Əsas səhifə Haqqımızda Xəbər lenti

Ağılsızların revanş cəhdi və ya Ermənistan üçün növbəti fəlakət

Ağılsızların revanş cəhdi və ya Ermənistan üçün növbəti fəlakət

Vitali Arkov: “Düşünürəm ki, revanş cəhdi Ermənistana yeni qurbanlardan başqa bir şey verməyəcək”

 

Tofiq Abbasov: “Bu gün Ermənistan ordusunun 80 faizi yoxdur, məhv edilib və belə olan halda revanşdan danışmaları gülüncdür”

 

Ötən il sentyabrın 27-də başlayan və 44 gündən sonra Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ savaşından sonra Ermənistanda eyforik vəziyyət yaranıb. Ordusu məğlub olan, siyasi xaosun məngənəsində sıxılan Ermənistanda bəzi revanşistlər avantürist bəyanatlarından əl çəkmirlər. Düzdür, 10 noyabrda müharibənin dayanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata qarşı gələn, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin böyük əksəriyyətinin yenidən müharibə etmək çağırışları görünmür. Amma bəzi məmurlar, hərbçilər, xırda müxalif qüvvələr tərəfindən yenidən işğalçılığa səsləyən açıqlamalar da yox deyil.

 

İşğal etdikləri və İkinci Qarabağ müharibəsində itirdikləri əraziləri yenidən işğal etmək üçün çağırış edənlər, əsasən Dağlıq Qarabağ separatçılarıdır. Xüsusən də, Xocalı qatillərindən olan Vitali Balasanyan kimi, separatçıların köhnə hərbçiləridir ki, onlar güclənməkdən, yenidən Azərbaycanın azad etdiyi ərazilərə hücum təşkil edilməsindən danışırlar.  

 

Azərbaycan tərəfi rəsmi şəkildə revanş istəyənlərə xəbərdarlıq edib, həm də ölkə başçısı səviyyəsində. Azərbaycan Prezidenti İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciətində bir daha erməni separatçılarına barmağını silkələdi: revanşa cəhd edilsə, Azərbaycan Ordusunun sərt yumruğunu bir daha “yeyəcəklər”. Yəni, Ermənistandakı bəzi dairələr, erməni separatçıları tam məhv olmaq istəmirlərsə, xülyalardan ayılmalı, avantüradan əl çəkməlidirlər.

 

Ekspertlər də bildirirlər ki, Ermənistan revanş cəhdi etsə, sonu bu xalq üçün faciə ilə nəticələnəcək. Əksinə, bir çox analitiklər hesab edirlər ki, Ermənistan rəhbərliyi və erməni xalqı çürük ideologiyadan əl çəkməli, ölkələrinin inkişaf etməsini istəyirlərsə Azərbaycan və Türkiyə ilə normal münasibətlərə can atmalıdırlar.

Oxu.az - Vitali Arkov: Ermənistan fəlakətə yalnız Moskvanın dəstəyi  sayəsində düçar olmadı - EKSKLÜZİV

Rusiyalı politoloq Vitali Arkov hesab edir ki, hələ bir müddət rəsmi İrəvanın da, millətçi erməni kəsiminin də ritorikası dəyişməyəcək: “Aydındır ki, bu gün Ermənistan cəmiyyəti 10 noyabr razılaşmasından və üçtərəfli bəyanatdan narazıdır. Məsələ burasındadır ki, uzunmüddətli təbliğat Ermənistandakı insanların alt şüuruna təsir edib. İndi hakimiyyətə gəlmək istəyən siyasilər də bəzi hallarda bu təbliğatla bəslənən seçicilərin eşitmək istədiklərini söyləyirlər. Amma onlar içlərində anlayırlar ki, məğlub olublar və məğlubiyyətlə barışmağa məcburdurlar”.

 

“Məğlubiyyəti qəbul edən, Ermənistanın inkişafı üçün sıfırdan başlamağı söyləyən ağıllı insanlar da var. Onlar deyirlər ki, sülh içində, Azərbaycan, Türkiyə ilə harmoniya içində yaşamağı öyrənməliyik. Faktiki olaraq, ölkə iqtisadiyyatı dağılıb və bunu bərpa etmək lazımdır. Ermənistandakı ağıllı adamlar başa düşürlər ki, hərbi revanş cəhdi ölkədəki fəlakətin daha da dərinləşməsinə səbəb olacaq. Bununla da Ermənistan tamamilə məhv olacaq. Düşünürəm ki, revanş cəhdi Ermənistana yeni qurbanlardan başqa bir şey verməyəcək”, - deyə Arkov vurğulayıb.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - İki  sahil

Politoloq Tofiq Abbasov da AYNA-ya deyib ki, Ermənistan rəhbərliyinin, ermənilərin ağlı varsa, revanş ideyasından əl çəkməlidirlər: “Ermənistan daxilində müxtəlif qruplar var ki, onlar yenidən hücuma keçmək niyyəti güdürlər və bunu açıq deyirlər. Guya, “Azərbaycana dərs verəcəklər”. Amma dərk etmirlər ki, onlar strateji cəhətdən məhv olublar. Heç bir şansları yoxdur ki, ayağa qalxıb, yenidən ərazilər işğal edə bilsinlər. Əlbəttə, bəzi kəsimlər də reallığı dərk edir, bilirlər ki, 30 ilə yaxın bütün imkanlarını səfərbər edib qurduqları ordularını Azərbaycan Ordusu 44 günə darmadağın etdi. Bu gün Ermənistan ordusunun 80 faizi yoxdur, məhv edilib. Belə olan halda revanşdan danışmaları gülüncdür”.

 

Analitik dövlət başçısının ismarıcını xatırladıb: “Azərbaycan lideri İlham Əliyevin də dediyi kimi, revanş cəhdi onların sonu olacaq. İndi Ermənistan gərək qonşuluq, sülh siyasətinə qayıtsın. Çünki bundan sonra Ermənistanın heç bir hərbi strategiyası özünü doğrulda bilməz. Ağılları varsa, birgəyaşayışa can atarlar”.

 

“Prezident İlham Əliyev müraciətlərində bildirib ki, ermənilər Azərbaycanda yaşaya bilərlər. Əlbəttə, Dağlıq Qarabağ erməniləri separatçılara qulaq verməsələr, inkişaf etmiş Azərbaycanın tərkibində hər vətəndaşımız kimi bütün hüquqlardan yararlanaraq yaşamağı qəbul etsələr, qazanmış olacaqlar. Azərbaycan rəhbərliyi həm də separatçıların əlində əsir-yesir qalmış Qarabağ ermənilərini xilas edir. İstəməsələr, çıxıb gedəcəklər. Revanş cəhdi bütün hallarda Ermənistanın da Qarabağ separatçılarının da intiharıdır”, - politoloq əlavə edib.

 

T.Abbasov vurğulayıb ki, Ermənistanın bundan sonra dirçəlməsi üçün şans var: “O şansı da yenə Azərbaycand yaradır. Əgər rəsmi İrəvan məkrli siyasətdən, qarşıdurma meyllərindən əl çəksə, onlar bölgədəki layihələrə qatıla bilərlər. Düzdür, onların problemləri ağırdır, işləri çətindir, amma gərək özləri bunu istəsinlər. Güclə, zorla erməniləri bu işə heç kim sövq edə bilməz. Bunun üçün də onların siyasi qüvvələri ilk növbədə düşmənçilik siyasətindən uzaqlaşmalıdırlar”.

Müəllif: Anar Bayramoğlu      5 Yanvar 2021 13:24
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin