Əsas səhifə Haqqımızda Xəbər lenti

Şəthiyə: Aşiqi ölümə aparan eşq

Şəthiyə: Aşiqi ölümə aparan eşq

Sufilərə görə, şəthiyələrə dözüm göstərilməli, amma onlar yayılmamalı və nümunə olaraq göstərilməməlidir

 

Şəthiyə - İlahi feyz və qüvvətli təcəllilərlə coşub-daşan Allah dostlarının yaşadıqları hal səbəbi ilə qeyri-ixtiyarı söylədikləri, iddiaya bənzər tərzdə mənalar ehtiva edən, ilk baxışda, zahirən şəriətə zidd olan sözlərə verilən ümumi addır. Bəzi övliyalar bu sözləri çox vaxt özlərindən asılı olmadan söyləyər, bu səkərat (şüuru itirmə) halı keçdikdən sonra isə söylədiklərinə peşman olub tövbə və istiğfar edərlərmiş.

 

Həyatlarının İslam dininin əsaslarına uyğun olduğu bilinən şəxslərin ağzından çıxan şəthiyələr qəbul edilməsə belə, onlara hörmət etmək, bu şəthiyələrin fərqli hisslər və halların təsiri ilə söyləndiyini düşünmək və bilmək lazımdır. Necə ki, böyük sufi alimi Həllac Mənsurun “ənəl-haqq” deməsi, Bəyazid Bistaminin “sübhani” sözləri qəbul olan və dəyərləndirilən şəthiyələrdəndir. Çünki həqiqət və mərifət sahibləri onların nə demək istədiyini bilər və hörmət göstərərlər. Halbuki, Həllacın şəthiyəsi onun edamına səbəb olmuşdu.

 

Həmçinin, Həzrət Əli və İslam dininin digər böyüklərinin adı ilə məşhur olan “Görmədiyimə inanmaram” kimi ifadələr də şəthiyədən gələn fikirlərdir və əsl mənası imanda “eynəl yəqin” (duyğu orqanları vasitəsi ilə görmək və müşahidə etmək) və “həqqəl yəqin” (daxili dünya ilə fəhm olunan elm) mərtəbələrinə və ehsan dərəcələrinə çatmaq və göstərməkdir. Yəni, Allahı görürmüş kimi xidmətində daynmaq, bir növ vəhdəti-şühud deyə biləcəyimiz bu məqam - Allaha imanın şühuda (müşahidəyə) çevrildiyini göstərməkdədir.

 

Deməli, şəthiyə zahirən müzakirəyə səbəb olacaq hal və düşüncə tərzi kimi görünsə də, əslində Allaha gedən yol və həqiqətə aparan eşqin təcəssümüdür. Çünki burada nəzərdə tutulan görmək elmi dünya gözü ilə Allahın varlığını görmək yox, bəsirət gözü ilə Allahın qüdrətini, ucalığını, birliyini, sifət və adlarının təcəllilərini görməkdən ibarətdir. Şəxsindən keçib Cənabı-Haqqı idrak edə bilməkdir.

 

Sufi alimləri həqiqət əhlinin səhvləri olaraq görülən şəthiyələrə dözüm göstərilməli olduğunu düşünər, ancaq izah edilməmələrini, yayılmamalarını və nümunə olaraq göstərilməmələrini tövsiyə edərdilər. Ki, şəthiyə halının yanlış başa düşülə biləcəyi üçün gizli qalması daha münasibdir. Digər tərəfdən, şəthiyə əsnasında şəxsin Allah eşqindən özünü itirməsi şəthiyənin təbii və insana xas əlamət olması ilə də uyğundur. Çünki insan çox sevinəndə və ya kədərlənəndə ağlını və iradəsini idarə edə bilmir, həyəcan və təəccüb nəticəsində söyləmək istəmədiyi bir söz söyləyir, lakin sonradan peşman olub üzr istəyir.

 

Bu məqam “Quran” və hədislərdə də öz təsdiqini tapır. Məsələn, Həzrəti Məhəmməd Peyğəmbər də bir hədisində dəvəsini çöldə itirən bir insanın həyatının təhlükədə olduğunu və qəfildən dəvəsini görəndə həyəcanından “Allahım, mən sənin qulunam, sənsə mənim Rəbbim” demək əvəzinə, “Allahım, sən mənim qulumsan, mənsə sənin Rəbbin” deyərək şəthiyəyə işarə etmişdi.

 

Bununla yanaşı, təsəvvüfün bizə ən yaxın olanı Türk sufi ədəbiyyatında da bir çox şəthiyə nümunələrinə rast gəlmək olar. Məsələn, Yunus Əmrənin “Alça budağına çıxıb üzüm yedim”, Hacı Bayram Vəlinin “Allahım iki dünya arasında bir şar yaradıb, baxınca yarım görünür o şarın kənarında”, Əşrəfoğlu Ruminin, “Sanırsız Əşrəfoğluyam, amma nə rumluyam, nə də iznikli. Mən əbədi olan biriyəm, sadəcə insan surətinə bürünmüşəm”, Niyazi Misrinin “18 min aləmi seyr elədim dayanmadan, nəhayət, Kəbəyə çatıb sirrə qovuşdum” kimi misraları Türk sufi ədəbiyyatının ən məşhurlarındandır.

 

Şəthiyələrdəki əsl həqiqət, həqiqəti məcazarla bildirməkdən ibarətdir. Buna görə də şəthiyələr “işarət dili, məna dili, quş dili, əcayib-qəraib” şəklində də zaman-zaman ifadə edilmişdi.

Müəllif: Mərahim Nəsib      4 Yanvar 2021 23:24
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin