Əsas səhifə Haqqımızda Xəbər lenti

Şuşanın dağları başı bəlalı...

Şuşanın dağları başı bəlalı...

Şuşa şəhərinin tarixi – Üçüncü  yazı

 

(birinci yazı, ikinci yazı)

 

1917- ci il inqilabları Rusiyada çar imperatorluğunun sonunu gətirdi. Bolşeviklər hakimiyyəti ələ aldılar. Bu zaman imperiya daxilində yaşayan bütün xalqlar müstəqilliyə can atırdı. Belə bir vaxtda ermənilər İrəvan xanlığı ərazisində onlar üçün yaradılan vilayətlə razılaşmayıb, Azərbaycanın və Gürcüstanın bəzi torpaqlarına iddia etdilər. Batum danışıqlarından sonra İrəvanın ermənilərə güzəştə gedilməsi, Ermənistan Respublikasının yaradılması həm də onların iddia etdikləri Azərbaycanın Qarabağ bölgəsininin dağlıq hissəsindən birdəfəlik əl çəkəcəklərinin təminatı olmalı idi. Lakin onlar bununla qane olmadılar, Cümhuriyyətimizin sərhədləri daxilində olsa belə, Qarabağda bəzi təxribatlar törətməyə davam etdilər.

 

Bütün bunların qarşısını almaq üçün Azərbaycan Cümhuriyyəti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını birləşdirərək, mərkəzi Şuşa şəhəri olan Qarabağ General-Qubernatorluğu yaratdı. Xosrov Paşa bəy Sultanov ilk general-qubernator təyin edildi. Mərkəzin Şuşa seçilməsi də təsadüfi deyildi. Xankəndi və ətrafında yaşayan ermənilər artıq başları üzərində general-qubernatorluğun mərkəzini görəcəkdilər.

 

Şuşa həm də ermənilərin azərbaycanlılara qarşı ən çox təxribat törətdikləri məkan idi. General-qubernatorluğun yaranması ilə artıq Qarabağın “dağlıq” və “düzənlik” hissəsi deyilən terminlər işlənməyəcəkdi. Belə bir vaxtda ingilis general Tomsonu İrəvana dəvət edən Erməni Milli Şurası (EMŞ) Qarabağın dağlıq hissəsinə erməni əhalinin çoxluğu nəzərə alınaraq, nəzarətin EMŞ-də qalmasını tələb etdiklərini Bakıya çatdırmağı xahiş etdi. Tomson isə bununla razı olmadı. Azərbaycan hökuməti də öz növbəsində o tələbə etirazını bildirdi ki, həmin ərazilər Azərbaycanın şəksiz və ayrılmaz hissəsidir.

1918-1919: Британия между Арменией и Азербайджаном

1919-cu ilin aprelində general Tomsonun nümayəndəsi Şatelvort Bakıdan Şuşaya səfər etdi. Burada erməni keşişi və icması ilə görüşərək, onlardan general-qubernator Xosrov bəy Sultanovun qanuni hakimiyyətini tanımalarını tələb etdi. Bundan sonra Xosrov bəy Şuşadakı erməni icmasının rəhbərini həbs edərək, sürgünə göndərdi. Yepiskop Şahnazarov və digərləri toplandılar, Xosrov bəylə görüşərək Azərbaycan Cümhuriyyəti daxilində yaşamağı qəbul etdilər. Heç bir separatçı hərəkətlərə yol verməyəcəkləri haqqında sənədə imza atdılar.

 

1919-cu ilin iyun ayında qubernatorluğa səfər edən hərbiyyə naziri S.B.Mehmandarov və Baş nazir N.B.Yusifbəylini kilsədə Yepiskop Şahnazarov duz-çörəklə qarşıladı, onlarla Azərbaycan dilində danışdı.

 

1919-cu ilin 15 avqust tarixində erməni icması Şuşada qurultay keçirərək Azərbaycan Cümhuriyyətinin qanuni hakimiyyətini tanıdıqlarını rəsmiləşdirdilər. Lakin orada bir maddə erməni xislətini açıq-aşkar göstərirdi. Onlar bildirirdilər ki, bu qərara Paris Sülh Konfransından sonra bir də baxıla bilər. Ermənilər düşünürdülər ki, Azərbaycanın suverenliyi de-fakto tanınmayacaq və ermənilərin muxtariyyət istəyi həyata keçiriləcək. 

 

Qarabağda sabitliyin qorunması üçün hökumət Ermənistanla müqavilə bağlanmasını qərara aldı. 1919-cu il 23 noyabr tarixində baş tutan sülh müqaviləsində bildirilirdi ki, tərəflər sərhədlərdə və mübahisəli ərazilər məsələsində silaha əl atmayacaq, problemlər yanlız danışıqlar yolu ilə həll ediləcək. Müqavilədən az sonra Cümhuriyyət qoşunları Zəngəzurdan çəkildi. Lakin ermənilər müqaviləni pozaraq, Zəngəzura basqın etdilər.

 

Həmin vaxt ərazidə olan ingilis jurnalist Skotland Liddel Londona yazırdı: “Ermənilər 23 noyabr müqaviləsini xaincəsinə pozdular. 40-dan çox müsəlman kəndinə hücum edərək, yandırdılar. Xanımlar qaçırıldı. Bu insanların əzablarını gözlərimlə gördüm. İnanıram ki, gün gələcək müsəlmanlar ayağa qalxacaqlar. O zaman da erməniləri heç kim qurtarmayacaq”.

Гибель Шуши - Записки карабахского солдата 1920 год | Вне Строк

Hadisədən dərhal sonra xarici işlər naziri F.X.Xoyski müttəfiq dövlətlərin Qafqaz üzrə ali komissarı olan Haskeldən tədbir görülməsini istədi. Ermənistan təxribatı dayandırmazdısa, Cümhuriyyət öz vətəndaşlarını qorumaq üçün oraya qoşun çəkəcəkdi. Zəngəzurda dayanan ermənilər bu təxribatları Şuşa və Xankəndidə davam etdirdilər.

 

1922-ci ildə müəllif Tevedros yazırdı: “Ermənistan Respublikası 1919-cu ildə Şuşa və ətrafını müsəlmanlardan təmizləmək və Ermənistana bağlı yeni erməni dövləti hakimiyyəti qurmaq üçün 19 milyon pul ayırmışdı”.

 

1920-ci ilin qış aylarında Cümhuriyyət daxilində baş verən çəkişmələrdən, “5-ci kolon”un dəstəyindən istifadə edən ermənilər Qarabağda fəallaşdılar və 1920-ci ilin Novruz bayramı günü qəfildən Şuşa, Xankəndi və Əsgərana hücuma keçərək, həm hərbi birliklərin kazarmalarını, həm də kəndəri yandırdılar. Dəli Qazarın başçılıq etdiyi 4 min nəfərlik quldur dəstəsi Əsgəran qalasını tutdu. Xalqın bayramını qana boyadılar.

 

Belə bir vəziyyətdə Hərbiyyə Nazirliyi bölgəyə Həbib bəy Səlimovun rəhbərliyi ilə hərbi dəstə göndərdi və onlar aprel ayının əvvələrində erməniləri geri oturda bildilər. Dəli Qazar öldürüldü. Qarabağ azad edildi, Cümhuriyyət ordusu Xankəndiyə döyüşşüz daxil oldu. Şuşa-Xankəndi yoluna nəzarət yenidən milli orduya keçdi.

 

Bu döyüşdən sonra Mirzə Bala Məmmədzadə yazırdı: “Azərbaycan Ordusu Şuşa qalasına daxil ola bildi və Şuşanı, Xankəndiyi qoruyan əsgərləri ilə birlikdə qələbə tonqalı yandırdılar”.

 

1920-ci il 28 aprel tarixində Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğal olundu. Cümhuriyyət dövründə bütün təxribatlarının qarşısı alınan ermənilər artıq bolşeviklərin köməyi ilə azərbaycanlılara qarşı Qarabağda olmazın terror aktları həyata keçirdilər. Bəzən onları anti-inqilab damğası ilə tutaraq bolşeviklərə təhvil verib güllələdir, ailələrini sürgün etdirir, işgəncələr verdilər.

 

1920-1922-ci illərdə Şuşada  bütün mülkləri əllərindən alınmış, yandırılmış əsilzadələrin, bəylərin böyük əksəriyyəti nəsillikcə şəhərdən köç etdilər. Onlar Osmanlıya, İrana və Azərbaycanın bəzi bölgələrinə yayıldılar. Tədricən Şuşada Azərbaycan türklərinin sayı azaldı. 1921-ci ildə Şuşa yeni yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi seçildi. 1923-cü ildə mərkəz Xankəndiyə köçürüldü, Şuşa isə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan rayon oldu. 

 

Beləliklə, 170 ildən çox Qarabağın mərkəzi olan Şuşa şəhəri mərkəz statusundan da məhrum oldu. Bu məhrumiyyət şəhərin sonrakı taleyinə də təsir etdi. Heç bir tikinti, quruculuq və abadlıq işləri aparılmadı. Əksinə, azərbaycanlılara məxsus bir sıra tarixi abidələr söküldü, dağıdıldı. Əhalinin sayı getdikcə azaldı. 1923-1938-ci illər arasında Şuşadan olan alimlər, ictimai xadimlər, məşhur həkimlər, tanınmış ailələrin nümayəndələri, ziyalılar, dindarlar ermənilərin istəyi ilə güllələndilər, sürgün edildilər.

 

Burada şəhər komendantından ən kiçik məmura kimi rus və ermənilərdən təşkil edilmişdi. Azərbaycanlılar tədricən sıxışdırılır, Qarabağın digər kəndlərinə köçürülürdülər. Məscidlər ibadətə bağlanaraq, taxıl, ərzaq anbarına çevrildi. 20 il ərzində Şuşanın bir çox məhəlləsində kilsələr tikildi. Sovet İttifaqının vətəndaşlarına verdiyi müəyyən hüquqlar vardı ki, Şuşa və ətrafında yaşayan azərbaycanlıların bütün hüquq və azadlıqları əllərindən alındı.

 

1930-cu ildə AKP NS-in qərarı ilə Şuşa rayon olaraq təsis edidi. 1963-cü ildə Şuşa rayonu ləğv edilərək, Stepanakertin (Xankəndi) tərkibinə daxil edildi. 1965-ci ildə isə Şuşanın yenidən rayon ststusu özünə qaytarıldı. Bu illər ərzində Şuşada əhali sayı da kəsin azalmışdı. Belə ki, 1917-ci ildə 43869 nəfər idisə, 1970-ci ildə 13664 nəfərə endi.  Onlardan 3577 nəfəri rus və erməni, qalan əhali isə azərbaycanlılar idi.

Heydər Əliyev Şuşada Molla Pənah Vaqif mavzoleyinin açılışında, 1982-ci il  » Nostalgiya.az

O zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyev Şuşa şəhərinin tarixi abidələrinin yenidənqurulması üçün Azərbaycan SSRİ Nazirlər Sovetinə müraciət etdi. 1977-ci ildə NS “Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi, mədəni həyatının dirçəldilməsi üçün bir sıra proqramlar hazırlandı. Şuşada milli musiqi alətləri istehsal edən fabrik açıldı.

 

1982-ci ildə Şuşa şəhərində M.P.Vaqifin yubileyi münasibəti ilə mədəniyyət günləri keçirildi. Bu zaman Vaqifin məzarı üstdə 20 metrlik abidənin açılışı ilə yanaşı, mədəniyyət mərkəzinin də açılışı oldu.

 

Təəssüf ki, Şuşa şəhərində bu yenidənqurma işləri çox çəkmədi. 1988-ci ildən etibarən Ermənistandan Qarabağa gələn separatçılar yeni təxribat törədir, DQMV-ni Azərbaycanın tərkibindən ayırıb, müstəqil elan etməyə can atdılar. Buna qarşı çıxan azərbaycanlılara divan tutuldu. 1992-ci ildən başayaraq isə Qarabağın əzəli sahibi olan azərbaycanlılara qarşı genişmiqyaslı hərbi əməliyyatlar, soyqırımlar həyata keçirməyə başladılar.

 

Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində işğal olundu. Şuşanın işğalı 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirildi. Şuşa döyüşündə 480 şəhid verdik. Onlardan 193 nəfəri mülki əhali idi. 22 min vətəndaşımız öz evindən didərgin düşdü, 1860 nəfər yaralandı. Şuşa şəhərində Şuşa qalası da daxil, 280 dini və mədəni abidəmiz əsir qalmışdı. 28 il ərzində onları da dağıdan, uçuran ermənilər son illərdə şəhərdə bir çox yerləri təmir edərək, qanunsuz turist cəlb edilməsinə başladılar.

İlham Əliyev:Əziz Şuşa, sən azadsan!

Şuşa şəhəri bir də 2020-ci ilin 8 noyabrında işğaldan azad edildi. Azərbaycan Prezidenti Şəhidlər Xiyabanından bu müjdəni Azərbaycan xalqına çatdırdı: Əziz Şuşa! Sən azadsan!

Müəllif: Şəhla Cabbarlı      13 Dekabr 2020 22:32
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin