Əsas səhifə Haqqımızda Xəbər lenti

Böyük Qayıdış Planı: O torpaqlarda binə qurmaq arzumuzdur, amma…

Böyük Qayıdış Planı: O torpaqlarda binə qurmaq arzumuzdur, amma…

İşğaldan azad edilmiş ərazilərdə yaşayışı təmin etmək üçün hökumət nə düşünür?

 

Şuşa sakini Rizvan Bədəlov doğma şəhərinə qayıtmaq istəyənlərdəndir. Amma bəzi şərtləri var. Şəhər sakini “Azadlıq” radiosuna deyib ki, oradakı evi 400 kvadratmetr olub, torpağı isə 50 sot. 

 

“Dövlət mənə həmin itirdiyimizi qaytaracaqmı? Ora kütləvi qayıtmaq üçün yaşayış üçün şərait olmalıdır, məktəb, bağça olmalıdır. Ən başlıcası isə iş yerləri yaradılmalıdır. Mənim uşağım burada işləyir. Sabah qayıdanda, burada aldığı maaşı orada ala biləcəkmi?”, - Şuşadan köçkün düşmüş Bədəlov bildirib.

 

Dediyinə görə, dövlət qurumlarından maraqlanıb: hansı şərtlərlə, nə vaxt Şuşaya qayıdacaqlar, amma ona konkret cavab verilməyib. Bədəlovun “Normal şərait qurulacaqsa gedəcəm, amma mən yenidən gedib çadırda yaşamayacam. Açığı, buna həvəs yoxdur” sözləri cəmiyyətdə müəyyən qədər qınaq yaratdı. O mənada ki, bir çox vətəndaş Şuşa sakininin hansısa tələblər irəli sürməsini düzgün qarşılamır.

 

Amma bunun əksini düşünənlər də var. Bəziləri deyir ki, Bədəlov haqlıdır: axı, şərait olmadan necə yaşamaq, oraya necə qayıtmaq olar? Belə anda ortaya maraqlı suallar çıxır: məcburi köçkünlər necə qayıtmalıdırlar, hansı proqramlar həyata keçirilməlidir?

 

Ümumilikdə, məcburi köçkünlərin əksəriyyəti sevə-sevə doğma yurda qayıtmaq istəyirlər. AYNA-nın məlumatına görə, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi “Qarabağa böyük qayıdış” adlı sorğuda da özünü göstərir. Sorğuya əsasən, ölkə əhalisi arasında məcburi köçkün statusuna malik ailələrin aid olduğu rayona qayıtması ilə bağlı müxtəlif fikirlər olsa da, məcburi köçkünlərin verdikləri cavablar birmənalıdır. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti, başqa sözlə, 98 faizi yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Diqqətçəkən məqamlardan biri budur ki, qayıtmaqla bağlı planlar gənclər arasında geniş yayılıb. Gənc respondentlərin 96 faizi işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır.

 

STM-in sorğusunun nəticələrinə görə, əksər məcburi köçkün ailələrində qayıdış planı var. Belə ki, respondentlərin böyük əksəriyyəti, yəni 83.2 faizi bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır. 15.7 faizi yalnız özünün, 10.2 faizi yalnız həyat yoldaşının və 7.2 faizi yalnız övladı, yaxud övladlarının geri qayıdacağını bildirib. Sorğu iştirakçılarının demək olar ki, hamısı (99 faiz) bildirib ki, torpaqların azad olunması onlarda evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.

 

Şuşada doğulan, amma azyaşlı olarkən məcburi köçkün düşən jurnalist Bəxtiyar Məmmədli də sevə-sevə doğma şəhərinə dönməyi istəyir. O, AYNA-ya deyib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda hamının arzusu idi: “Bu günümüzə şükürlər olsun ki, bu qələbəni görmək bizlərə nəsib oldu. Əlbəttə ki, torpaqların işğaldan azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımızı daim ifadə edəcəyik. Şuşalı olaraq, arzum çin oldu və dədə-babamın yurdu azad edildi. Təbii ki, hazırda 28 il həsrətində olduğumuz Şuşaya qovuşacağımız günü böyük səbirsizliklə gözləyirik”.

Bəxtiyar Məmmədli - Publika.Az

“Biz Şuşaya qayıtmağımızı nə qədər həsrətlə gözləsək də, reallığı da unutmamalıyıq. Bu reallıq da ondan ibarətdir ki, işğaldan azad edilən rayonlarda yenidən infrastruktur işlərinin həyata keçirilməsi dövlətin qarşısında vəzifə kimi dayanır. İstər telekanallarda, istərsə də sosial şəbəkələrdə aparılan müzakirələrdə şəhərlərin, kəndlərin necə qurulacağı, yeni iş yerlərinin açılması, bu ərazilərə qayıdan insanların sosial şəraitinin maksimum təmin edilməsi və digər məsələlər yer alır”, - deyə jurnalist bildirib.

 

Məmmədli şübhə etmir ki, hökumət bunları düşünüb: “Hətta, Milli Məclisdə bununla bağlı fikirlər səsləndirilir. Eləcə də hökumət tərəfindən konsepsiya hazırlanır. Lakin 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, bu məsələdə də vətəndaşlarımızın səbirsizliyi özünü biruzə verir. Fikrimcə, bu da hökumət nümayəndələrinin cəmiyyəti informasiya baxımından ac saxlamasından irəli gəlir. Ən azından, hazırlanan sənədin açıqlanması mümkün olan hissəsini ictimaiyyətə bəyan etmək olar. Çünki insanların açıq sualları var və buna cavab axtarırlar. Əgər fikir müxtəlifliyindən danışırıqsa, sosial şəbəkələr tam azaddırsa, niyə insanlara bu mövzudan danışmağa mane olmalıyıq? Təbii ki, telekanallarda bununla bağlı müzakirələr gedir. Elə son olaraq, İTV-də “Diqqət mərkəzi” verilişində işğaldan azad edilən torpaqlarda aparılacaq işlərlə bağlı müzakirələr getdi. Fikrimcə, işğaldan azad edilən ərazilərə insanların köçürülməsi qeyd edildiyi kimi hissə-hissə olmalıdır. Bu məsələdə tam olaraq dövləti də məsul tutmaq doğru olmaz. Biznes qurumları, imkanlı şəxslər bu quruculuq işində dövlətə dəstək olmalıdır”.

 

“Deyək ki, Şuşadan olan imkanlı bir şəxs ən azından öz evinin maliyyələşdirilməsini üzərinə götürərsə, dövlətin yükü nisbətən azalar. Eyni zamanda, işğaldan azad edilən ərazilərə qayıtmağı arzulayan insanlar üçün iş yerləri daimi olarsa, özünüməşğulluğa cəlb olunarsa, onların başqa regionlarda iş axtarışında olmasının qarşısı alınar. Əvvəllər belə bir problem olub. Misal üçün, “Qaçqınkom” regionlarda tikdiyi qəsəbələrə məcburi köçkünlər köçürüldükdən sonra onların işlə təminatında problem olduğu üçün onların az bir hissəsi paytaxta üz tutmalı oldu”, - həmsöhbətimiz vurğulayıb.

 

Bütün hallarda isə jurnalist əmindir ki, insanlar öz dədə-baba yurdlarına sevə-sevə gedəcəklər: “Heç bir problem bu insanları qorxutmayacaq. Biz birlikdə güclü olduğumuzu tək müharibə dövründə deyil, hər zaman göstərməliyik”.

 

İşğaldan azad edilmiş ərazilərdə məşğulluq məsələsi demişkən, bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, sözügedən məsələ həllini tapacaq: “Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanılıb”.

 

O, qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib: “Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəssisələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğulluq proqramı öz töhfəsini verəcək”.

 

Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya mövzu barədə danışarkən deyib ki, Qarabağa qayıdış bir neçə mərhələdə həyata keçirilməlidir və bu mərhələlərlə əlaqədar yeni Baş Plan hazırlanmalıdır: “İşğaldan azad edilmiş ərazilərdə atılmalı olan ən vacib addım, ilk növbədə müdafiə və təhlükəsizlik məsələləridir. Buna çox ciddi önəm verilməlidir. Elə etmək lazımdır ki, erməni separatçıları Qarabağa hər hansı təhlükə törətməyi ağıllarından belə, keçirə bilməsinlər. Bununla yanaşı, ərazilər minalardan təmizlənməlidir. Sonrası infrastruktur layihələrinin icrasına başlamaq, kommunikasiya xətlərinin çəkilməsi və bərpasıdır. Son mərhələdə isə insanların köçürülməsinə hazırlıq, yaşayış evlərinin, gərəkirsə, yeni qəsəbələrin salınması, tikinti işlərinin başlanması lazımdır. Buna paralel olaraq biznes imkanlarının yaradılması vacibdir. Çünki insanlar məskunlaşdıqları yerdə işlə təmin edilməli, çalışmalı, gəlir əldə etməlidirlər”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

ReAl təmsilçisi bildirib ki, Qarabağa dönən insanların məşğulluğunun təmini üçün uzunmüddətli “0” vergi sisteminin tətbiqi mütləqdir: “İnvestorların cəlbi həyata keçməlidir. Təbii ehtiyatlardan, münbit torpaqlardan istifadə, aqrar sahənin sənayeləşdirilməsi, yəni təkcə becərmə və məhsul yığımı deyil, məhsulun emalı, fabrikat istehsalına imkanlar yaradılması vacib məsələdir”.

 

“Həmin ərazilərdə mütləq istehsal müəssisələri yaradılmalıdır. Yəni, çox böyük, kompleks bir yanaşma vacibdir. İqtisadi fürsətlər üçün imkanlar genişləndirilməlidir. Elə proqramlar həyata keçirilməlidir ki, Qarabağ torpaqları hər zaman olduğu kimi yenə də Azərbaycan iqtisadiyyatına töhfə versin. Bu mənada hesab edirəm ki, Böyük Qayıdış Planına ehtiyac yaranacaq”, - deyə Cəfərli fikrini tamamlayıb.

 

NƏTİCƏ

 

Əlbəttə, şəhidlərimizin, qazilərimizin qanı bahasına işğaldan azad edilmiş ərazilərimizə qayıdış ilk növbədə mənəvi bir məsələdir. Heç məcburi köçkün olmayanlar da o torpaqlarda özünə binə qurmaq istəyir, nəinki 30 ildir həsrətlə yurdunun azadlığını gözləyənlər, 30 ildir ordakı evinin açarlarını, sənədlərini saxlayanlar. Amma əlbəttə, yaşamaq üçün şərait mütləqdir...

Müəllif: Anar Bayramoğlu      1 Yanvar 2021 14:19
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin