Əsas səhifə Haqqımızda Xəbər lenti

“Bu xalq dostluq üçün yox, düşmənçilik üçün yaradılıb” – AQŞİN YENİSEY

“Bu xalq dostluq üçün yox, düşmənçilik üçün yaradılıb” –         AQŞİN YENİSEY

Yazıçı: “Müharibədən qabaqkı aciz, ümidsiz, miskin günlərə dönmək üçün bəhanələr axtarırlar”

 

30 ilə yaxındır erməni separatçılarının tapdağı altında olan Qarabağ azadlığına qovuşdu. Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan İkinci Qarabağ savaşı 44 günə ərazilərin işğaldan təmizlənməsi ilə nəticələndi. Azərbaycan cəmiyyətində hazırda müharibənin nəticələri, Azərbaycanın zəfəri müzakirə olunur.

 

Bununla yanaşı çoxlu suallar var. Məsələn, bundan sonra necə olacaq? Suallar, əsasən də işğalçı qonşumuzla, yəni, Ermənistanla bundan sonrakı münasibətlərimizlə bağlıdır. Sülh, xalqların birgəyaşayışı, Xankəndidə Azərbaycan bayrağının dalğalanması üçün dikilən gözlər...

 

Cəmiyyətin müzakirələrində hər zaman mədəniyyət, ədəbiyyat adamlarının da fikirləri önəm kəsb edir. İctimaiyyətin gözləntiləri, müharibənin nəticələrinin xalqın özünə inamını bərpa etməsindən tutmuş, ermənilərlə barış məsələlərinə qədər, AYNA-nın suallarını tanınmış şair və yazıçı Aqşin Yenisey cavablandırıb...

 

- Azərbaycan Ordusu 44 günlük müharibə ilə, 30 ilə yaxındır işğalda olan ərazilərin demək olar ki, 90 faizini azad etdi. Qalib xalqın şairi, yazıçısı olmaq necədir?

 

- Gəlin, əvvəlcə bunu deyək ki, biz Qarabağda erməni maskası taxmış rus imperializmi ilə döyüşürük, həm də üç əsrə yaxındır, erməni keşişləri Ori ilə Minasın I Pyotrun qapısı ağzında boyun bükdüyü gündən bəri. İndi isə sərhədlərin bərpası o deməkdir ki, bundan sonra Qarabağ bölgəsində baş verənlər bütün hallarda Azərbaycanın daxili məsələsi olacaq - görüntüdə yad elementlər olsa da. İki əsrə bərabər bir zaman sürəsində Azərbaycan xalqı ilk dəfə itirdiyi torpaqlarını geri qaytarıb. Bu, milli şüurumuz üçün yeni bir başlanğıcdır. Biz, az qala, Platonovun “Can” xalqının aqibəti ilə üz-üzə qalmağın bir addımlığında idik. Artıq Azərbaycanı deyil, dünyanı sevməyə başlamışdıq. Bu, insanpərvərlik, bəşərsevərlik duyğusu deyildi - biz, sadəcə, vətənimizlə vidalaşamağa, dünyaya səpələnməyə hazırlaşırdıq. Dünya azərbaycanlılarının, məsələn, dünya ermənisindən, fərqli olaraq dünyada çox tezliklə əriməsi, yoxa çıxması, “itkin düşməsi”, özünü xəyalət kimi aparması da, bu iki yüz il ərzində davamlı olaraq torpaq itirən Azərbaycana, onun gələcəyinə olan inanmsızlığın, ümidsizliyin nəticəsi idi. Yəhudilərin “Tövrat” kimi qoltuqlarına vurub hara getsələr, özləri ilə apardıqları mənəvi-ruhani bir vətənləri var idi. Həm də, yəhudilər “Tövrat”da öz tanrıları tərəfindən vətənlərindən qovulacaqları ilə bağlı dəfələrlə hədələnmişdilər deyə, qovulma onlarda ilahi cəza kimi dəyərləndirilirdi. Tanrıya daha artıq itaət və inam onların vətən ümidini hər gün diri saxlayır, daha da gücləndirirdi. Tanrının bir gün onları bağışlayıb, öz vətənləri ilə mükafatlandıracağına inanırdılar. Müqəddəs kitabda bu, dəfələrlə baş vermişdi. Amma bizim belə güc qaynağımız yoxdur. Razılaşaq ki, folklor din deyil. Mən “bu müharəbə olmasaydı, nə olardı” sualının cavabında elə bir kor gələcək görürəm ki, “pafos püskürür” qınağından çəkinmədən deyirəm, bu müharibə tarixi varlığımız üçün “Böyük partlayış” oldu.               

Fenomenə çevrilən qəhrəman topçu danışdı: Şuşadan zəng edəcəm… - VİDEO »  www.STIMULXEBER.az

- Sualımda 90 faiz dedim, 10 faiz hələ də qeyri-müəyyən qalır. Məsələ burasındadır ki, Xankəndidə, Xocavənddə, Xocalıda, Əsgəranda, Ağdərədə ermənilər yaşayacaqlar. Yəqin ki, birgəyaşayışla bağlı siyasi danışıqlar gedəcək. Bu danışıqlar zamanı xalqlar sülhə necə hazırlanmalıdır?

 

- Ermənilər Qarabağda bu üç əsr boyunca heç vaxt yaxşı qonşu olmadıqlarını sübut ediblər. Kim düşünürsə ki, üç aya, üç ilə dost olacağıq, o şəxs tarixi reallıq duyğusundan məhrumdur. Ermənilərlə dostluq, birgəyaşayış məsələsinə gəldikdə, onların tarixinə baxmaq lazımdır. Bu xalq tarix boyu hansısa bir xalqla dost ola bilibmi? Birgə yaşadıqları elə bir xalq varmı ki, ermənilərlə dostluqdan peşman olmasın? Ermənilər ərəblər, türklər kimi coğrafiyanın deyil, tarixin köçəri xalqı olublar. Gürcü tarixçisi Quram Marxuliya “Ermənilər Ermənistan axtarışında” kitabında yazır ki, “ermənilər hara köçürdülərsə, adətən, qovulurdular - özləri ilə atalarının başdaşlarını da aparırdılar və özlərindən əvvəl köçdükləri torpaqlara xəyali atalarını basdırırdılar ki, sonradan burada tarixən yaşayan xalq olduqlarını sübut etsinlər”.

 

Miladdan əvvəl VIII əsrdə Trakya köçləri ilə Şərqi Avropadan Yaxın Şərqə, Anadoluya, Anadoludan Qafqaza və Amerikaya köçdülər. Həmişə də sığındıqları ölkəyə, yerli xalqlara xəyanətləri ucbatından özlərini sürgünə məruz qoydular. Montefiore “Yerusəlim” kitabında yazır ki, yəhudilər romalılarla vətən uğrunda döyüşəndə ermənilər Qüdsdəki məhlələrində Roma əsgərləri üçün fahişəxana işlədib pul qazanırdılar. Osmanlılar ruslarla döyüşəndə Anadolu erməniləri ruslara casusluq edirdilər, Potyomkinin yan-yörəsi türklərə xəyanət etmiş Osmanlı erməni generalları ilə dolu idi. Azərbaycan Sovet İmperiyasının əsarətindən qurtulmağa çalışanda, ermənilər rusların fitvası ilə fürsətdən istifadə edib Qarabağda azərbaycanlı qonşularını öldürüb, evlərini əllərindən alırdılar və s. Ermənizm dostluq üçün yox, düşmənçilik üçün yaradılıb. Uzun illər monoetnik həyat tərzi bu xalqın milli şüurunu qəbilə düşüncəsi dövrünə qaytarıb, ya da heç bu ibtidai düçüncədən uzaqlaşmağa qoymayıb. Yəni, biz həmişə yadda saxlamalıyıq ki, bir qəbilə xalqı ilə qonşuyuq.

 

İkinci amil - bayaq dediyim kimi, ermənilərin rus imperializminin muzdurları olmasıdır. Ermənidən əvvəl rusla məsələ həll olunmalıdır. İmperializmin qorxduğu bircə güc var - gündəlik həyat tərzinə çevrilmiş milli dirəniş! Bir də gətirdiyindən daha üstün olan mədəni, siyasi səviyyə. Rus müstəmləkəçiliyi ucbatından vətəni Çexiyadan mühacirət edən Milan Kundera bütün müsahibələrində, yazılarında Rusiyanı, rus mədəniyyətini bilərəkdən mədəni şəkildə alçaldır, aşağılayır. Çoxsəsli romandan danışır, bilərəkdən bu termini ədəbiyyata gətirmiş rus filosofu Mixail Baxtinin adını çəkmir. Çoxsəsli roman müəllifi kimi Dostoyevskini yox, Broxu nümunə göstərir. Roman tarixindən yazır - Dostoyevski, Bulqakov, Şoloxov yoxdur, Tolstoyu da xalaxətri bir-iki yerdə xatırlayır. Şərqi Avropa mədəniyyətini rus deyil, Qərbi Avropa mədəniyyəti ilə müqayisədə təhlil edir və s. Kundera bu gün bütün dünyada oxunan, tərcümə olunan çex yazıçısıdır, bu gün rus mədəniyyəti onunla yaşıd və onunla müqayisə olunacaq bir yazıçı yetişdirə bilməyib. Və dünya bu gün Kunderanın təqdimatında Rusiyaya qiymət verir.

 

Demək istədiyim odur ki, bir mübarizədə haqlı olmaq işin onda biridir, əsas məsələ bu haqqı mədəniyyətə daşıya bilməkdir. Dünyanın bütün əzilən xalqları öz haqlarını mədəniyyətə daşıya bilməyən xalqlarıdır. Biz bu məsələni hərbi-siyasi səviyyədən tarixi-mədəni səviyyəyə daşımağı bacarmalıyıq. Almanların 1870-ci il müharibəsindəki qələbəsini varlığın yüksəlişi kimi xarakterizə edən Hegellərə, Fixtelərə ehtiyacımız var. Təkcə hərbi-siyasi deyil, mədəni-fəlsəfi pafos da bizim tərəfdə olmalıdır.

 

- Sizcə, ermənilərlə azərbaycanlılar arasında ümumiyyətlə, qısa müddətdə sülh mümkündürmü? Söhbət insanların barışından gedir. Sizə də elə gəlmirmi ki, bu, İkinci Qarabağ savaşından əvvəl daha asan idi? Çünki birinci müharibədən 30 ilə yaxın vaxt keçmişdi, müəyyən qədər yaralar sarınmışdı...

 

- Belə bir söz var ki, Birinci Dünya savaşına kralların, İkinci Dünya savaşına millətlərin qüruru səbəb oldu. İkincisi daha qorxuludur. Çünki bu, həm də qan düşmənçiliyidir. Üstəgəl, açıq şəkildə milli ideologiyası başqalarının torpağında "Böyük Ermənistan" qurmaq olan və bu yolda heç bir humanizm tanımayan xalqla vəziyyət bir az qəliz olacaq. Ermənilərin azərbaycanlılara nifrəti yalnız Qarabağ müharibəsi ilə başlayıb, bu müharibə ilə də bitsəydi, bəlkə də, barışığa ümid etmək olardı. 1905, 1918, 1938 qırğınları... Bu yaxınlarda mərhum Heydər Əliyevin, hətta, 1970-ci illərdə də Xankəndidə ermənilərin azərbaycanlıları diri-diri yandırdığını söylədiyi bir video yayıldı, daha sonra 1990-cı illərdəki qan davası... Həm də Azərbaycanın müxtəlif bölgələrində.

Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş - Fotolar Yeni  Sabah

Təkcə XX əsrdə baş verən hadisələrin xronologiyası onu göstərir ki, bizə olan nifrət erməni xislətində bir an olsun belə, səngiməyib. Ermənin bizə, türkə yanaşması irqi, sinfi yanaşmaya da çox oxşayır. Yəni, bu, bir əzilən irqin əzən irqə nifrətdir, halbuki biz onlara qarşı heç vaxt, məsələn, avropalıların afrikalılara qarşı olduğu kimi olmamışıq. Bu, bir sinfi öfkədir, Nitsşedəki kölənin əfəndiyə kinidir. Halbuki ermənilər həmişə bizdən ən yaxşısını alıblar. Bizim dostluqla, qonşuluqla bağlı cavab axtardığımız suallara bu xalq özü beynəlxalq səviyyələrdə, həm də dönə-dönə cavab vermədikcə, onları yaxına buraxmaq olmaz.

 

- Ədəbiyyat və mədəniyyət adamları sülhdə hər zaman maraqlı olublar, sülhü təbliğ ediblər. Şəxsən siz sülh prosesində iştirak etmək istərdinizmi?

 

- Ümumiyyətlə, bəzi istisnaları çıxmaqla, yazıçı, şair aristokratiyası Azərbaycanın ən zəif yeridir. Çünki imperializmin dəstəyi ilə formalaşıb. Azərbaycanlı ziyalını Rusiyada sevirlərsə, öz vətənindəki münasibət onun üçün önəmli deyil. Hərbi aristokratiya başa keçməlidir. Azərbaycanda sülhə də əsgər nəzarət etməlidir. Bizdə belə bir mədəni ənənə formalaşdırılıb ki, zəfəri nə olursa olsun, itkilər unudulmamalıdır. Hətta, günümüzün gənc şair və yazıçıları da ağlaşmanın cazibəsindədirlər. İtkiləri zəfərin önünə daşımaq, guya, humanistlikdir və sənət humanist olmalıdır və s. Cəfəngiyyatdır.

 

Lirizmi bu işə yaxın buraxmamlıyıq. İtkiləri zəfərin önünə daşımaq xalqın balacalığına, balacalaşdırılmasına dəlalət edir. Bu, bir imperalizm zədəsidir. İmperializm siyasəti əsarətində saxladığı xalqlar üçün bir xeyli xırda-xuruş şeyləri müqəddəsləşdirir. İngilis imperializminə sığınan Salman Rüşdi yazır ki, “ingilislər gəlib təmir edənə qədər hindlilər Tac-Mahaldan pulsuz ayaqyolu kimi istifadə edirdilər”. Amma bu kraliça qulbeçəsi qanmır ki, birincisi, ingilis o tarixi abidədə turizmdən gələn pulu gördü, ikincisi, imperializm bütün Hindistanı yağmalamaq üçün əvvəlcə Tac-Mahalı təmir etməliydi. Tac-Mahalı müqəddəsləşdirməliydi ki, Hindistanı adiləşdirə bilsin. Tac-Mahalın konkretliyinə hörmət - Hindistanın mücərrədliyinə qurulmuş tələ idi. Ruslar da bizi belə xırdaçı öyrədiblər: vətən və vətəndaş münasibətləri deyil, ana və bala münasibətləri müqəddəsdir; cəmiyyət mənafeyi deyil, ailə mənafəyi qorunmaldır və s. Bu tələyə isə həmişə mədəniyyət xadimlərimiz düşüb. Halbuki bütün böyük xalqların tarixi qələbələrlə yanaşı, böyük itkilər tarixidir.

 

- Müharibədə qələbə qazanmaqla, əlbəttə, işğalda olan əraziləri azad etdik. Amma bunun bir mənəvi tərəfi də olmalıdır. Sizcə, mənəvi baxımdan qalibiyyət Azərbaycan xalqına nə qazandırdı?

 

- Mən bu Zəfərin bizə hazırda iki insan tipi bəxş etdiyini müşahidə edirəm: optimistlər və pessimistlər. Bu ilin əvvəlində nəşr olunan “Tarix və Tale” romanında bu sualların daha dərin cavabları var desəm, yəqin, çox eqositlik etmərəm. Bu kitab başdan-başa imperiyanın tərbiyəvi himayəsində yaşayan bir xalqın psixoanalizidir. Bir ailənin taleyi ilə bir xalqın tarixi paralel reallıqlar kimi müqayisə və təhlil olunur. Məsələ belə qoyulur ki, azadlıq, yaxud qurtuluş talenin fərd, tarixin millət üzərində hegemonluğuna son qoymaq üçün atılan bütün addımların legitim olduğunu anlayandan sonra mümkündür. Fərd və millət istənilən yola əl ataraq, öz həyatlarındakı talenin və tarixin status-kvosunu pozmalıdır. Sartr deyir ki, “insanın mənliyini hadisələr və seçimləri müəyyən edir”. Varlıq mahiyyətdən sonra gəlir. Yəni, varlıq “nə” yox, “nə üçün” sualına cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiqləyir. Yəni, varlığın “nə” olduğunu özündən əvvəlki “nə üçün” olduğu məqsədi müəyyən edir. “Nə” olanı yaradan “nə üçün” olandır. Amma Sartra görə, insanı varlıq edən şey onun məqsədsiz yaradılışıdır. İnsanın “nə üçün” olduğunu özü seçmək azadlığı var və bu, onun öz mahiyyətini müəyyən edir. Yəni, biz öz seçimlərimizik. Məncə, bu fikir xalqa, millətə də aiddir. Var olmanı fərdin tale, millətin tarix üzərindəki zəfəri müəyyən edir. Belə bir zəfər olmadan mövcudluq, sadəcə, bir illüziyadır. Var olan var olduğunu sübut etməlidir. Bu, məsələnin birinci, optimist tərəfi.

 

İkinci və pessimist tərəfi isə odur ki, bu zəfər, sanki, cəmiyyətdə sevinə bilməyən insan tipinin sayını çoxaldıb. Onlar hər xəbərdə bir məyusluq axtarır və bunu dərhal başqalarına da tirajlayırlar. Nədir bunun sirri? Otuz il məğlubluq, acizlik, gücsüzlük duyğusu ilə yaşamaq, otuz il həbsxana həyatı yaşamaq kimi bir şeydir. Məhkumluğa öyrəşdiyin, doğmalaşdığın kimi, acizliyə, miskinliyə də öyrəşirsən, doğmalışırsan. Bir gün azadlığa buraxılan, məhkumluğunu itirən keçmiş dustaq doğmalaşdığı həbsxanaya qayıtmaq üçün necə darıxır, bəhanə axtarırsa, otuz il acizlik, gücsülük duyğusu ilə yaşayan insanlar da yeni şərtlərə öyrəşməkdə eyni çətinliklə üzləşirlər. O aciz, ümidsiz, miskin günlərə dönmək, o yazıqlaşdıran duyğuları yenidən yaşamaq üçün bəhanələr axtarırlar. Baş verənlərin arasından aciz, məğlub olduğumuz günləri yada salan, o köhnə miskin duyğuları təzələyən hadisələrə köklənirlər. Aciz, məğlub günlərin xatirələrini şeirə çevirən böyük şairlərə dönüşürlər. Dəhşətlisi isə budur ki, bu tip adamlarda günah yoxdur. Otuz ildir bizə doğma olan bir məğlubiyyəti itirmişik. Otuz ildir bizə yazıqlıq, yetimlik (türklər buna qaribanizm deyir - yetimliyi, yazıqlığı normaya çevirmək) həzzi yaşadan acizlik, gücsüzlük duyğusunu itirmişik. Məcnunun öz cır-cındır divaniliyi ilə barışıb “get, ey Leyli, sən o Leyli deyilsən” dediyi məqamdır bu. Bu, pessimizmdir, dərk olunmamış reallıq qorxusudur. Gerçəkliyin dərki insanı gücləndirir. İnsan o vaxta qədər ölümdən qorxur ki, gec-tez mütləq öləcəyi reallığını idrak prosesində tam yekunlaşdırır. Mənə elə gəlir ki, bu zəfərin pessimistləri hələ uzun müddət kəsilmiş ayağının yerinin ağrıdığını hiss edən adamlar kimi, Qarabağı bir yara kimi hiss etməkdən gizli bir doğmalıq duyacaqlar. Çünki Qarabağ bu 30 ildə həqiqətən bizim üçün doğma bir yara idi. Hər gün qulluğunda durduğumuz bir yara.

Müəllif: Anar Bayramoğlu      2 Yanvar 2021 22:20
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin