Əsas səhifə Haqqımızda Xəbər lenti

Karantin cərimələri ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

Karantin cərimələri ilə bağlı yayılan iddialara         RƏSMİ CAVAB
DİN: “Məcburi ödəniş, yaxud tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”
 
Hüquqşünas: “Ödənişin edilməsi üçün gələcəkdə kiminsə polis bölməsinə aparılması və yaxud da hansısa formada ödənişin edilməsinə məcbur edilməsinə polis orqanı olaraq heç kəsin səlahiyyəti yoxdur”
 
Sosial şəbəkədə yayılan şikayətlərə görə, karantin qaydalarını pozan vətəndaşlar polislər tərəfindən cərimənin yerindəcə ödənməsinə məcbur edilir. Vətəndaş cəriməni ödəmədiyi təqdirdə isə polis bölməsinə aparılaraq saatlarla saxlanılır. Həmçinin cərimə yazılarkən vətəndaşlara protokolun verilməməsi ilə bağlı da narazı fikirlər səslənməkdədir. 
 
AYNA bu kimi halların nə dərəcədə qanuni olub-olmaması barədə hüquqşünas Nicat Gözəlovla həmsöhbət olub. Hüquqşünas karantin qaydalarının pozulmasına görə vətəndaşın cərimələnməsi prosedurunu belə şərh edib: “Qanunvericiliyin tələblərinə əsasən Daxili İşlər Nazirliyi pandemiya ilə bağlı dövrdə vətəndaşların – yol nəqliyyat vasitələri sürücülərinin, hüquqi və vəzifəli şəxslərin cərimə edilməsi səlahiyyətinə malikdir. O cümlədən də aprel ayında olan dəyişikliyə əsasən, bu səlahiyyəti həyata keçirmək hüququ yol-patrul xidməti əməkdaşlarına da verilib. Vətəndaş karantin qaydalarını pozduğuna görə saxlanılarkən ona protokol tərtib edilirsə, elektron qaydada tərtib etmə ilə yanaşı vətəndaşa yazılı formada da inzibati xəta törətməsi barədə protokol təqdim olunmalıdır. İnzibati xətanın nəticəsi olaraq onun hər hansı cəriməyə məruz qalması barədə inzibati tənbeh haqda qərar təqdim olunmalıdır. Son dövrlərdə vətəndaşlar şikayət edirlər ki, onlara bu sənədlər təqdim olunmur. Hətta bəziləri bildirir ki, onlara sadəcə protokolun nömrəsi və cərimənin məbləği göstərilir. Bu vətəndaşın müdafiə hüququnu pozur. Vətəndaşın qəbul edilmiş qərarı, yaxud da tərtib olunmuş protokolu mübahisələndirmə hüququnu əlindən alır, buna görə də qanunsuzdur. Vətəndaşların bununla bağlı Daxili İşlər Nazirliyinin rəsmi saytına daxil olaraq şikayət etmək hüquqları var”. 
 
Cərimələrin ödənməsi ilə bağlı məsələyə qaldıqda isə hüquqşünas bildirir ki, əgər vətəndaş həqiqətən də ona tərtib edilmiş protokol və qərarı müqayisələndirə bilibsə, lakin bu, məhkəmə tərəfindən baxılıb və qüvvədə saxlanıldığı təqdirdə, vətəndaş həmin cərimələri ödəməlidir: “Lakin ödənişin edilməsi üçün gələcəkdə kiminsə polis bölməsinə aparılması və yaxud da hansısa formada ödənişin edilməsinə məcbur edilməsinə polis orqanı olaraq heç kəsin səlahiyyəti yoxdur. Bu, müvafiq qaydada həmin polisin məhkəməyə müraciət edib cərimənin tutulması ilə bağlı əmrin alınmasından sonra, icra məmuru tərəfindən cərimənin alınması mümkündür. Buna görə də vətəndaşlara da ancaq məhkəmə əmrinin icrası ilə bağlı məsələlərdə öz hüquqlarını qorumaq imkanı verilir”. 
 
Mövzu ilə bağlı AYNA-nın sorğusuna cavab verən Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məcburi ödəniş, yaxud tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir: “Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan şəxs müvafiq polis orqanına dəvət edilə bilər. Müvafiq araşdırma aparıldıqdan və barəsində protokol tərtib olunduqdan sonra sərbəst buraxılır. Tətbiq olunan cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşa yerində ödəmə imkanının olub-olmaması ilə bağlı nəsə soruşması qanunvericiliklə ziddiyyət təşkil etmir. Məcburi ödəniş, yaxud tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”.
Müəllif: Aləmdə Nəsib      28 Dekabr 2020 19:33
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin