Əsas səhifə Haqqımızda Xəbər lenti

Bir tərəf zülmət, işıq gələn tərəfə isə gözlərini yumub – AĞIR DƏRDDİR

Bir tərəf zülmət, işıq gələn tərəfə isə gözlərini yumub –       AĞIR DƏRDDİR

Politoloq: “Ermənistan Azərbaycan və Türkiyə ilə dil tapa bilməsə, gələcəyi sual altındadır”

 

44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanın məlubiyyətini etiraf etməsi və kapitulyasiya aktına imza atmasından sonra ölkədə yaranan qarışıqlıq səngimək bilmir. Ermənistan cəmiyyətində Paşinyanın istefasını tələb edənlər, onu xain adlandıranlar, yerinə namizəd göstərənlərlə yanaşı, Paşinyanı dəstəkləyənlər də var. Artıq Baş nazirə qarşı etiraz dalğasının növbəti mərhələsinə start verilib. Paşinyanın etirazını tələb edənlər onu Ermənistanın məğlubiyyətində ittiham edirlər. Görünən odur ki, Ermənistanda istər siyasi elita, istərsə də xalq düşdüyü dərin böhrandan necə çıxacağını bilmir.

 

Mövcud vəziyyəti AYNA-ya şərh edən siyasi elmlər doktoru, politoloq Ramiz Sevdimalıyevin fikrincə, Ermənistan siyasi elitası Azərbaycanla sülh şəraitində yaşamağa hazır deyil və müharibədə məğlub olduqlarını etiraf etmək istəmirlər: “Buna görə də Ermənistan revanş əldə etmək istəyir və revanşist anti-Azərbaycan, anti-türk ritorikalarını davam etdirir. Onların bütün siyasi qruplarının, bütün siyasi partiyalarının çıxışlarında da bu niyyətləri özünü açıq-aşkar biruzə verir. Sözsüz ki, bu gün Ermənistanın hökumət başçısı Nikol Paşinyan siyasi cəhətdən ölü kimidir. Çünki Paşinyan bütün məsuliyyəti üzərinə götürmək məcburiyyətində qaldı və bütün günahlar da onun boynuna yazıldı”.

Ramiz Sevdimalıyev: Ermənistanın işğalçı dövlət olması faktı beynəlxalq  sənədlərdə də təsdiq olunub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

“Lakin məsələ burasındadır ki, Ermənistanın məğlubiyyətində günahkar yalnız Paşinyan deyil, bu məğlubiyyətdə Paşinyana qədər hakimiyyətdə olmuş bütün siyasi rəhbərlər böyük məsuliyyət daşıyırlar. Onların hamısı zamanında korrupsiyaya bulaşmış, Ermənistanı talan eləmiş, işğal altında olan Azərbaycan ərazilərini əllərində saxlayaraq özlərini qalib hesab etmişlər. Təbii ki, bunu beynəlxalq səviyyədə rəsmiləşdirə bilməmişdilər. Əksinə, Azərbaycan diplomatiyasının gücü ondan ibarət olmuşdu ki, bütün bu dövrlərdə müxətlif beynəlxalq təşkilatlarda, beynəxlalq sənədlərdə Ermənistanın işğalçı olmasını təsdiqləyən sənədlər qəbul olundu. İndi də Ermənistan cəmiyyətində xalqın siyasi partiyalara, siyasi liderlərə inamı o qədər azalıb ki, bu fakt özünü tamamilə nümayiş etdirir. Paşinyana qarşı çıxan 17 partiyanın ətrafında da xalqın cəmləşdiyini görmürük. Çünki xalq siyasi hakimiyyətə də, digər siyasi partiyalara da inamını itirib. Səbəb də odur ki, siyasi hakimiyyət dəfələrlə xalqa qarşı qəddarlığa yol verib, xalqı aldadıb. Xalq da axırda Paşinyana inanmaq istədi. Lakin Paşinyan da onları belə bir fəlakətə düçar elədi və müharibə dönəmində ancaq xalqı aldatmaqla məşğul oldu. Xalq da buna görə olan-qalan inamını da itirdi”, - deyə politoloq bildirib.

 

O, Ermənistan cəmiyyətinin artıq parçalandığını qeyd edib: “Belə ki, xalqın bir hissəsi Paşinyanı dəstəkləməkdə davam edir, bir hissəsi isə müxtəlif partiyaların arxasınca gedən qruplara bölünüb. Yəni, Ermənistan cəmiyyətində birlik qalmayıb və ən faciəlisi də odur ki, Ermənistanda Paşinyanın istefasını tələb edən heç bir siyasi qruplaşma, siyasi partiya Ermənistanın bu fəlakətdən çıxması və müharibənin yekunları ilə bağlı addımlar atmaq üçün plan, yol xəritəsi təqim etmir. Çünki Ermənistan nə sülhə hazırdır, nə də müharibə aparmaq iqtidadırındadır. Ermənistanın iqtisadiyyatı çöküb, sosial vəziyyət bərbaddır. Belə olan halda isə siyasi partiyalar, 1990-cı illərdə Baş nazir və müdafiə naziri olmuş Vazgen Manukyanın yenidən hökumət başçısı kimi namizədliyini irəli sürmək istəyir”.

 

“Amma başa düşmürlər ki, Manukyanın dövrü 90-cı illərdə qalıb, artıq 2020-ci il başa çatır və vəziyyət, imkanlar dəyişir. Azərbaycan güclü dövlətdir, o zamankı kimi müstəqilliyini yenicə bərpa etmiş, heç bir imkanları olmayan zəif bir dövlət deyil. Ki, Manukyan da əvvəlki kimi özbaşınalıq eləsin. Azəbaycan artıq güclü orduya, müasir iqtisaidyyata malik olan dövlətdir”, - Sevdimalıyev vurğulayıb.

 

“Ən başlıcası da odur ki, Ermənistan cəmiyyəti uzun illərdir real tarixlə yaşamır. Onların ideoloqları yalanlarla, illuziyalarla dolu tarix uydurub və erməni cəmiyyətini o uydurmalarla yaşadırlar. O tarixin kökündə də türklərə, türk xalqlarına nifrət dayanır. Türkiyə və Azərbaycanla bağlı olan tarixi inkar etmək missiyası dayanır. Ermənistan cəmiyyəti, Ermənistan siyasi elitası da hesab edir ki, Ermənistan müxtəlif güc mərkəzlərinin geosiyasi maraqlarını yerinə yetirmək istiqamətində vasitə kimi istifadə olunur deyə, əlahiddə bir xalqdır. Amma onlar başa düşmürlər ki, istənilən vasitənin istifadə müddəti başa çata bilər. Yaxud, onlar müxtəlif dövlətlərdən kömək istəməklə elə hesab edirlər ki, onlara mütləq kömək olunmalıdır. Bax, bu miflərin heç birindən Ermənistan cəmiyyəti azad ola bilmir. Onlar başa düşməlidir ki, onların bölgədə bundan sonrakı mövcudluğu yalnız və yalnız region dövlətləri, daha doğrusu, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Ermənistan bu dövlətlərlə dil tapa bilməsə, gələcəyi sual altındadır”, - müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib      21 Dekabr 2020 21:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin