Əsas səhifə Haqqımızda Xəbər lenti

Sərt karantin rejiminə qayıdırıqmı – Cavablar birmənalıdır

Sərt karantin rejiminə qayıdırıqmı –         Cavablar birmənalıdır

Həkimlər həyəcan təbili çalırlar: “Vəziyyət daha betər ola bilər”

 

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Vəziyyət hər keçən gün daha da pisləşir. Beləliklə, 1 dekabr 2020-ci il tarixində Nazirlər Kabineti yanında Əməliyyat Qərargahının məlumatlarına görə, ölkədə 4.426 yeni koronavirus infeksiyası qeydə alındı.

 

Həkim-reanimatoloq Polina Əliyeva Azərbaycanda səhiyyə sisteminin tamamilə yükləndiyini söylədi: “Həkimlər çox çalışırlar. İnfeksiyanın belə bir sürətlə yayılması həkimlərin insanların yardımına vaxtında yetişə bilməməsinə, nəticədə onların ölümünə səbəb ola bilər. Bu vəziyyətdən çıxış yolu - sərtləşdirilmiş karantin rejimi dövründə Azərbaycanda qüvvədə olan bütün məhdudiyyətlərin geri qaytarılmasıdır”.

 

Sərtləşdirilmiş karantin rejimi dövründə Azərbaycanda qüvvədə olan məhdudiyyətlərin bərpası həqiqətən vəziyyətdən yeganə çıxış yoludurmu? AYNA suala cavab axtarıb.

 

Bakı şəhər poliklinikasının koronavirus xəstələrini müalicə edən sahə həkimi Ələsgər Hüseynovun dediyinə görə, koronavirus xəstələri evdə qalmaq və həkimin təyin etdiyi müalicəni aparmaq əvəzinə özləri klinikaya gəlirlər: “Klinikaya gələrkən nəqliyyatdan istifadə edir və insanların sıx olduğu yerlərdə olurlar. Beləliklə, digər insanlara yoluxma təhlükəsi artır”.

 

Hüseynov hesab edir ki, karantin rejiminin bərpası, şübhəsiz, yoluxmuşların sayının azalmasına səbəb olacaq: “Axı, karantin tətbiq edilməsi vəziyyətində vətəndaşlar yalnız SMS-icazə alsalar, çölə çıxa biləcəklər”.

 

Goranboy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Vidadi Əliyev də karantin rejiminin tətbiq edilməsinin pandemiya ilə mübarizənin yeganə yolu olduğunu düşünür: “İndiyə qədər xəstələri müalicə edən kifayət qədər həkim var, amma onlar çox yorulublar. İnanıram ki, təcili olaraq bütün Azərbaycan ərazisində ümumi karantin tətbiq edilməsinə keçməliyik. Əks təqdirdə bunun nəticələri ağır ola bilər”.

 

Nazirlər Kabineti koronavirusla mübarizə üçün sərtləşdirilimiş karantin rejimi tətbiq edəcəkmi? Bu sualla müraciət etdiyimiz Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun cavabı belə oldu: “Pandemiya ilə mübarizə aparmaq üçün sərt karantin tətbiq edilib-edilməyəcəyi ilə bağlı məlumatım yoxdur”.

 

Qeyd edək ki, sərtləşdirilimiş karantin rejiminə keçməyin vacibliyini Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən birifinqində, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiev dilə gətirib: “Tədbirləri sərtləşdirmək vaxtı gəlib. Əks təqdirdə, iki həftədən sonra yoluxmuşların sayı həddindən çox olacaq. Ayrıca, koronavirus xəstələrinin artması ilə xəstəxanalarda digər xəstələrə yer qalmayacaq. Bildiyiniz kimi, tibb müəssisələrində Vətən müharibəsi iştirakçıları olan yaralı əsgərlər var. Bu, həm də onlar üçün böyük bir təhlükə yaradır”.

Müəllif: Rəşad Rüstəmov      2 Dekabr 2020 17:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin