Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənilərin Laçın şəhərindən çıxmalarını tələb etməliyik”

“Ermənilərin Laçın şəhərindən çıxmalarını tələb etməliyik”

Politoloq: “Rusiya sülhməramlıları erməniləri qoruduqlarını gizlətmirlər”

 

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonu da işğaldan azad edildi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq, nəzarəti ələ aldı. Lakin özünü qondarma “Dağlıq Qarabağ Respublikası”nın Laçın rayonu üzrə “meri” adlandıran separatçı Muşeq Alaverdyan əhalinin və özünün yaşayış məntəqələrini tərk etməyəcəyini bildirdi.

 

“Təhlükəsizliyə zəmanət verə bilmərəm, amma heç bir halda biz yaşayış yerini tərk etməyəcəyik. Danışıqlar erməni diplomatiyası tərəfindən aparılır. Hazırda hansı razılığın əldə olunduğunu bilmirəm. Bu gün Rusiya sülhməramlılarının hərbi korpusunun rəhbəri ilə görüşməmişəm. Dəqiq məlumatım yoxdur, amma mənə konkret evakuasiya əmri də verilməyib. Sus və Ağavno kəndlərinin sakinlərini yaşayış yerlərini tərk etməməyə çağırırıq”, - deyə Alaverdyan vurğuladı.

 

Mövzunu AYNA-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, üçtərəfli bəyanatda müəyyən boşluqlar var və onlar hələ də öz həllini gözləyir: “Məsələn, ermənilərin Azərbaycan qanunlarına tabe olub-olmayacaqları, şəxsiyyət vəsiqələrimizi daşıyıb-daşımayacaqları, bizim bayrağımızın Xankəndidə, Xocalıda dalğalanıb-dalğalanmayacağı və s. kimi sual doğuran məsələlər var. Üstəlik, Laçın rayonu bizə təhvil verilsə də, elə başa düşülür ki, biz Laçın şəhərinə alternativ yol hazır olandan sonra daxil ola biləcəyik. Yəni, Laçın şəhəri hələlik bizim nəzarətimizdə deyil”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

“Görünür, erməni tərəfi də məhz buna görə belə bir iddia irəli sürür ki, əgər şəhər Azərbaycanın nəzarətində qalmırsa, onlar da Laçında hələlik yaşaya bilərlər. Təbii ki, bu məsələyə aydınlıq gətirilməlidir. Çünki ermənilər bu gün Laçını tərk etməsələr, sonra onları oradan çıxarmaq çətin ola bilər”, - ekspert bildirib.

 

Şahinoğlu qeyd edib ki, Laçın dəhlizinin eni bəyannamədə 5 kilometr qeyd edilsə də, şəhərin özünü də əhatə edir: “Ona görə də Laçın rayonu bizim nəzarətimizə keçsə də, şəhərin özü nəzarətimizə keçməyib. Şəhər bizim nəzarətimizə o vaxt keçəcək ki, alternativ yol tikiləcək. Onun da hansı müddətə tikiləcəyini bilmirik. Yəqin, o yolu da biz tikəcəyik ki, Laçın şəhəri bizim nəzarətimizə keçsin. Görünür, ermənilər də bundan istiafdə edərək Laçın şəhərini tərk etmək istəmirlər. Düzdür, kəndlərdən çıxıblar, amma mövcud bəhanə ilə şəhəri tərk etmək istəmirlər. Mənə elə gəlir ki, şəhərə nəzarət etməsək belə, şəhərin boşaldılması tələbini irəli sürməliyik. Çünki Laçın da digər ərazilərimiz kimi bizə məxsusdur”.

 

Politoloq ermənilərin Laçın şəhərini tərk etməməsini Rusiya sülhməramlılarının evakuasiya qərarı olmaması ilə də əlaqələndirib: “Ermənilər Laçın rayonundan çıxarılsalar da, Laçın şəhərindən evakuasiya olunmamaları gələcəkdə bizə problemlər yaradacaq. Nəinki bizə, ermənilərin özlərinə də problem olacaq. Ona görə də bu məsələ müzakirə predmeti olmalıdır”.

 

“Rusiya isə bəyanatda yer alan bəndlərə istinad edir. Lakin bir məsələyə diqqət yetirmək lazımdır ki, Rusiya sülhməramlıları erməniləri qoruduqlarını heç gizlətmirlər də. Hətta, bu yaxınlarda Rusiya mətbuatında sülhməramlıların komandirlərindən birinin açıqlamasını oxudum. Həmin sülhməramlı komandir Qarabağda xristian əhali və xristian abidələrini qoruduqlarını açıq şəkildə qeyd eləmişdi. Qarabağda xristianları qorumaq nə deməkdir? Əlbəttə ki, erməniləri qorumaq deməkdir. Yəni, bu məsələlər də çox təəssüf ki, öz həllini tapmayıb və cəmiyyətdə ciddi sualların yaranmasına səbəb olub. Bu suallara da qısa müddət ərzində mütləq cavab verməliyik”, - deyə politoloq əlavə edib.

Müəllif: Mərahim Nəsib      4 Dekabr 2020 21:03
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin