Əsas səhifə Haqqımızda Xəbər lenti

“ABŞ dünya liderliyini itirir, amma onu əvəz edəcək dövlət də yoxdur”

“ABŞ dünya liderliyini itirir, amma onu əvəz edəcək dövlət də yoxdur”

Politoloq: “Son baş verən hadisələr də göstərdi ki, Amerikada “dərin dövlət” anlayışı uydurmadır”

 

Yanvarın 6-da ABŞ Konqresinin Demokratların namizədi Co Baydenin prezidentliyini təsdiqləyəcəyi ərəfədə, Trampın tərəfdarları Baydenin kiçik fərqlə qalib gəldiyi mübahisəli ştatlarda seçici səslərinin nəzərə alınmasını tələb edərək, etiraz aksiyaslarına start verdilər. Tramp və tərəfdarları bir çox ştatlarda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edərək, seçkilərdəki məğlubiyyəti qəbul etməyəcəklərini bildirdilər.

 

Nümayişlər əvvəlcə dinc xarakter daşısa da, axşam saatlarından etibarən toqquşmalara çevrildi. Nəticədə, Konqres binasının daxilində Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verdi. İğtişaşlar səbəbindən tətbiq edilən komendant saatından sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox etirazçını nəzarətə götürdülər. Həmçinin, etirazçılarla polis arasında baş verən toqquşma nəticəsində 4 nəfər öldü, xeyli insan, o cümlədən 14 polis yaralandı. Maraqlı məqam odur ki, ABŞ tarixində prezident seçkilərindən sonra ilk dəfə belə bir hadisə baş verirdi.

 

AYNA-nın mövzuya dair suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb:

 

- Donald Tramp elə ilk gündən prezident seçkilərinin saxtakarlıqla keçiriləcəyini iddia etmişdi. Müəyyən siyasi ekspertlər də Trampın seçkidən əvvəl bu cür üsullara əl atacağını proqnozlaşdırırdılar. Əslində, Trampı, haradasa anlamaq olar. Çünki pandemiya səbəbindən Amerikada ilk dəfə idi ki, poçtla səsvermə prosesi keçirilirdi. Tramp da hesab edirdi ki, poçtla göndərilən səsvermələrdə saxtakarlıq həyata keçirilib. Ona görə də bu iddiaların sayı çoxalırdı. Amma nəticədə ABŞ cəmiyyəti Co Baydenin prezident seçilməsini qəbul etmiş və müxtəlif ölkələrdən ona təbriklər gəlmişdi.

 

Lakin Tramp sona qədər mübarizəsini davam etdirəcəyini bildirirdi. Son nəticədə də tərəfdarlarını Konqres binasının qarşısına dəvət etdi. Amma çox güman özü də gözləmirdi ki, belə bir təxribat baş verə bilər və Konqres binası daxilinə hücumlar edilərək insan tələfatı olar. Hətta, ehtimal edirəm ki, gələcəkdə bununla bağlı məhkəmə prosesi də başlaya və Trampın özünə də cinayət işi açıla bilər. Amma belə görünür ki, Tramp artıq özü də qorxuya düşüb və son açıqlamasında da bildirib ki, seçkilərin saxtalaşdırılmasına baxmayaraq, hakimiyyəti Baydenə təhvil verməyə hazırdır.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

- ABŞ tarixində ilk dəfədir ki, prezident seçkilərində iştirak etmiş namizədlərdən biri tərəfdarlarını etiraza səsləyir və seçkilər bu qədər skandallı keçir. Bunun əsas səbəbi nədir?

 

- Amerikanın yaxın və uzaq tarixinə nəzər salanda, həqiqətən də ilk dəfədir ki, bu cür hadisənin baş verdiyinin şahidi oluruq. Təbii ki, ABŞ seçkilərində əvvəllər də saxtakarlıqlar olub. Hətta, Ameriknın əfsanəvi Prezidenti Avram Linkolnun prezidentliyi dövründə belə, saxtakarlıqlar baş verib. Yaxud da, yaxın tarixi götürsək, 2000-ci ildə vitse-prezident Albert Qorla Corc Buş arasında rəqabət gedirdi. Əslində, seçkiləri Albert Qor udsa da, Amerikada seçki son dərəcə mürəkkəb prosedurlardan keçdiyinə görə, Buş Prezident seçilmişdi. Albert Qor isə çox səs toplamasına baxmayaraq, seçki nəticələrini tanımağa məcbur olmuşdu.

 

Amma ilk dəfədir ki, belə bir hadisə baş verir və Konqresə hücum edilir. Düzdür, yenə də uzaq tarixə qayıtsaq, 1814-cü ildə Amerika Konqresinə hücumlar edilmişdi, amma o zaman Amerika ilə Böyük Brtitaniya arasında müahribə gedirdi. Yəni, bu şəraitdə ilk dəfə idi ki, belə bir hadisə baş verirdi. Çünki ABŞ özü başqa ölkələrə demokratiya, insan haqları dərsi keçir, başqa ölkələrdə çevrilişlər həyata keçirir və inqilablar törədirdi. Amma indi eyni hadisələr özündə baş verir. Özündə baş verəndə isə bunu çevrilişə və iğtişaşa cəhd kimi qiymətləndirir. Düşünürəm ki, Amerikanın bundan sonra başqa ölkələrə demokratiya dərsi keçməyə haqqı yodur.

 

- Sizin də qeyd etdiyiniz kimi, geosiyasi, geoiqtisadi proseslərə birbaşa təsir edən, adətən demokratiya, insan haqlarının pozulması adı altında başqa ölkələrdə iğtişaşların baş verməsində ittiham edilən ABŞ-ın özündə belə bir vəziyyətin yaranması, gələcəkdə bu ölkənin özündə belə bir təcrübə formalaşdıra bilərmi?

 

- Bəli! Amma bu, əslində pis bir təcrübəyə çevrilə bilər. Baxmayaraq ki, hakimiyyət Baydenə təhvil veriləcək, amma onu da nəzərə alaq ki, Amerikada radikallar az deyil və bu radikallar Trampa kifayət qədər dəstək verdilər. Onlar da bundan sonra sakit dayanmayacaqlar. Ola bilsin ki, Baydenin prezidentliyi dövründə də ağır hadisələr baş versin, bundan Bayden sığortalanmayıb. Hətta, yanvarın 6-da baş verən hadisə gələcəkdə başqa hadisələrin çırağını da yandıra bilər. Onsuz da Amerikada ara-sıra toqquşmalar olur, etirazlar edilir və polis özbaşınalığına qarşı aksiyalar keçirilir. Yəni, belə hallar ABŞ-da zamanla yaşanır. Amma Konqresə hücum və Konqres binasının faktiki olaraq ələ keçirilməsi Amerika tarixində ilk dəfədir və bu hadisə gələcəkdə başqa hadisələrin alovlanamsında da rol oynaya bilər. Çünki ABŞ cəmiyyətində radikallıq getdikcə güclənir.

 

- Baş verənlərdə Trampla yanaşı, ABŞ siyasətində xüsusi rolu olduğu deyilən siyasi ailələr, yaxud maliyyə korporasiyalarının da rolu ola bilərmi?

 

- Əslində, bizə hər zaman təlqin edilib ki, Amerikanı “dərin dövlət” idarə edir. Amma mən artıq Amerikada varlı ailələrin təsirlərinə, “dərin dövlət”in idarəçiliyinə inanmıram. Əgər, Amerikada “dərin dövlət” olsaydı, 4 il əvvəl Donald Trampın prezident seçilməsini bir yolla əngəlləyər, Ağ Evdə onun rəqibi və daha təcrübəli olan Hilari Klintonun oturmasını təmin edərdi. Amerikada “dərin dövlət” olsaydı, bu son iğtişalar baş verməzdi. Amerikada “dərin dövlət” olsaydı, siyasətçilərinə anladardı ki, NATO-dakı müttəfiqimiz Türkiyəyə qarşı sanksiyalar bu ölkəni düşmənimiz Rusiya ilə daha da yaxınlaşdıracaq, bu, Amerikanın maraqlarına uyğun deyil. Amerikada “dərin dövlət” olsaydı, Trampa prezidentliyinin son günlərində anladardı ki, “məğlub olmusan, ölkəni qarışdırma”. Amerikada “dərin dövlət” olsaydı, İraqda Səddam Hüseyn rejimini devirib bu ölkəni İranın müttəfiqinə çevirməzdi. Yaxın keçmişə də getsək, Amerikada “dərin dövlət” olsaydı, uzaq Vyetnamda müharibəyə baş qoşmaz, deyərdi ki, “bizə nə kiçik ölkədəki kommunist rejimin qurulmasından?!”, əvəzində on minlərlə gəncini itirdi və yüz minlərlə vyetnamlını öldürdükdən sonra biabırçılıqla bu ölkəni tərk etdi. Demək, bu “dərin dövlət”in idarəçiliyi, varlı ailələrin siyasi proseslərə təsiri haqqında miflər sadəcə olaraq şişirdilib. Yəni, Amerika da digər dövlətlər kimi, normal dövlətdir. Digər dövlətlərdə nə baş verirsə, Amerikada da o baş verir.

 

- Bəs, bu hadisə ABŞ-a və dolayısı ilə dünyanın nizam-intizamına gələcəkdə necə təsir edəcək, yaxud edəcəkmi?

 

- Dünyanın nizamı onsuz da qarışıb. “Soyuq müharibə” bitdikdən sonra Birləşmiş Ştatlar hesab edirdi ki, dünyanın fövqəlgücü olacaq və hər şeyi idarə edə biləcək. Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, Amerika hər yerə əl yetirə bilmir və özünün çox böyük səhvləri var. İraqa, Əfqasıntana müdaxilə etdi, İraqda atom bombası bəhanəsiylə Səddam Hüseyni devirdi, amma heç nə tapa bilmədi. Nəticədə İraqı üç yerə parçaladı, xaos yaratdı və dediyim kimi, İranla müttəfiqlik etməsinə şərait yaratdı. Yəni, Amerikanın da siyasi idarəetməsi çətinləşib. Ona görə də biz çoxqütblü dünyaya gedirik. Rusiya, Çin, Latın Amerikası ölkələri hərəsi özünə bir qrup yaradıb. Amma bu, o demək deyil ki, çoxqütblü dünya bizim gələcəyimiz üçün daha təhlükəsiz şərait vəd edir. Amerika isə öz fövqəlgücünü itirməyə başlayır və son hadisə onun gücünü itirməsinə bir az da təsir edəcək. Baxmayaraq ki, Amerikanın hərbi büdcəsi çoxdur, böyük ordusu var, dünyada hərbi bazalarının sayı yüzlərlərdir. Amma siyasi proseslərə təsir imkanları getdikcə zəifləyir və bu, onsuz da nizamsız olan dünyanı bir az da nizamsız vəziyyətə gətirir.

 

- ABŞ fövqəldövlət statusunu itirməyə doğru gedirsə, onu əvəzləyəcək dövlət varmı?

 

- İqtisadi gücünə görə, Çin bir neçə ildən sonra Amerikanı ötəcək. Ki, bu, artıq faktdır. Ələlxüsus da, Çin hərbi qüdrətini artırmağa davam edir. Buna baxmayaraq, Çin Amerikanı əvəz edə bilməz. Çünki Çin avtoritar bir ölkədir. Biz Amerikanı nə qədər tənqid etsək də, hər halda Amerikada seçki instutu var, insan haqları var, insanlar fikirlərini azad şəkildə ifadə edə bilirlər. Çində isə bunların heç biri yoxdur və ona görə də Çinin liderliyini heç bir ölkə qəbul etməz, hətta yaxın tərəfdaşı Rusiya belə. Amma digər tərəfdən müxtəlif ölkələrin birləşməsindən ibarət müxtəlif mərkəzlər yaranıb, yaranacaq və inkişaf edəcək. Amerikanı isə tək əvəz edə biləcək perspektivdə dövlət olmayacaq.

 

Hətta, Rusiyanın da buna gücü çatmaz. Çünki Rusiyanın yeritdiyi siyasət ona dost qazandırmır, əksinə düşmən qazandırır. Təsəvvür edin ki, Rusiya Qazaxıstanı strateji müttəfiqi adlandırır, amam digər tərfədən rusiyalı rəsmilər son günlər Qazaxıstan adlı dövlət olmadığını, ərazilərinin onlara aid olduğunu deyirlər. Bununla da strateji müttəfiqlərini özlərindən incik salırlar. Yəni ki, Rusiyanın müttəfiqləri yoxdur və Rusiya müttəfiq istəmir. Rusiyaya, sadəcə olaraq Ermənistan kimi vassallar lazımdır. Amma heç kim də vassal olmaq istəmir. Ona görə də Rusiya Amerikanı əvəz edə bilməz və dolayısı ilə belə bir dövlət də yoxdur. Amma müəyyən mərkəzlər yaranacaq və o mərkəzlər də öz maraqlarını diqtə etməyə çalışacaq. Bu da dünyanı daha da nizamlı şəkilə gətirib çıxarmayacaq.

 

- Bu qarışıqlıq və nizamsızlıqda Azərbaycan nə etməlidir?

 

- Azərbaycan ancaq öz işini görməlidir. Bizə lazım olan odur ki, milli və təhlükəsizlik maraqlarmızı qoruyaq ki, heç kim bizi narahat edə bilməsin və bizim maraqlarımız təmin olunsun. Amma biz görürük ki, dünya hazırda toz-duman içindədir və ona görə də bu toz-dumanda ancaq özümüzü qorumalıyıq.

Müəllif: Mərahim Nəsib      8 Yanvar 2021 19:17
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin