Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirusa qarşı ingilis peyvəndi: Alaq, almayaq?

Koronavirusa qarşı ingilis peyvəndi:       Alaq, almayaq?

TƏBİB ÜST-nin qərarını gözləyir, mütəxəssislər isə fərqli düşünürlər

 

Böyük Britaniya koronavirusa qarşı dünyada birinci olaraq “Pfizer-BioNtech” vaksinini istifadə üçün bəyənib. Vaksinin gələn həftədən bütün ölkə üzrə tətbiqinə başlanılacaq. Lakin sözügedən peyvənd Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hələlik təsdiqlənməyib.

 

Azərbaycan “Pfizer-BioNtech” peyvəndi üçün Britaniyaya müraciət edə bilərmi? AYNA suala cavab axtarıb.

 

Sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, Azərbaycan ÜST tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq: “ÜST hansısa peyvəndi təsdiqləyərsə, o zaman əldə olunacaq”.

 

“Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq”, - deyə TƏBİB-dən qeyd olundu.

 

Pulmonoloq İbrahim Əsədli hesab edir ki, koronavirusa qarşı peyvəndlənmə stabil virusa qarşı effektiv ola bilər: “Amma dəyişkən, serotip və genotipləri olan qrip, koronavirus, hanta virus kimi viruslara qarşı peyvənd hazırlamaq çətindir. Əgər bunlar həmin peyvəndi hazırlayıblarsa, deməli, növbəti bir oyundur. Bundan əvvəl peyvəndi ruslar, türklər və ameriklalılar da hazırlamışdılar”.

 

Həkimin sözlərinə görə, bu peyvənd insana xeyir və ziyan edəcəksə, biz bunu bir ildən sonra biləcəyik: “Yəni, yaxın günlərdə bu peyvəndin hansı nəticə verəcəyi bəlli deyil. Sual ortaya çıxır: Peyvəndi kimlərə vuracaqlar - xəstələnməyən, ya artıq xəstələnmiş insanlara? Artıq xəstələnib sağalmış insanlara peyvəndin vurulmasının heç bir mənası yoxdur. Sağlam insanlara həmin peyvəndi vurmaq onlara koronavirusu yeritmək deməkdir. Bu, məntiqsizlikdir. Mənə görə, peyvəndin hç bir mənası yoxdur. Bunun əvəzinə sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsi vacibdir. İnsan immuniteti düzəlməli və sosial-iqtisadi sistem dəyişməlidir”.

 

İnfeksionist Şəhla Piriyeva da peyvəndlənməni mühüm hesab edir, amma: “Bundan əvvəl bir çox ölkə peyvəndi sınaqdan keçirdi, lakin təsdiqini tapmadı. Əslində, peyvəndin vurulması yaxşıdır. Mən də peyvəndin, nəhayət tətbiqini gözləyirəm ki, COVID-19 dan canımız qurtarsın”.

 

“Əlbəttə, gərək peyvənd öz təsdiqini tapsın ki, sonra da insanlara vurulsun. Təsdiqini tapmasa, əlbəttə, çox böyük ağırlaşmalar ola bilər. Təbii ki, hər bir dərmanı istifadə etməmişdən əvvəl nəyinsə üzərində təcrübə aparılır, sonra yekun nəticəyə gəlinərək qərar verilir ki, artıq istifadə etmək olar. Yəni, bu, adi bir dərmanı istifadə etməmişdən qabaq da belə olur, nəinki peyvənd. Bu boyda pandemiya qarşısında həmin peyvəndi də sınaqdan keçirib təsdiqini tapmayana qədər istifadəsi mümkün deyil”, - Piriyeva vurğuladı.

Müəllif: Ülviyyə Şahin      5 Dekabr 2020 19:53
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin