Əsas səhifə Haqqımızda Xəbər lenti

Bəşər tarixinin qanlı imperiyası - Sovetlər

Bəşər tarixinin qanlı imperiyası -       Sovetlər

Amansız repressiyalar Azərbaycan xalqını nəinki inadından döndərdi, əksinə daha əzimlə, istiqlaliyyəti uğrunda mübarizəyə qalxdı

      

“Elə millətlər var ki, milli qeyrəti itirib, amma ailə qeyrətini saxlayıb. Elə millətlər var ki, əksinə. Gərək hər iki qeyrəti, məhəbbəti vəhdətdə götürək, qoruyaq, yaşadaq”. Onda heç kəsin köləsinə çevrilmərik, zəncirlərinə məhkum edilmərik. Bunun üçün təkcə 70-il yox, 200 yüz ilə yaxın bizə yaşadılanları unutmayaq və onlardan nəticə çıxaraq.                                 

       

Bütün arxiv sənədləri, tədqiqat əsərləri bir daha sübut edir ki, 1920-ci ilin 27 aprelində Sovet Rusiyasının XI Qızıl Ordusu amansızcasına Azərbaycanı işğal edərək müstəqil dövlətimizi süquta uğratdı. Yenidən “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu”. Və yaşananlar sübut etdi ki, Sovetlər Birliyi deyilən bu “hökumət” (amansız imperiya) Çar Rusiyasının başqa formada davamçısıdır. Yəni “Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur”. 

     

Qanlı rejim işğalın ilk günü (27 aprel) Azərbaycanda “Yağmalama həftəsi” elan etdi. Talançılar ağzına kimi doldurulan “60 vaqonu Moskvaya yolladılar”. Və utanmazcasına xalqın əlindən zorla alınan malını, sərvətini doldurduqları vaqonlarn üstünə “Yoldaş Leninə Azərbaycandan hədiyyə” sözlərini yazaraq xalqımızı ələ saldılar. Ölkəmizdəki bütün “ərzaq anbarları müsadirə edilərək rusların, ermənilərin nəzarətinə alındı”. Təkcə talanın dördüncü günü “1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67,528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salındı”.

      

Beləliklə 1920-ci ilin aprel işğalından 1991-ci ilin ortalarına kimi “Azərbaycanın bütün yerüstü və yeraltı sərvətlərini Sovet Rusiyasına daşıdılar”. Cəfər Cabbarlı demiş “Yurdumu taladı Şimalın ağ ayıları”. Talamaqla ürəkləri soyumadı, yerlə -yeksan etdilər, nəticədə “bir həsir qaldı, bir Məmmədnəsir”.

     

İşğalın ilk günündən “Bakıda, Gəncədə və Azərbaycanın digər şəhər və rayonlarındakı təm-taraqlı mülklər, yaraşıqlı mənzillər sahiblərinin əlindən zorla alınaraq rus və erməni bolşeviklərinin ailələrinə verildi”. Mənzil sahibləri isə “burjua nümayəndələri” adı ilə küçələrə atıldı, həbs edildi, sürgünə göndərildi. “Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən” Sovet “hökuməti” Sovetlər Birliyi dövründə “800 min slavyan əsilli əcnəbini Azərbaycana gətirilərək burada əbədi məskunlaşdırdı”.

        

“Parçala höküm sür” siyasəti ilə Azərbaycana hakim olmaq istəyən bu acgöz talançılar yalnız təbii sərvətimizi talamaqla ürəkləri soyumadı. İşğalın iki günündə “Bayıl həbsxanasında seçmə 300 nəfər ziyalımız güllələndi, 10 minə qədər insan Sibirə sürgün edildi”. “1920-ci il mayın 17-də AK(b)P Siyasi bürosu “ölüm düşərgəsi” (konslager) təşkili barədə məxfi qərar qəbul etmişdi, hər həftə xüsusi siyahı ilə 50-60 adam haqqında ölüm hökmü çıxarıldı”. Nəticədə çox qısa bir vaxtda “1920-ci ilin 28 aprelindən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu”.

 XI Qırmızı Ordu — Vikipediya

Əlbəttə, Azərbaycan xalqı (bir sürü bolşevik, kommunist gədalarımızdan başqa) bu qətliam, talançılıq siyasətinə qarşı çıxdı. Azərbaycan xalqı, xüsusən də ziyalılarının böyük əksəriyyəti ilk gündən işğalçı Sovet “hökumət”ini qəbul etməyərək, “rejim əleyhinə açıq və gizli mübarizə apararaq, xalqı bolşevik işğalından xilas etməyə çalışırdılar”.

 

Bu da Moskvanı çox ciddi narahat edirdi. Əslində narahatçlığa səbəb də var idi. İlk gündən Azərbaycanın əksər bölkələrində bolşevik “hökumət”inə qarşı silahlı üsyanlar qaldırıldı. Tədqiqatçıların yazdığına görə, bu üsyanlar Azərbaycanda “10 il müddətinədə (1920-1930-cu ilə qədər) davam edib”.

 

Beləliklə, Sovet Rusiyasının işğalçılıq siyasətini qəbul etməyən Azərbaycan xalqı uzun illər saysız-hesabsız qanlar-qadalar, qurbanlar bahasına “1920 və 1930-cu illərdə, 1940-50-ci illərdə, 1960, 1970, 1980-cı illərdə də müxtəlif formalarda mövcud rejim əlehinə mübarizəni davam etdirdi”. Baxmayaraq ki, SSRİ-nin qançanağını xatırladan DTK-sının “casusluq və təxribatçılıq şəbəkəsi” xalqı bu mübarizədən döndərmək üçün əl atmadığı alçaqlıqlar, rəzilliklər qalmadı...

 

Bu rəzilliklər, sürgünlər, həbslər Azərbaycan xalqını nəinki inadından döndərdi, əksinə daha əzimlə, daha mübariz olaraq xalq azadlığı, istiqlaliyyəti uğrunda mübarizəyə qalxdı. “Mübarizənin ən kəskin dövrü 1920-30-cu illərdən sonra, 1980-cı illərin sonlarına təsadüf” etsə də, 1950-60-cı illərdə də Sovet rejiminə qarşı, hətta açıq şəkildə mübarizəyə qalxan gənclərimiz də oldu. Ən çətin, ən ağır işgəncələr belə, onları yolundan döndərə bilmədi.

 

Sovetin “qayda-qanun”larının (əslində anarxiyanın) tüğyan etdiyi bir vaxtda üçrəngli bayrağımız Bakının mərkəzində dalğalandırılır. “1957-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin istiqlal bayrağı Qız qalasının üzərinə sancılır. Bayrağı Qız qalasının üzərinə Cahid Hilaloğlu qaldırır”. (Onun haqqında növbəti məqaləmdə geniş bəhs edəcəm).

 

Və yaxud “Sovet dövründə Azərbaycanda dissident həyatı yaşayan Çingiz Mirzəağa oğlu Abdullayev 1956-cı ildə RSFSR ədliyyə naziri Boldırevə yazdığı məktubda sovet rejiminin əleyhinə olduğunu “Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycanın qəhraman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparıram” deyərək üsyankarcasına qurluşa niftətini bildirir.

 

Görkəmli şair Bəxtiyar Vahabzadənin 1960-cı ildə çap olunan “Gülüstan” poeması şairin Bakı Dövlət Universitetindəki pedaqoji fəaliyyətinə son qoyulması ilə nəticələnir. Şair Dəmir Gədəbəylinin cəzası isə ağır olur.

 

Dəvə kimi kini birdi,

Uzunu bir, eni birdi.

Xaçı birdi, dini birdi,

Kömək umma sarılardan,

 

Ayağa qalx Azərbaycan! söyləyən şairi “altı ay Azərbaycan DTK-də saxlayaraq, ağır işgəncələr verirlər və sonda “yüngül” cəza olaraq dırnaqlarını qopardırlar”. (Şair illər sonra söyləyirdi ki, “işgəncələri verən öz soydaşlarımız idi. İşgəncələri verəndə sanki “kayf” alırdılar. Müstəntiq Kərim Hüseynov bu şeirə görə məni çox incitdi, cəhənnəm əzəbını yaşatdı mənə”). 

 

Belə faktlarların siyahısını artırmaq da olar. Çünki onların sayı yüzlərlədir. Əsası isə o idi ki, xalq artıq rejimə qarşı fəaliyyətini gizlətmirdi və heç bir ağır işgəncələr xalqın istiqlal məfkurəsini, müstəqillik ruhunu qanından-canından çıxara bilmədi. “Millət də, xalq da özünü itirmədi, gələcəyə ümidlə yaşadı ki” 1980-cı illərin sonlarında xalq öz azadlığı, müstəqilliyi, istiqlaliyyəti uğrunda “Meydan azadlığından məmləkət azadlığına” yol aldı. Bu yolda “olum, ya ölüm” “geri çəkilmək, mübarizəni yarımçıq qoymaq haqqında fikirləşmək heç kimin ağlından belə keçmədi”.

 

Xalqın bu əzimkarlığı yenə Moskvanın qəzəbinə səbəb oldu. Xalqı cəzalandırmaq üçün məqam gözlədi. Bu məqam 1990-cı ilin 19-yanvarından 20-nə keçən gecə yetişdi. O gecə xəmiri qanla yoğrulmuş, işğalçı Sovet Ordusunun əsgərləri öz azadlığı uğrunda ayağa qalxan əliyalın xalqın üstünə silah çəkdi, qanına qəltan elədi, susdurmaq istədi. Amma yanıldı, unutdu ki, Azərbaycanda “son zəfər sözünü söyləyəcək mübariz nəsil” yetişib. O nəsil o gecə azadlıq uğrunda canından-qanından keçərək Azərbaycanın taleyinə “qanlı və şanlı” əbədi bir tarix yazdı - Azadlıq tarixi. Bu tarix bizi 1991-ci ildə yenidən azadlığımıza, müstəqilliyimizə qovuşdurdu. Bu gün azadlığımızı, müstəqiliyimizi qorumaq, əbədi yaşatmaq üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür.       

 

“Milli hərəkatı milli şüur hərəkətə gətirirsə, milli şüuru da xalqın adət-ənənəsindəki, tarixi keçmişindəki, mənəvi xəzinəsindəki dəyərlər qidalandırır”. Elə ona görə də milli-mənəvi dəyərlərimizə qənim kəsilən Sovet hakimiyyəti ilk gündən Azərbaycanda nəyin bahasına olur-olsun, ruslaşma siyasətini həyata keçirməyə cəhd göstərdi. Bu prosesi ideoloji mübarizə yolu ilə aparmağa daha çox üstünlük versə də, “ideoloji mübarizədə məğlub olacağından hər zaman ehtiyatlanıb”. Ona görə də ən çirkin repressiyalara, həbslərə, təqiblərə imza ataraq bəşər tarixində qanlı bir imperiya kimi qaldı. Amma “Fəqət Rusiya 27 aprelin zərbəsi ilə Azərbaycanın həyatını əbədiyyən məhv edə bilmədi”. Çünki, dahi Üzeyir bəy demiş “Axı Allah-taala bizi qabiliyyətsiz, istedadsız yaratmayıb”.

 

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist

Müəllif: Ayna.az      24 Dekabr 2020 23:19
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin