Əsas səhifə Haqqımızda Xəbər lenti

Yersiz və zamansız qərar: Vətəndaş dövlətdən incik salınmamalıdır

Yersiz və zamansız qərar: Vətəndaş dövlətdən incik salınmamalıdır

Hüquqşünas: “Heç olmasa, 30 gün əvvəldən ictimaiyyətə məlumat verilsəydi, bu cür acınacaqlı vəziyyət yaranmazdı”

 

Tarif Şurasının 4 yanvar 2021-ci il tarixində keçirilən iclasında neft məhsullarının satışının qaldırılması, dərman məhsullarının siyahısının tərtib edilməsi və dövlətin satınalma siyahısına əlavə edilməsi, daşınmaz əmlakların qeydiyyatı ilə bağlı olan rüsumların qiymətlərinin tənzimlənməsi məsələlərinə toxunulub. Hər üç məsələni hüquqşunas, ekspert Nicat Gözəlov AYNA-ya şərh edib.

 

“Azərbaycanda neft məhsullarının qiymətinin artırılması ilə bağlı nə iqtisadi zəmin var, nə də biznes ehtiyacı.  Dövlət Neft şirkətinin Tarif Şurasına verdiyi və onun da notarius kimi təsdiq etdiyi həmin o əsaslandırmada xarici ölkələrdə neftin - benzin, dizel yanacağının qiymətinin çox olması, eyni zamanda dizel yanacağının ekoloji ziyan verməsi ehtimalı, “Avro-5” standartlarına keçməklə bağlı əsaslandırması reallığı əks etdirmir. Bu cür əsaslandırma həmin şəxslərə münasibətdə cəzasızlığın mövcud olmasındandır və ümumiyyətlə, xalqdan xəbərlərinin olmamasının göstəricisidir. Əgər indi biz hesab ediriksə ki, Azərbaycanda dizellə işləyən maşınların kompensasiyasını verəcəklər, bu məsələni düzgün qavrama olmaz. Çünki dizel yanacağı ilə təkcə sərnişindaşıma fəaliyyət göstərmir, eyni zamanda kənd təsərrüfatı, yükdaşıma maşınları da dizel yanacağı ilə işləyir. Bu da o deməkdir ki, qiymətlərin qalxması qaçılmaz olacaq. Nəticə etibarı ilə də ziyan vətəndaşa dəyəcək”, - müsahibimiz bildirib.

Feysbukda canlı yayım açan namizəd kimdir? - Foto

Hüquqşunasın sözlərinə görə, qanunda göstərildiyi kimi, 30 gün əvvəldən ictimaiyyətə bildirilsəydi, bu gün belə acınacaqlı vəziyyətlə üz-üzə qalmazdıq: “Bu gün Azərbaycan Respublikasında neftin hasilat xərcləri dəyişməyib, müəssisələrin özündə də hansısa xərclərin artması yoxdur, bu zaman niyə qiymət artımı olmaldır? Heç bir zərurət olmadığı halda, bu cür əsaslandırmalarla belə təkliflərin verilməsi, Tarif Şurası tərəfindən də bu təkliflərin qəbul edilməsi yolverilməz idi. Biz məsələyə hüquqi tərəfdən baxdığımızda, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.25-ci maddəsində də deyilir ki, əmtəə bazarında hökmran mövqe tutan bu barədə 30 gün qalmış vətəndaşları məlumtlandırmalı, qiymətlərin qalxma səbəbi bildirilməli, ictimai rəy öyrənilməlidir”. 30 gün əvvəldən ictimaiyyətə bildirilsə, ictimai rəy, iqtisadçıların fikirləri öyrənilsə idi, bu gün bu cür acınacaqlı vəziyyət yaşanmazdı”.

 

“Mən əvvəlki müsahibələrimdə də demişəm, 2021-ci il Azərbaycan üçün bir çox həyati məsələlərdə çox çətin sınaq ilidir. Ona görə də, indidən bu cür xoşagəlməz tendensiyaların, hadisələrin olması Azərbaycana çox ciddi ziyan vurur. Qarabağdakı son hadisələrlə bağlı Azərbaycan vətəndaşı ilə dövləti arasındakı uçurumu dərinləşdirir. Buna görə də diqqətli olmaq şərtdir, lakin təəssüf ki, bunu görmürük”, - deyə Gözəlov vurğulayıb.

 

O xatırladıb ki, SOCAR indiki halda Azərbaycanda neftin istehsalı və hasilatı ilə bağlı təbii inhisarçıdır: “Azərbaycanda dövlət adından neft sənayesi və neft siyasəti sahəsində iş aparan bir orqandır. SOCAR Azərbaycan dövləti adından müxtəlif yerlərdən milyardlarla kredit götürübsə və bunu Azərbaycanda normal biznesin inkişafına yönəltmək əvəzinə, villalar, saatlar almağa, xarici ölkələrdə gəzintilər, kef məclisləri üçün xərcləyibsə, bu, niyə Azərbaycan xalqının canından çıxmalıdır ki? Ümumiyyətlə, neft şirkəti olaraq hansısa bir qurumun hansısa ölkələrdə, hansısa televiziyaları, mədəniyyət abidələrini almağına nə ehtiyac var ki?!”.

 

Ekspert Tarif Şurasının qərarında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələni şərh edərkən, bu sahədəki problemlərlə yanaşı, zəncirvari təsirlərinə də diqqət çəkib: “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xərclərin də qiyməti demək olar ki, 2-3 dəfə artırılıb. Onsuz da Azərbaycanda bu gün Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından 700-800 min qanunsuz tikili var. Bu tikililərin dövlət qeydiyyatına alınmasını da illərdir tələb edirik ki, vətəndaşdan rüsumunu al, mənzilini adına qeydiyyatdan keçir. O da olduğu yer üzrə seçici kimi qeydiyyata düşsün və s. Lakin vətəndaşlar evlərinin sənədini ala bilmirlər, şəxsiyyət vəsiqələrində naməlum ünvanlardır, seçici kimi hüquqlarını həyata keçirə bilmirlər, bir sözlə, vətəndaş lazım olduqda yararlı heç bir iş görə bilmir. Yəni Azərbaycanda “102” xidmətindən başqa da işləyən bir xidmət yoxdur. Hamısı bərbad vəziyətdədir. Büdcəni doldurmaq üçün rüsumların artırılması həyata keçirilibsə, rüşvət olmadığı halda xalq buna da razı olardı. Bu məsələlərin hamısı bir-birinə bağlıdır”.

 

Dərmanların siyahısının dövlət satınalmasına salınması və dövlət tərəfindən həmin dərmanların qiymətlərinin tənzimlənməsi məsələsini isə Gözəlov belə şərh edib: “Dərmanı siyahıya salmaqla qiymətini nəzarətdə saxlaya bilmirlər, çünki əczaçılıq da inhisarçıların əlindədir. Buna görə də bu problemi Azərbaycan xalqı yaşamağa davam edəcək. Bu, sadəcə vətəndaşın, hüquqşunasın və ya hansısa ictimai şəxsin məsələsi olmamalıdır. Bu məsələ Dövlət Təhlükəsizliyi Xidmətinin işi olmalıdır. Və hesabat hazırlayıb yuxarıya təqdim etməlidir ki, bu hadisələr baş verir. Ya yuxarı deməlidir ki, mənim bu işlərdən xəbərim var, ya da deməlidir ki, bu işlərdən xəbərim yoxdur, “get onların hamısını cəzalandır”. Məsələnin qoyuluşu, mənim nəzərimcə, belə olmalıdır”.

Müəllif: Aləmdə Nəsib      8 Yanvar 2021 13:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin