Əsas səhifə Haqqımızda Xəbər lenti

COVID-19 həqiqətləri: Vaciblər, tövsiyələr, təhlükələr

COVID-19 həqiqətləri: Vaciblər, tövsiyələr, təhlükələr

Həkim: “İdeal müayinə deyilən bir şey yoxdur, təəssüf ki, müayinə səhvlərinin nəticəsində də xəstələr çox böyük əziyyət çəkirlər”

 

Lüzumsuz müayinə və müalicənin orqanizmə mənfi təsirini hər kəs bilir. Lakin COVID-19 virusunun anidən yayılması, vahid müayinə, müalicə metodunun olmaması, eyni zamanda açıqlanan statistik nəticələr insanlarda psixoloji gərginlik, təlaş yaratmaqda davam edir. Başqa vaxt rentgen şüasının zərərindən danışan insanlar bu gün xəstəxanalarda “birdən yoluxmuş olaram, xəbərim olmaz” şübhəsi ilə Kompüter Tomoqrafiyası (KT) otağının qarşısında sıraya düzülür, aptekdən əlinə keçən antibiotikləri, antiviral dərmanları almağa çalışır, özünü müalicə üçün internet aləmindən həkim reseptləri axtarırlar.

 

Həkimlərin digər xəstəliklərdə olduğu kimi, COVID-19-un müalicəsində də “hər bir xəstəyə individual yanaşma vacibdir” deməsinə baxmayaraq, ümumi gərgin vəziyyətin fonunda, insanların bu cür reaksiyası, əslində başadüşüləndir. Mövzuya dair AYNA-nın suallarını pediatr-ailə həkimi Şənlik Babayeva cavablandırıb.

 

- Şənlik xanım, asimptomatik COVID-19 xəstələrinə müalicə lazımdırmı?

 

- Əvvəla, onu qeyd edim ki, nəinki COVID-19-da, eyni zamanda digər xəstəliklərdə də asimptomatik diaqnozunu qəbul etmirəm. 40 ilə yaxın praktik təcrübəsi olan həkim kimi mən heç bir xəstəlikdə “asimptomatik” sözünü işlətmək istəmirəm. Çünki diqqətli oldquda, sırf hansısa xəstəliyə aid hər hansı simptoma rast gəlmək, tapmaq mümkün olur. Sadəcə simptomların həddindən artıq zəif olması və ya daha çox rast gəlinən simptomların qabarıq olmaması səbəbindən xəstəliyin olub-olmaması bir az şübhə altına alınır, buna görə də asimptomatik kimi qiymətləndirirlər. Bunlar da immun sisteminə aid olan məsələlərdir.

 

Müqayisə üçün deyə bilərəm ki, bir neçə adam eyni xəstəliyi yüngül, ağır, daha ağır formalarda keçirə bilər. Bu da immun siteminə bağlıdır. İndiyəcən minə yaxın COVID-19 xəstəsi ilə işləmişəm, modul tipli xəstəxanada da işlədiyim müddətdə asimptomatik diaqnozu qoyulan COVID-19 xəstələrinin hamısında məlum simptomlar olmasa da, yuxarı tənəffüs yollarına baxdığımızda tipik iltihab əlamətləri görünür, yəni udlağın arxa divarının dənəvari quruluşlu iltihabı ilk nəzərə çarpır. Çox qəribədir ki udlağın arxa divarı iltihablı olur, amma onun yanlarında yerləşən damaq badamcıqlarında heç bir iltihabi dəyişiklik olmur.

 

Müalicəyə qaldıqda isə, əgər COVID-19 testinin nəticəsi pozitiv çıxıbsa və simptomlar özünü qabarıq şəkildə göstərmirsə, bu, xəstə üçün təhlükəli deyil. Ancaq onunla təmasda olanlar üçün çox qorxuludur. Çünki həmin şəxs daşıyıcı sayılır və kontaktda olduğu şəxsləri bilməyərəkdən yoluxdura bilər. Yoluxan şəxslərin də immun sistemi zəifdirsə, ağır əlamətlərlə keçirə bilərlər. Yəni asimptomatik xəstələrin yoluxdurma riski çox yüksəkdir. Çünki asimptomatik xəstə sağlam göründüyünə görə onunla kontaktda olanlar qorunma tədbirlərinə ciddi nəzarət etmir, daha sıx kontaktda olduqlarında yoluxma tezliyi də daha çox olur. Buna görə də mən hesab edirəm ki, asimptomatik COVID-19 xəstələrini də müalicə etmək lazımdır. Burada antiviral müalicə tətbiq etmək olar. Eyni zamanda, xəstə çox miqdarda maye qəbul etməli, immun sistemini qaldıracaq təbii vasitələrdən – C vitamini ilə zəngin qidalardan istifadə etməlidir. C vitamini immuniteti gücləndirir, iltihaba qarşı amillərin güclənməsinə səbəb olur. Özünümüalicə vasitəsi kimi cəmiyyətdə çox yayılmış sistem - “deksametazon”, antibiotik dərmanlardan istifadəni asimptomatik xəstələrdə məsləhət görmürəm. Ancaq antiviral müalicə və düzgün, keyfiyyətli qidalanmanı məsləhət bilirəm.

 

- KT müayinəsi hansı halda labüddür? Xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirmədə KT müayinəsini dəqiq və düzgün yanaşma hesab etmək olar?

 

- Necə ki, xəstəliyi asimptomatik formada keçirən bəzi xəstələr lazım olmayan müalicələr edirlər, eləcə də nəticəsi pozitiv çıxanlar çox vaxt mütləq KT müayinəsindən keçməyə çalışırlar. Bu da çox yanlışdır. Hər bir müayinəyə göstəriş lazımdır, bu qərarı da həkim verməlidir. Hər bir işdə olduğu kimi bu məsələdə də lüzumsuz addımların çox pis nəticələri ola bilər. Buna görə də həkim tərəfindən göstəriş olmadan KT müayinəsindən keçməyi məsləhət görmürəm. KT müayinəsi üçün göstəriş o zaman verilir ki, COVID-19 testinin nəticəsi pozitiv çıxır və bir neçə simptom özünü göstərir, müalicə fonunda heç bir yaxşılaşma müşahidə olunmur, xəstədə təngnəfəslik, döş qəfəsində həddindən artıq ağrı, get-gedə boğulmanın artması kimi hallar olur. Bu zaman KT müayinəsi üçün həkimin göndəriş yazmağa əsası olur.

 

KT müayinəsi yüz faizlik diqanostik üsul deyil. Çünki burada hər kəsin artıq əzbər bildiyi buzlu şüşə sindromu qeyd olunur və buzlu şüşə diaqnozu təkcə COVID-19-un ağırlaşması kimi təsbit olunmur. Bir çox hallar var ki, onlarda da buzlu şüşə sindromu ola bilər. KT müayinəsi və bunun nəticəsində diqanozun qoyulması yüz faiz dəqiq olmaya da bilər. Çünki çox hallarda xəstədə heç bir əlamət olmur, sadəcə kimləsə kontaktda olduğu üçün gedib KT müayinəsi olunur və ona da bu diqanoz qoyulur. Bu da stress, təlaşlanma yaradır.

Kompüter tomoqrafiyası — Vikipediya

Yeri gəlmişkən, COVID-19 virusuna yoluxma riskini artıran səbəblərdən biri də elə stress faktorudur. Çox vaxt müayinə səhvləri də ola bilir. İdeal müayinə deyilən bir şey yoxdur. Təəssüf ki, müayinə səhvlərinin nəticəsində də xəstələr çox böyük əziyyət çəkirlər. Çünki bəzi hallarda müalicə düzgün təyin olunmur və yaxud da xəstələrə yersiz müalicələr təyin olunur. Bu da yoluxmuş və immun sistemi zəif xəstənin orqanizminə əlavə zərbə olur. Ona görə də mən KT müayinə üsulunu ancaq ağırlaşmış hallarda məsləhət görürəm. Çünki bu müayinənin də digər rentgen müayinələri kimi müsbət diaqnostik cəhəti olduğu kimi, bizim bildiyimiz və bilmədiyimiz mənfi cəhətləri də var.

 

- 37 dərəcə temperatur, iybilmə, dadbilmə qabiliyyətini itirənlər, əzələ ağrısı olanlar, qusma, diareya kimi əlamətlərlə xəstəliyi keçirənlər üçün müalicə nə dərəcədə vacib və hansı hallarda lazımlıdır?

 

- COVID-19-un müalicəsində hər bir xəstəyə individual yanaşılmalıdır. Yəni etalon bir mülaicə sxemi yoxdur ki, hamıya eyni müalicə tətbiq olunsun. Temperaturun 37 dərəcədən bir qədər yuxarı olması qızdırma sayılmır. Tibbdə hər kəsin bildiyi kimi, bədən temperaturunun 38 dərəcədən yuxarı olması qızdırma sayılır. 38 dərəcəyə qədər olan subfebril temperatur sayılır və onun özünün də immun sisteminə müsbət təsirləri var. Test nəticəsi pozitiv çıxıbsa, hər bir halda müalicə lazımdır, ancaq 38 dərəcədən yuxarı olan xəstələrlə temperaturu 37 dərəcədə olan xəstələrin müalicəsində fərq olmalıdır. Temperatur aşağıdırsa, antibakterial müalicədən daha az istifadə olunmalı, antiviral müalicə əsas olmaldır. İndividual yanaşma lazımdır.

 

- “Arbidol”, “Erqoferon”, “Tamiflu”, “Favipravir”, “Remdesevir” kimi dərmanlardan hansılar müalicədə daha effektivdir?

 

- Antiviral müalicədə bu dərmanlardan hansınınsa istifadəsi vacibdir, ancaq bu müalicədə onların effektivliyi hamıda eyni deyil. Həmçinin, həmin dərmanların effektivliyi yüz faiz də deyil. Virusun təsiri kimi dərmanların təsiri də orqanizmin immun sisteminə bağlıdır. Buna görə də hamıda eyni dərəcədə təsir göstərmir. Fərdilik nəzərə alınaraq istifadəsi lazımdır. Xəstəliyin ağırlaşma riskini azaldır, amma yüz faiz effekt alınmasını demək çətindir. Nəticə immun sisteminə bağlı olaraq dəyişir.

 

- “Azitromisin” dərmanının da effektivliyi haqda çox danışılır. Bu dərman haqda fikriniz necədir?

 

- “Azitromisin” geniş təsir spektrli makroid qrupuna aid antibiotikdir. Bunun tətbiqi həm praktikdir, həm də əlavə təsirləri çox azdır. Amma COVID-19 xəstəliyini yaradan virusdur. Bakteriya ilə virus başqa mikroorqanizmlərdir. Lakin burada antibakterial dərmandan istifadə olunmaının səbəbi budur ki, virus orqanizmin immun sistemini zəiflədir. Ətrafımız da mikroblarla, bakteriyalarla doludur. Ətraf mühitdə, havada çirklənmə çoxdur. İdeal təmziliyi gözləmirik. Buna görə də virus immun sistemimizi zəiflətdiyindən bakteriyaların yaradacağı risk artır deyə istifadə olunur. Həmçinin qeyd edim ki, asimptomatik formalarda lazım olmasa da, hər hansı əlamətlər qabarıq formada özünü göstərdiyində müalicədə istifadə olunur. Bu da bakterial ağırlaşmaların qarşısını almaq üçündür. Virus əleyhinə olmasa da, COVID-19 virusunun zəiflətdiyi orqanizmdə bakterial ağırlaşmanın qarşısını almaq üçün istifadə olunur və effektivliyi yaxşıdır.

C vitamini faydaları nelerdir?

- Qabaqlayıcı tədbir kimi, eləcə də virusa yoluxduqdan sonra müalicə müddətində C vitamin qəbulu nə dərəcədə doğrudur? Kömək edirmi?

 

- Vitamin C orqanizmdə iltihab amillərinin, eləcə də böyrəküstü vəzin fəaliyyətinə təsir edərək hormonlarının sintezini artırır. Həmin hormonlar da iltihaba qarşı mübarizədə iştirak edir. Buna görə də C vitamini qəbulu kifayət qədərdirsə və ya çatışmazlığı yoxdursa, orqanizmin iltihab əleyhinə mübarizə amilləri güclüdür, buna görə də vitamin C qəbulu lazımdır. Hazırda pandemiyadır və hər kəsin yoluxma riski yüzdə yüzdür. Lakin hər kəsin dərman şəklində qəbulu mütləq deyil. Yoluxmamış və ya xəstəliyi asimptomatik keçirənlər yaxşı olar ki, C vitamini qida rasionunda qəbul etsinlər. Xəstəliyi orta ağır və ağır keçirənlər tablet, iynə formasında mütləq vitamin C qəbul edirlər, etməlidirlər. Bu, sağalma prosesini tezləşdirir.

Müəllif: Aləmdə Nəsib      30 Dekabr 2020 13:26
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin