Əsas səhifə Haqqımızda Xəbər lenti

Xəzər təhlükədədir: Avropalılar həyəcan təbili çalır, bizimkilərin isə fikirləri haçalanır

Xəzər təhlükədədir: Avropalılar həyəcan təbili çalır, bizimkilərin isə fikirləri haçalanır

Hollandiyalı mütəxəssislərin proqnozuna görə, bütün sahilyanı bölgələr əziyyət çəkəcək və dəniz heyvanlarının sayı azalacaq

 

Xəzər dənizi, bəzi ekspertlərin fikrincə, təhlükə altında olan unikal bir ekoloji sistemdir. Məsələn, Hollandiyanın Biomüxtəliflik Naturalis Mərkəzinin alimləri açıqlama verdilər ki, dünya okeanlarının səviyyəsi qlobal istiləşmə səbəbindən yüksəlsə də, temperaturun artması səbəbindən Xəzərdəki suyun həcmi kəskin azalır.

 

İstixana tullantılarının həcmindən asılı olaraq, Xəzər dənizi əsrin sonuna qədər 34% azala və suyun səviyyəsi 2100-cü ilə qədər 9-19 metr enə bilər. Nəticədə bütün sahil xətti əziyyət çəkəcək və Xəzərdə balıq azalacaq. Bu vəziyyət, ümumiyyətlə, dənizin buz əmələ gəldiyi şimal hissəsində yetişən Xəzər suitilərini də təhdid edir. Yerli əhali üçün itkilər də böyük olacaq. Alimlər Xəzərdə iqlim dəyişikliyi ilə bağlı proqnozların hələ də səhv olduğunu və bir kompüter modelinin bölgədəki yağıntının azalması miqyasını aşağı qiymətləndirə biləcəyini vurğulayırlar.

 

AYNA vəziyyəti ekspertlərlə müzakirə edib.

 

AMEA Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev narahatlığa heç bir səbəb görmür: “Alimlər uzun müddətdir Xəzərin səviyyə rejimi üzərində işləyirlər. Bu sahədə ilk instrumental müşahidələr 1837-ci ildə Bakıda başlayıb. İndi bu cür ölçmələr dənizin bir neçə nöqtəsində aparılır. Köhnə coğrafi məlumatlar Xəzər dənizinin səviyyə rejimində bir dövriyyənin olduğunu göstərir. Təxminən, hər 250 ildən bir Xəzərin səviyyəsi azalır və növbəti 250 ildə yüksəlir. Xəzərin ən yüksək səviyyəsi 1862-ci ildə qeydə alınıb. Bundan sonra səviyyə düşməyə başlayıb və bu, 250 illik bir dövrə uyğun gəlir”.

 

“Onun müvəqqəti olaraq, 1-1,5 metr azaltması mümkündür. Sonra yenidən yüksələcək. İndi Xəzər dənizinin səviyyəsi Baltik dənizinin səviyyəsindən 28 metr aşağıdır. 1977-ci ildə səviyyə indikindən bir metr aşağı idi. 1978-1995-ci illərdə su, əsasən iqlim amillərinə bağlı olaraq 2,5 metr qalxdı. 1995-ci ildən bu günə qədər suyun səviyyəsi, təxminən 1,5 metr azalıb”, - Əliyev bildirib.

 

Ekoloq Telman Zeynalov da həyəcanlanmağa dəyəcək durum olmadığı qənaətindədir: “İndi hələ də yaxın 10 gün üçün havanın necə proqnozlaşdırılacağını öyrənə bilməyiblər, o ki qala on illər ərzində ətraf mühitin proqnozlaşdırılmasına. Qlobal istiləşmə deyil, qlobal soyuma gəlir. Hollandiyalı alimlərin araşdırmasına şübhə ilə yanaşsam da, yenə vəziyyəti aydınlaşdırmaq üçün Xəzəryanı ölkələrin alimlərinin öz monitorinqlərini aparmalı olduqlarını düşünürəm”.

 

Lakin “Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev həyəcan təbili üçün bir səbəb olduğuna əmindir: “İndi biz Xəzərin ekoloji vəziyyəti ilə bağlı məsələlərdə uçurumun qırağındayıq. Bənzərsiz su anbarı üzərində uzun müddətdir problem yaranıb. Xəzər dənizinin problemləri mənə tanışdır, mən 2000-ci ildən - Xəzər dənizinin suitilərinin ilk kütləvi ölümlərinə başlayanda dənizimizdə bir şeyin baş verdiyi barədə ilk həyəcan siqnalları çıxandan bəri onlarla çox məşğul oldum. Sonra USAID tərəfindən maliyyələşdirilən bir layihə həyata keçirdik, məqsəd suitilərin ölüm səbəblərini müəyyənləşdirmək idi. Yalnız 2000-ci ilin iyul ayı ərzində özünü sahilə atmış 750 ölü suiti cəmdəyini saydıq. Araşdırmada bizə könüllü olaraq kömək edən Tariyel Heybətov da daxil olmaqla, suitiləri tədqiq edən elm adamları iştirak edirdi”.

 

Onun sözlərinə görə, layihələri ilə Xəzəryanı dövlətlərin rifahının böyük dərəcədə asılı olduğu bu su anbarı probleminə diqqət cəlb etməyə çalışıblar: “Ancaq istənilən nəticə əldə olunmadı. Beynəlxalq təşkilatlar, müxtəlif neft şirkətləri bu problemlə maraqlandı, təcrübə mübadiləsi üçün onları ABŞ-a dəvət etdilər, lakin beş Xəzəryanı ölkədən heç bir şəkildə reaksiya verilmədi”.

 

Qarayevin sözlərinə görə, suitilərin ölümünə Xəzər dənizinin ekosistemi, o cümlədən neft və qaz hasilatı təsir göstərir: “Xəzər suitisi Xəzərin barometridir. Xəzər dənizində yaşayan hər növ canlı bir-biri ilə əlaqəlidir, amma zəncirin yuxarı hissəsində suitilər dayanır. Artıq kritik nöqtəyə çatmış və sonra tamamilə yox ola biləcək bu növün ölüm səbəblərindən biri də iqlim dəyişikliyidir. İqlim dəyişikliyi bütün əsas növlərə və bütövlükdə dənizin vəziyyətinə, dənizin şimalındakı buz örtüyünün qalınlaşmasına və dayazlaşmasına təsir göstərir. Bu problem barədə susmağa çalışırlar, özlərini ondan uzaqlaşdırırlar, lakin bununla problem heç bir yerə itmir”.

 

“Su təchizatı azalır, duzluluq artır, sahilyanı ərazilərdə yeraltı sular duzlaşır, fitosenoz və bu ərazilərdə böyüyən bitki örtüyü dəyişir, yəni zəncirvari reaksiya baş verir. Dəniz şəraitindəki dəyişikliklər sahil bölgələrinin bütün ekosisteminə təsir göstərir. Dayazlaşma fəlakətli nəticələrə gətirib çıxaracaq və baş verənlərə göz yummaq mənəviyyatsızlıqdır. 2000-ci illərin sonunda əsas vəzifəsi Xəzərin biomüxtəlifliyini qorumaq olan Tehran Konvensiyası imzalanmışdı. Bəs sonunda nə edildi? Heç nə! Xəzər dənizinin hansı ekoloji problemi həll edildi? Heç biri! Yalnız hay-küylü açıqlamalar var idi. Nə etməli? Xəzər dənizinin vəziyyətini yaxşılaşdırmaq üçün əməli addımlar atmaq lazımdır - çirkab suları, çirklənmə üzərində nəzarəti gücləndirmək, ekoloji qanunvericiliyi gücləndirmək, dənizlə əlaqəli bütün növ fəaliyyətlər üçün ekoloji standartları sərtləşdirmək, gəmiçilik, neft hasilatı və s. Üstəlik bütün bunları etməyə dərhal başlamaq lazımdır, sonra çox gec olacaq”, - mütəxəssis vurğulayıb.

Müəllif: Elya Belskaya      4 Yanvar 2021 15:47
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin