızda Xəbər lenti

“WhatsApp”-da nə baş verir - Gizli və aşkar

“WhatsApp”-da nə baş verir -       Gizli və aşkar

Osman Gündüz: “Adi istifadəçilər üçün burada elə də risk yoxdur, lakin...”

 

Xarici KİV-lərdə gedən xəbərlərə görə, 2021-ci il fevral ayının 8-dən “WhatsApp” platformasının istifadəçiləri yeni şərtlərlə razılaşmalı olacaq. Belə ki, istifadəçilərə təqdim olunan yeni bəndə görə, “Facebook” şirkətinin bir parçası olan “WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin “bütün əlavələr ailəsi” ilə paylaşacaq.

 

Yəni, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir. Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, “ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.

 

“WhatsApp” proqramının yeni gizlilik şərtlərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə PUA-larının yaradıcısı Səlcuk Bayraktar da proqramdan imtina etdiklərini açıqlayıblar. Bu cür məşhur isimlərin proqramdan imtinası ölkəmizdəki istifadəçilərin də diqqətini çəkib və onlar arasında bu barədə müzakirələr gedir. Bir sıra istifadəçilər artıq digər platformalara daşınıb.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Mövzunu AYNA-ya şərh edən Azərbaycan İnternet Formunun (AİF) prezidenti, İKT mütəxəssisi Osman Gündüz bildirib ki, adi istifadəçilər üçün burada elə də risk yoxdur, lakin: “Löyük biznes qurumlarının, xidməti və əhəmiyyətli məlumatların bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Biz illərdir ki, “WhatsApp” platformasından ödənişsiz istifadə edir, müxtəlif işlərimizdə faydalana bilirik. Fikrimcə, bu, belə də olmalı və biz bu resurslardan biznes, karyera, inkişaf üçün maksimum bəhrələnməliyik. Lakin “WhatsApp”-ın yeni şərtləri ilə razılaşacağımız təqdirdə, həmin platforma bundan reklam məqsədi ilə istifadə edəcək. Bu da o deməkdir ki, bu resursdan pulsuz istifadə müqabilində sizin məlumatlarınız əldə olunaraq sizə uğun reklamlar təqdim olunacaq”.

 

Mütəxəssis hesab edir ki, bu resurslar xarici olduğundan bizim üçün dayanıqlığı həmişə risklidir: “Yeri gəlmişkən, hazırda ABŞ Konqresində “Facebook”, “Google”, “Apple” və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilsin ki, yaxın zamanda bu resurslar məcburən parçalansın və “WhatsApp”-ın sahibi ayrısı olsun və başqa şərtlər müəyyənləşsin. Odur ki, paralel olaraq digər resurslardan – “Telegram”, “Signal” və s. istifadə etmək doğru olar. Lakin yenə nəzərə alaq ki, “Telegram” da rus vətəndaşına məxsusdur”.

 

Osman Gündüz istifadəçi məlumatlarının qorunması ilə bağlı başqa bir məqama da diqqət çəkib: “Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb. Yəni, görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin “history”-si, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-da olan məlumatlar nə dərəcədə qorunur?”.

 

“Məlumat üçün deyim ki, qonşu ölkələrdə bununla bağlı böyük “qara bazar”lar formalaşıb. Yəni, tutaq ki Rusiyada kiminsə mobil nömrəsini “Beeline” operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə zənglərini isə 3500-4500 rublla almaq mümkündür. Həmçinin, kiminsə ev ünvanını da bəlli bir məbləğə “pasportstol”dan əldə etmək olur. Yəni, daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər”, - deyə AİF rəhbəri vurğulayıb.

 

Mütəxəssisin fikrincə, biz xüsusi bir məqama diqqət yetirməliyik: “Azərbaycan daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırılması və təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olar”.

Müəllif: Aləmdə Nəsib      12 Yanvar 2021 13:15
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin