Əsas səhifə Haqqımızda Xəbər lenti

Girovluqdan azad edilənlər işgəncələr barədə: “BQXK kömək etmədi”

Girovluqdan azad edilənlər işgəncələr barədə: “BQXK kömək etmədi”

Dilqəm Əsgərov: “15 nəfər məni baş prokurorun yanında döydü. Ayağa qalxmağa halım olmurdu”

 

Şahbaz Quliyev: “BQXK qırılmış əlimin şəklini çəkmək istəmirdi. Çünki əlim şişmişdi”

 

Erməni girovluğundan azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev Bakıda mətbuat konfransı keçiriblər. AYNA-nın xəbərinə görə, onlar girovluqda olarkən başlarına gətirilənlərdən danışıblar.

 

D.Əsgərov deyib ki, ermənilər tərəfindən tutulanda 100 kilodan artıq çəkisi varmış ki, bir qədər sonra ac saxlandığına görə çəkisi 55 kiloya düşüb. Geri qaytarılanda sinəmə, qoluma avtomatla vurdular. 15 nəfər məni baş prokurorun yanında döydü. Ayağa qalxmağa halım olmurdu”.

 

“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən mənə heç bir kömək edilməyib. Amma bu haqda heç bir ölçü götürülməyib. Tək kamerada qalmağımla bağlı BQXK-ya iradımı bildirmişəm. 31 dekabrda - Həmrəylik günündə mənə qondarma rejimin “məhkəməsi” ömürlük həbs cəzası verib. Azərbaycan hökuməti qarışandan sonra Qırmızı Xaç Komitəsi vasitəsilə mənə yemək verilməyə başlandı”, - deyə Əsgərov qeyd edib.

 

Girovluqdan azad edilən vətəndaşımızın sözlərinə görə, 6 il 5 ay Şuşa türməsində qalıb: “Küçədə gəzmək əvvəl yarım saat idi, sonra bunu bir saata qədər uzatdılar. İrəvanda mənə elektrik verirdilər. Məqsədləri Azərbaycan hökumətinin əleyhinə ifadələr almaq idi. İtaliyadan, Almaniyadan jurnalistlər məndən müsahibə götürmək istəyirdilər, imtina edirdim. Deyirdim ki, ancaq Kəlbəcərdə müsahibə verə bilərəm”.

 

“Bizə çox işgəncə veriblər. BQXK qırılmış əlimin şəklini çəkmək istəmirdi. Çünki əlim şişmişdi”.

 

Bu sözləri isə Ş.Quliyev deyib. O, bildirib ki, qondarma qurumun “məhkəməsi” ona 22 il həbs hökmü çıxarıb: “Şuşada bizə baxmırdılar. BQXK-nın gəlməsindən sonra bizə münasibət dəyişdi. Cənab Prezident İlham Əliyevə ümidimiz vardı ki, biz Vətənə qayıdacağıq”.

 

“44 günlük müharibə bütün Ermənistanı çökdürdü. Bu müharibədə ermənilərdə “voennıy” sözünün “v”-sı qalmayıb. Kəlbəcər və Laçını siyasətlə aldıq. Müharibə davam etsəydi, onlarda hərbçi qalmayacaqdı”, - deyə Quliyev qeyd edib.

 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə əsasən, onlar ötən ilin dekabrın 14-də azad edilərək, Vətənə gətiriliblər.

Müəllif: Ayna.az      7 Yanvar 2021 14:51
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin