Əsas səhifə Haqqımızda Xəbər lenti

Laçın da azad edildi: Növbəti hədəflərimizi dəqiqləşdirək

Laçın da azad edildi: Növbəti hədəflərimizi dəqiqləşdirək

Bundan sonra Qarabağda proseslər necə cərəyan edəcək və qarşıda nələr var?

 

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış Qarabağ razılaşmasına əsasən, Ağdam və Kəlbəcər rayonlarının ardınca, Laçın rayonu da işğaldan azad edildi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq, nəzarəti ələ aldı. Bununla da razılaşmaya əsasən, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərlə yanaşı, Azərbaycana təhvil verilməli olan sonuncu rayon da geri qayıtdı.

 

Bununla yanaşı, dünən Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Sülhməramlı Mərkəzinin yaradılması ilə bağlı müqavilənin imzalandığını açıqlayıb. Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasında, Türkiyə-Rusiya Birgə Sülhməramlı Mərkəzinin yaradılması və vəzifə prinsipləri ilə əlaqədar olaraq texniki detallarla bağlı danışıqların başa çatdığı və memorandumun imzalandığı qeyd olunur. Bununla da Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımı işlərin davam etdirildiyi bildirilib.

 

Qarabağda bundan sonra proseslər necə cərəyan edəcək və digər ərazilərin aqibəti ilə bağlı məsələ hansı formada həllini tapacaq? Ümumiyyətlə, Azərbaycanın bundan sonrakı mərhələdə prioritetləri nədən ibarətdir? Həmçinin, Türkiyə ilə Rusiya arasında Birgə Sülhməramlı Mərkəzin fəaliyyətə başlaması üçün memorandum imzalansa da, Türkiyə sühməramlılarının gecikməsi suallar doğurur. Bu, nə ilə bağlıdır?

 

Mövzunu AYNA-ya dəyərləndirən Milli Məclis üzvü, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün tam təminatı, Ermənistanın isə kapitulyasiyası idi: “Cənab Prezident də də noyabrın 10-da xalqa müraicətində bildirdi ki, bəyanata əsasən, Dağlıq Qarabağın heç bir statusu yoxdur və Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ölkə Prezidenti dünən də Laçının işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətində bəyannamənin hər bir bəndinin icrası ilə bağlı Azərbaycan xalqına məlumat verdi və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha qeyd elədi”.

Deputat Cavid Osmanov: “Təmsil etdiyim bölgədəki bələdiyyələrin fəaliyyəti  məni qane etmir” - MÜSAHİBƏ

“Bunlar o deməkdir ki, Dağlıq Qarabağın heç bir statusu olmayacaq və 1988-ci ilə, yəni münaqişə başlayana qədər azərbaycanlı və erməni icmalarının Dağlıq Qarabağda birgə yaşayışı necə təmin olunmuşdusa, bundan sonra azərbaycanlı və erməni əhalisinin birgə yaşayışı təmin olunacaq və həmin ərazilər Azərbaycan əraziləri olaraq qalacaq. Həmin ərazilərdə Azərbaycan qanunları işləyəcək və heç bir statusdan söhbət getməyəcək. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib”, - deputat bildirib.

 

Müsahibimiz 10 noyabr bəyanatını hərbi-diplomatik addımların təsdiqi kimi qiymətləndirib: “Belə ki, Azərbaycan Ordusunun 44 gün ərzində hərbi yolla apardığı Vətən müharibəsində 300-dən artıq yaşayış məntəqəmiz işğaldan azad edildi, 3 rayonumuz isə bəyanata uyğun olaraq bizə təhvil verildi. Bundan sonrakı mərhələ sülhməramlıların vasitəsi ilə hər iki icmanın əminamanlıq içində birgə yaşayışının təmin olunmasından ibarətdir. Əlbəttə ki, bunun üçün yeni görüşlər, danışıqlar olacaq, diplomatik addımlar atılacaq. Təbii ki, həmin ərazilərdə yaşayış üçün şərait də yaradılmalıdır. Ssülhməramlılar Qarabağda ömürlük qalmayacaqlar. Yəni, bəyanata uyğun olaraq 5 il ərzində Qarabağda qalacaq, müddətin bitməsinə 6 ay qalmış tərəflərin birinin narazılığı olarsa, sülhməramlılar bölgəni tərk edəcəklər”.

 

“Ola bilsin ki, sülhməramlıların 5 il ərzində üzərlərinə götürdüyü öhdəliklər başa çatar və icmaların əminamanlıq içində birgə yaşayışı təmin edilər və ikinci 5 illiyə ehtiyac qalmaz. Yəni, bütün bunların hamısı mərhələli şəkildə, tələsmədən ediləcək. Cənab Prezidentin bir sözünü xüsusilə vurğulamaq istəyirəm. Ölkə başçısı bildirmişdi ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilirik. Ona görə də bəzi insanlarda bununla bağlı narahatlıq olsa da, heç bir narahatlığa ehtiyac yoxdur. Çünki üçtərəfli bəyanat Azərbaycanın ərazi bütövlüyünün tam təminatıdır”, – Osmanov vurğulayıb.

 

Millət vəkili əlavə edib ki, bundan sonra Azərbaycanın əsas prioriteti təhlükəsizlik məsələlərinin təmin olunması ilə bağlıdır: “Təbii ki, artıq bu istiqamətdə işlər gedir və Azərbaycanın hüquq mühafizə orqanları ilə Azərbaycan Ordusu müxtəlif işlər görür. İkinci mərhələ isə beynəlxalq ekspertlərin iştirakı ilə, 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımıza dəyən ziyanın ölçülməsi və daha sonra bu zərərin beynəlxalq hüquq müstəvisində ödənilməsi ilə bağlı Ermənistana qarşı iddia qaldırılması və iddianın təmin edilməsidir. Əlbəttə ki, paralel olaraq azad edilmiş ərazilərdə infrastukturun qurulması da əsas prioritetlərdəndir. Ki, bununla bağlı da artıq bəzi işlərin görülməsinə başlanılıb. Bildiyimiz kimi, Şuşaya yolun çəkilməsinin təməlqoyma mərasimi keçirildi, Bərdədən Ağdama gedən dəmiryol xəttinin çəkilməsi ilə bağlı ölkə başçısı sərəncam imzaladı. Digər layihələr də tədircən həyata keçiriləcək və cənab Prezidentin dediyi kimi, işğaldan azad edilən ərazilərimiz təkcə Azərbaycanın deyil, bütün dünyanın ən gözəl məkanlarından birinə çevriləcək”.

 

“Çünki Azəbaycanın iqtisadi potenisalı və qüdrəti buna qadirdir. Bütün bunların hamısı da mərhələli şəkildə həyata keçiriləcək və bizim məcburi köçkünlərimizin hər birinin öz dədə-baba yurdlarına qayıtmaları təmin ediləcək. İşğaldan azad edilən ərazilərimizdə erməni vandalları 30 il barbarlıq edib, talançılıqla məşğul olublar. Hətta, Kəlbəcərdən, Ağdamdan, Laçından çıxanda bütün infrastukturu məhv edib, meşələri yandırıb, evləri dağıdıblar. Amma ölkə başçısı onların hamısına əvvəlki evlərindən daha yaxşı, daha geniş evlər veriləcəyini qeyd elədi. Çünki Azərbaycan uzun müddət buna görə öz iqtisadi potensialını, iqtisadi gücünü formalaşdırıb və bu davamlı inkişafımız hər birimizi əmin edir ki, bu məsələlərin hamısı öz həllini tapacaq. Prezident də bütün rayon mərkəzlərinin baş planının çəkilməsi ilə bağlı tapşırıq verib, müxtəlif işlər görülür, əlaqləndirici komissya ilə bağlı Prezidentimiz sərəncam imzalayıb. Yəni, bütün bu işlər bizi əmin edir ki, heç bir narahatlığa səbəb yoxdur və Azərbaycan dövləti bu layihələrin hamısını həyata keçirəcək”, - deyə C.Osmanov fikrini yekunlaşdırıb.

Qaynar Qazan"da Elşad Musayev:

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, siyasi analtik Elşad Musayev də AYNA-ya, mövcud və gözlənilən prosesləri şərh edib. fikirlərini bildirib. O, hesab edir ki, Azərbaycan Vətən müharibəsində qalib gəlsə də, münaqişəni bitmiş saymaq olmaz: “Çünki müəyyən məsələlər var ki, hər biri öz həllini tapmalıdır. Ölkə Prezidenti də çıxışlarında status-kvonun dəyişdiyini, Qarabağa heç bir status verilməyəcəyini dəfələrlə vurğulayıb. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazilərini geri qaytarıb və bundan sonra da qoruyacaq. Məlum olduğu kimi, 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizindən ermənilərə yol verilib və Rusiya sülhməramlıları 5 il müddətində prosesə nəzarət edəcək. Yəni, bu illər ərzində sülhməramlı qoşunların missiyası bu proseslə bağlı olacaq”.

 

“Bundan sonrakı mərhələdə həm ölkədaxili, həm də beynəlxalq aləmdə müəyyən işlər görüləcək. İlk növbədə ölkə daxilində kommunikasiya işləri görülməli, eyni zamanda paralel olaraq ərazilərin minalardan təmizlənməli, qoşunlarımız azad etdiyimiz ərazilərə tam yerləşməli və bütün bu proseslərin yekununda əhalinin azad edilmiş ərazilərdə məskunlaşması işi həyata keçirilməlidir. Yerdə qalan digər ərazilər də - Xankəndi, Xocalı, Xocavənd Azərbaycanın nəzarətində olacaq, həmin ərazilərdə Azərbaycan bayrağı qaldırılacaq və Azərbaycan Respublikasının idarəetmə sistemi bərpa olunacaq. Ona görə də tələsməyə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, 30 ildir bu problem davam edir və həmin ərazilərdə müəyyən qədər gərginlik ocaqları qalıb. Biz mərhələ-mərhələ öz işlərimizi həyata keçirməliyik. Eyni zamanda, Qazax rayonunun Ermənistanın nəzarətində olan kəndləri də dərhal boşaldılmalıdır. Çünki biz qalib tərəfik və heç nədən çəkinməməliyik. Əgər biz bir addım belə, geri çəkilsək, yenidən təzyiqlərlə üzləşəcəyik”, - həmsöhbətimiz bildirib.

 

Partiya sədri Türkiyə sülhməramlılarının gecikməsi ilə bağlı yaranan narahtlığa da toxunub: “Nəzərə almaq lazımdır ki, Türkiyə qoşunlarının bir hissəsi artıq Azərbaycandadır. Sadəcə müəyyən dəqiqləşmə işləri aparılır və dekbarın 1-nə qədər gözləyirdik ki, ermənilər sonuncu rayondan da çıxsınlar ki, ölkədəki sabitliyi saxlayaq və təxribatların olmasına şərait yaratmayaq. Düşünürəm ki, artıq Türkiyə qoşunlarının Qarabağa gəlməsi üçün heç bir maneə qalmayıb. Ermənistan məğlub, biz isə qalib tərəf olaraq üstünlüyümüzdən istifadə etməli, şərtləri qoyan tərəf olmalıyıq. Azərbaycan ərazisində azərbaycanlılara silah qaldıran separatçıların heç biri ərazilərimizdə qalmayacaq və Azərbaycanın hüquq mühafizə orqanları qarşısında cavab verəcəklər”.

 

Musayevin fikrincə, bundan sonra da ərazi bütövlüyümüzün qorunması, ölkəmizin bütün yerlərində qanunlarımızın işləməsi əsas prioritetimiz olmalıdır: “Çalışmalıyıq ki, daha tez müddətdə və sülməramlıların yerləşdiyi ərazilərdə də Azərbaycan qanunları işləsin. Eyni zamanda, Azərbaycan sərhədlərinin bütövlüyü qorunub-saxlanılmalı, sərhədboyu ərazilər tam nəzarətə götürüməlidir. Həmçinin, erməni təəssübkeşlərinin kənardan etdikləri təzyiqlərin qarşısı alınmalı və bu istiqamətdə mübarizəmiz davam etməlidir. Bu məsələdə də bizim daimi müttəfiqimiz qardaş Türkiyə ilə münasibətlərimiz artan xətt üzrə davam etməli, İsrail ilə münasibətlərimiz daha da genişlənməli, Pakistanla münasibətlər yüksək səviyyədə olmalı və Ukrayna ilə əməkdaşlığımız inkişaf etməlidir”.

 

“Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransanın bəlli mövqeyinə müəyyən təzyiqlərimiz olmalıdır. Çünki Fransanın Azərbaycanda çox sayda şirkətləri var və Fransa bu şirkətlər vasitəsi ilə Azərbaycanda iqtisadi maraqlar güdür. Həmin şirkətlərə də təsir edilməlidir. Digər tərəfdən, Fransadan fərqli olaraq Minsk Qrupunun digər həmsədr üzvü ABŞ-la münasibətlərimiz yüksək səviyyədə olmalıdır. Çünki Minsk Qrupunun həmsədrləri arasında Azərbaycana dəstək göstərən yalnız ABŞ olub. Təbii ki, ABŞ-ın da burada müəyyən maraqları olub və bu maraqları təmin etmək lazımdır. Vətən müharibəsində ABŞ-ın susqun mövqeyini seçkilərlə əlaqələndirirdilər, lakin bu, heç də seçkilərlə bağlı deyildi. Məsələn, ABŞ Orta Asiyaya Azərbaycan üzərindən enerji resurslarını keçirmək istəyir. Belə olan halda, əlbəttə ki, Amerikaya Azərbaycan daha maraqlıdır, nəinki Ermənistan. Ona görə də bu məsələlərin müsbət inkişafında xarici siyasət məsələlərini də yüksək səviyyədə inkişaf etdirmək lazımdır”, - mütəxəssis vurğulayıb.

Müəllif: Mərahim Nəsib      2 Dekabr 2020 10:20
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin