Əsas səhifə Haqqımızda Xəbər lenti

COVID-19 peyvəndi niyə tərəddüd və qorxu yaradır?

COVID-19 peyvəndi niyə tərəddüd və qorxu yaradır?

Həkim: “Vaksinasiya vacibdir və onun haqda fikir uyduranlar çox zaman heç mahiyyətini anlamırlar”

 

Psioxoloq: “Vaksinasiya məcburi olacaqmış kimi təqdim edilir, bunun özü də indiki halda insanlarda əlavə gərginlik yaradır”

 

Artıq bir ildir ki, COVID-19 virusu dünyanı dolaşıb hər yerdə insan nəfəsinə toxunmağa nail olub. İlk dəfə Çinin Vuhan əyalətində ortaya çıxan bu virusun, həmin vaxtlarda bir ildən sonra dünyanın hər nöqtəsinə çatacağı deyilsə idi, yəqin ki, inanan çox az adam olardı. İlk vaxtlarda Çindəki vəziyyətlə bağlı yayılan videolarda insanların dünyanın sonu imiş kimi panika içərisində olduğunu əks etdirən görüntülərə baxanda, virusun uzaq diyardan bizlərə gəlib çıxacağına da inanmazdıq və elə uzun müddət də inanmadıq. Bəlkə də inanmaq istəmirdik.

 

Əvvəla, tibbin, texnologiyanın çox inkişaf etdiyi bir dövrdə dünyanın virus əlində aciz qalacağı fikrinə inanmaq çətin idi. Çünki bizi başqa planetlərdə yaşayış axtaran, yaratdığı texnologiyanın özündən ağıllı olduğu bu dünyada nəyinsə rahat-rahat “ey insan, dur!” deyə bilməyəcəyinə inandırmışdılar.

 

Hər bir halda dünya gözə görünməyən düşmənlə yıxıla-yıxıla da olsa, mübarizəsini davam etdirməkdədir. Təbii ki, bu mübarizədə də ən effektiv müdafiə üsulu kimi ilk ağıla gələn peyvənddir. Mütəxəssislər isə bildirirlər ki, peyvəndin insana vurulması üçün uzun illər lazımdır. Ona görə ki, bu, çox vaxt aparan bir prosesdir. Belə ki, peyvəndin kütləvi şəkildə insanlara vurulması üçün klinik araşdırmalar, heyvanlar, insanlar üzərində aparılan sınaqlar on illərlə vaxt ala bilir.

 

Amma COVID-19 virusuna qarşı peyvənd gözləniləndən tez bir zamanda hazırlandı. Hazırda bir çox ölkələrdə bu istiqamətdə işlər davam etdirilir. Bir sıra peyvəndlər hazırlanıb ki, bunların bütün dünyada COVID-19 ilə mübarizədə istifadə ediləcəyi söylənir. Məsələn, ABŞ, Çin, Almaniya, İngiltərə, Rusiya mənşəli firmaların ərsəyə gətirdiyi peyvəndləri artıq bir çox ölkələr əvvəlcədən sifariş edib. Peyvəndlər eyni virus üçün hazırlansa da, bir-birindən fərqlənən tərəfləri də var. Dünyada koronavirusda istifadə ediləcək peyvəndlər, istehsal edən ölkə və hazırlanma texnologiyalarına görə belədir:

 

“Biontech / Phizer” peyvəndi - Almaniya / ABŞ istehaslı, RNT əsaslı, “Sputnik V” peyvəndi Rusiya, virus vektoru, “Moderna” peyvəndi ABŞ, RNT əsaslı, “Oxford / Astra Zeneca” peyvəndi İngiltərə / İsveç – “Astra Zeneca” peyvəndi virus vektoru, “Sinovac” peyvəndi Çin istehsalı, ənənəvi texnologiya ilə hazırlanıb.

 

Məlumat üçün qeyd edək ki, ənənəvi peyvəndlərdə infeksiyaya səbəb olan viruslar zəiflədilərək və ya təsirsiz hala gətirilərək bədənə yeridilir, bundan sonra bədən zərər verə biləcək virusa qarşı immunitet qazanmağı öyrənir. RNT əsaslı peyvəndlərdə bütün virus əvəzinə, genetik məlumat daşıyan RNT zəncirinin kritik bir hissəsi bədənə vurulur. Virus vektor peyvəndlərində də gen texnologiyasından istifadə edilərək, virusun daşıdığı bəzi genetik kodlar başqa bir virusa daxil edilir və bədənə vurulur.

 

Peyvəndlərin effektivliyi də bir-birindən fərqlidir. Belə ki, “Biontech / Phizer” peyvəndinin effektivliyi - 95%, “Sputnik V” - 92%, “Moderna” peyvəndi - 95%, “Oxford / Astra Zeneca” - 70%, “Sinovac” peyvəndinin isə - 90%-dir.

 

Ən əsas məsələlərdən biri olan peyvəndlərin saxlama şərtləri belədir: “Biontech / Phizer” peyvəndi - 70 dərəcədə 6 ay / 4 dərəcədə 1 həftə, “Sputnik V” peyvəndi 4 dərəcədə 6 ay, “Moderna” peyvəndi - 20 dərəcədə 6 ay / 4 dərəcədə 30 gün, “Oxford / Astra Zeneca” peyvəndi 4 dərəcədə 6 ay, “Sinovac” peyvəndi 2-8 dərəcə arasında 3 il qala bilir.

 

Peyvəndlərin tətbiqi arasındakı fərqlərə qaldıqda isə: “Biontech / Phizer” peyvəndi hər 28 gündə 2 doza, “Sputnik V” peyvəndi 21 gün ara ilə 2 doza, “Moderna” peyvəndi hər 28 gündə 2 doza, “Oxford / Astra Zeneca” peyvəndi hər 28 gündə 2 doza, “Sinovac” peyvəndi 14 gün ara ilə 2 doza şəklində vurulmalıdır.

 

Qeyd edək ki, koronavirus peyvəndləri üçün bir dozanın qiyməti “Biontech / Phizer” peyvəndində 19.5 dollar, “Sputnik V” peyvəndində 10, “Moderna” peyvəndində 25-37, “Oxford / Astra Zeneca” peyvəndində 3, “Sinovac” peyvəndində 29 (Çində mövcud qiymət belədir, xaricdə qiymətinin 13-15 dollar olması gözlənilir) dollardır.

 

Xatırlatma üçün bildirək ki, dekabr ayının 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanın da vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən olacağını söylədi. Eyni zamanda vaksinasiyanın könüllülük prinsipi əsasında aparılacağı da bildirildi. Səhiyyə nazirinin müavini Viktor Qasımov isə hansı vaksinin daha tez üçüncü fazadan keçməsi ilə bağlı açıqlamadan sonra həmin vaksinin ölkəyə gətirələcyinə çalışacaqlarını demişdi. Ümumilikdə isə, brifinqdə əsasən Çin istehsalı olan “Sinovac” vaksinindən danışılmışdı.

 

Cəmiyyətdə isə vaksinasiya xəbəri birmənalı qarşılanmadı. İnsanlar peyvənd vurdurub-vurdurmamağa dair tərəddüd içərisindədir. AYNA cəmiyyətdəki tərəddüdün səbəbini ekspertlərlə aydınlaşdırmağa çalışıb.

Adil Qeybulla:

Həkim, professor Adil Qeybulla deyir ki, cəmiyyətdə bir qrup insan vaksinasiya ilə bağlı tərəddüd yaşayır və onlar həmişə anti-vaksin kampaniyasına qoşulurlar: “Əvvəla, qeyd etmək lazımdır ki, vaksinasiya haqda qorxulu, mifik fikirlər yaymaq qətiyyən olmaz. Bir faktı nəzərə almaq lazımdır ki, vaxtilə kütləvi ölümə səbəb olan qızılca, difteriya, göy öskürək, təbii çiçək kimi xəstəliklər vaksinasiya nəticəsində indi yoxdur. Vaksinasiya vacibdir və onun haqqında fikir uyduranlar çox zaman heç mahiyyətini anlamırlar. Vaksin zəiflədilmiş mikroorqanizm və ya onun antitelinin bədənə yeridilməsidir ki, bədəndə əks-simlər əmələ gəlsin. Vaksinasiya bu kaskad yayılmanın qarşısını almaq, zəncirin qırılması üçün çox vacibdir. Ona görə də vaksinasiya haqda antitəbliğat aparanların ya bunlardan xəbərləri yoxdur, ya da oradan-buradan nəsə eşdib təbliğata qoşulurlar. Lakin bilməlidirlər ki, vaksinasiya olduqca vacibdir. Əsassız fikirlərin ardınca getmək olmaz”.

 

Professor onu da qeyd edir ki, pandemiya vaksinasiya ilə qurtarmır: “Pandemiya vaksinasiya ilə qurtarmasa da, heç olmasa, bu, geniş yayılmanın qarşısını almaq, zənciri qırmaq üçün çox vacibdir”.

 

Məsələnin psixoloji tərəflərinə gəldikdə, psixoloq Tariyel Faziloğlunun fikrincə, bizdə səhiyyə sisteminə inam çox aşağı olduğuna görə insanları vaksinasiyanın təhülkəsizliyinə inandırmaq çox çətin olacaq: “Bizdə insanların səhiyyə sisteminə inamı çox aşağı səviyyədədir, hətta, yox səviyyəsindədir. Buna görə də insanlarımızın vaksinasiya məsələsinə şübhə və tərəddüdlə yanaşması uzun müddət davam edəcək. Hətta, Azərbaycanda vaksinasiya məsələsinin ciddi bir şəkildə qarşıdurma ilə nəticələnəcəyini də söyləmək mümükündür. Çünki insanlar vaksinasiya ilə bağlı yetəri qədər əsassız, qorxulu və eyni zamanda, daha inandırıcı gələn fikirlərlə üz-üzədirlər. Biz onsuz da inamsızlığın artmasında Səhiyyə Nazirliyinin və TƏBİB-in əlindən gələni etdiyinin də şahidi oluruq. İnsan bir şeyə inanmırsa, ona qarşı olan hər şeyə inanmaq istəyir. Nəticə etibarı ilə də ciddi qarşıdurma olacaq. Bu, özü də gərginliyin yüksəlməsinə şərait yaradacaq”.

Psixoloq | Psixoloq.az - Psixoloq Taryel Faziloğlu

Psixoloq, həmçinin daha bir məqama diqqət çəkir - cəmiyyətə vaksinasiya məcburi olacaqmış kimi verilən mesajın da stress və gərginliyin artmasında payı olduğunu vurğulayır: “Vaksinasiya məcburi ediləcəkmiş kimi verilən mesajlar insanlarda gərginliyi iki qat artırır. Bu da COVID-19-un təhülkəsindən heç də az deyil. İnsanlar arasında psixoloji gərginliyin, narahatlığın artması cəmiyyətdə kütləvi psixozun artmasına səbəb ola bilər. Bu da stress faktorunun artması ilə xəstəliklərin də çoxalmasına səbəb olacaq. Bilirik ki, stress həm fizioloji, həm də psixoloji olaraq insanı bütün təhülkələrə qarşı müdafiəsiz buraxır. Fizioloji olaraq stress hormonu – kortizolun yüksəlməsi və bədənin immunitetinin faktiki olaraq zəifləməsinə səbəb olur ki, bu da xəstəliklərə qarşı müdafiəsiz qalmaq deməkdir. Psixoloji olaraq isə stress halında şüur yüksək səviyyədə qapanır və insan emosional qərarlar verməyə başlayır ki, bununda da nəticəsində böyük zərərlər, travmalar alır. Hər bir halda cəmiyyətdə inmasızlıq gərginliyin artmasına səbəb olur”.

 

Faziloğlu hesab edir ki, vaksinasiyadan əvvəl insanların psixoloji olaraq sakitləşməsi, psixoloji immunitetinin normala dönməsi üçün tədbirlər görülməlidir: “Azərbaycanda kütləvi olaraq neqativ, gərgin fon pompalanır. İlk olaraq bunun qarşısı alınmalıdır. COVID-19-un normal bir qrip virusu kimi qəbul edilməsinə və insanlarda qorxu, təşviş hissinin aşağı salınmasına çalışmaq, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmək lazımdır. İnsanlarda normal həyat motivasiyasının geri dönməsinə ciddi bir ehtiyac var. Bu istiqamətdə kompleks işlər aparılmalıdır. Bunun özü də sağalanların yoluxanların sayından çox olacağına kömək edəcək. Həmçinin də bundan sonra insanlar daha rahat şəkildə müzakirə edə, vasksinasiya olunmaqda razı olarlar. İndiki halda isə vaksinasiya ilə bağlı fikirlər məcburi hal kimi təqdim edilir və bu da əlavə gərginliyə səbəb olur”.

Müəllif: Aləmdə Nəsib      28 Dekabr 2020 13:25
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin