“Kartofu 50 qəpiyə alıb, 2 manata satıram, əcəb edirəm”

“Kartofu 50 qəpiyə alıb, 2 manata satıram, əcəb edirəm”

Natiq Cəfərli: “Bu prosesdə dövlət və hökumət orqanlarının işi vətəndaşın vergi verib-vermədiyinə nəzarət etməkdir”

 

“Normal ölkələrdə “süni qiymət artımı”, “möhtəkir”, “alverçi” anlayışları olmur. Dövlət və hökumət də qiymətləri inzibati yolla tənzimləmir. Rəqabətli və ədalətli iqtisadi şərait yaradır, təşviq proqramları qəbul edir, vergi və gömrük güzəştləri ilə qiymətləri tənzimləyir”.

 

AYNA xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında iqtisadçı-ekspert Natiq Cəfərli paylaşım edib. “Mən – vətəndaş 50 qəpiyə aldığım kartofu 2 manata sata bilərəm, bu, mənim haqqımdır. Bu, nə möhtəkirlikdir, nə alverçilik, nə də süni qiymət artımı”, - deyə o yazıb.

Ekspertin sözlərinə görə, bu prosesdə dövlət və hökumət orqanlarının nəzarəti ancaq vətəndaşın vergi verib-vermədiyinə ola bilər: “Yəni, hər kq-da 1,5 manat qazanıramsa, əcəb edirəm, həmin qazancın vergisini verməliyəm – dövlət və hökumət qarşısında başqa heç bir öhdəliyim yoxdur!”

 

“Ağıllı hökumət bazara dolayı təsir mexanizmləri işlədir: Məsələn, kartof əkməyi stimullaşdıran addımlar atır, kartof əkəni vergidən azad edir, ona gübrə və yanacaq güzəşti verir, uzun vədəli və ucuz kreditlərə çıxış imkanı yaradır. Bu zaman bolluq yaranır, qiymətlər də təbii, orqanik şəkildə aşağı düşür”, - deyə N.Cəfərli vurğulayıb.

 

Qeyd edək ki, avqustun 22-də Baş Nazirin müavini Əli Əhmədov və Kənd Təsərrüfatı naziri İnam Kərimov bazara gedib, satıcılarla görüşüb, qiymətlərlə maraqlanıb. Ə.Əhmədov satıcıların birindən kartofun qiymətini soruşub. Satıcıdan “iki manat” eşidincə, Ə.Əhmədov qiymətin baha olduğunu deyib: “Yayın ortasında iki manata kartof olmaz”.

Müəllif: Ayna.az      24 Avqust 2019 15:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin