Əsas səhifə Haqqımızda Xəbər lenti

Məsuliyyətini anlamayan COVID-19 xəstələri ilə necə davranmalı?

Məsuliyyətini anlamayan COVID-19 xəstələri ilə necə davranmalı?

Hüquqşünas: “Xəstə olduğunu bilə-bilə, küçəyə çıxıb insanları təhlükəyə atmaq cinayət məsuliyyəti yaradır”

 

Hər kəsə məlumdur ki, maska taxmaq, fiziki məsafəni gözləmək, əlləri tez-tez yumaq koronavirus (COVID-19) infeksiyasından qorunmağın ən sadə və effektiv yoludur. Bu, özümüzü qoruduğu kimi, başqalarını da xəstəliyi simptomsuz və ya zəif simptomlarla keçirdiyimiz halda, bizdən qoruyan tədbirlərdir.

 

İnsanların sıx olduğu yerlərdə maska taxmaq zəruri və karantin qaydalarına görə məcburi olduğu halda, müşahidələrimiz onu göstərir ki, polis işçilərinin diqqətindən yayınaraq maskasını çənəsinin altına salan, bununla qalmayıb, siqaretinin tüstüsünə insanları boğan, məcburiyyətdən oldu-olmadı, fiziki məsafəyə əməl etməyən çox sayda insan var. Bu mənzərəni müşahidə edərkən qəti əmin olursan ki, maska taxmayanlara cərimələr tətbiq edilməsəydi, çox insan çətin ki, fiziki məsafənin gözlənilmədiyi yerlərdə maskadan istifadə edərdi.

 

Bundan daha betəri isə COVID-19 xəstələrinin evi tərk etməsidir. Son günlərdə “Evi tərk edən koronavirus xəstəsi saxlanıldı” başlıqlı xəbərlərinin sayı da elə COVID-19-a yoluxma və ölüm halları kimi çoxalmaqdadır. Qeyd edək ki, həmin şəxslər polis əməkdaşları tərəfindən aşarlandıqda əraziyə həkim briqadası dəvət olunaraq ya koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya, ya da yenidən yaşadığı ünvanlara geri qaytarılır. Belə şəxslərdən bir neçəsinə artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb.

 

Bu barədə AYNA-nın həmsöhbəti hüquqşunas Nicat Gözəlov deyir ki, qanunvericilikdə bununla bağlı dəyişiklik edilib və xəstə olduğunu bilə-bilə küçəyə çıxıb insanları təhülkəyə atmaq cinayət məsuliyyətidir: “Həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsində bununla bağlı dəyişiklik oldu. Qanunvericilikdə dəyişiklik olanda biz bunun maarifləndirməsini aparmışıq. Yəni, o şəxslər indi deyə bilməzlər ki, bizim xəbərimiz yoxdur. Qeyd edim ki, Cinayət Məcəlləsinə 139-1 maddəsi əlavə olundu və həmin maddə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması haqda idi. Dəyişiklikdə qeyd edilir ki, şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətinə cəlb olunur. Cinayət məsuliyyətinə cəlb olunan şəxs barəsində müvafiq orqan tərəfindən - polis idarələrinin istintaq bölmələri və tabe şöbələri tərəfindən cinayət işi başlanır və istintaqı aparılır”.

Feysbukda canlı yayım açan namizəd kimdir? - Foto

Hüquqşunas bildirir ki, bu halda vətəndaşa 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər: “Bu cinayət təsnifatına görə “az ağır cinayət” hesab olunur. Adi halda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması öz əksini tapır. Ağırlaşdırıcı halda isə, yəni eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Müsahibimizin sözlərinə görə, “az ağır cinayət”lərdə istintaq ilkin mərhələdə 3 ay çəkir: “Sonra bu müddət zərurət yarandıqda, əlavə olaraq üç dəfə də, ümumilikdə 10 aya qədər də uzadıla bilər. Lakin belə növ cinayətlərdə onu uzatmağın bir zərurəti yoxdur. Hər şey göz qabağındadır. Buna görə də, 1-2 ayda da yekunlaşdırmaq olar. Cinayətin törədilməsi, bitməsi anı - həmin şəxsin cəmiyyət üçün real təhlükə törətdiyi andır. İlkin mərhələdən sonra məsuliyyətdən azad etmək üçün bir əsas olmasa, iş məhkəməyə göndərilir və məhkəmə hökm çıxarır”.

 

“Həmin şəxslərin təmasda olduqları adamlar həmin virusa yoluxub və sonradan dünyasını dəyişibsə, bu, o deməkdir ki, həmin şəxsin barəsində 139-1 maddəsinin “ağırlaşdırıcı” forması, 139-1.2 maddəsi ilə ittiham veriləcək. İndi texniki imkanlar bunun aydınlaşmasına şərait yaradır. Şəxs istintaq altında olduğu dövrdə barəsində həbs, ev dustaqlığı, başqa yerə getməmə haqqında intizam və sair qəti imkan tədbirləri seçilə bilər”, - deyə Gözəlov vurğulayıb.

 

Mütəxəssis əlavə edib ki, hazırda Azərbaycanda bu növ xəstələrin saxlanması üçün hansısa tam təminatlı təcridxana yoxdur: “Buna görə hesab edirəm ki, təcridxanalardakı digər şəxsləri riskə atmamaqdan ötrü həmin şəxslərlə həbslə bağlı olmayan digər bir qətimkan tədbiri seçilməlidir. Çünki təcridxanaya göndərildikləri halda böyük problem yarana bilər”.

Müəllif: Aləmdə Nəsib      2 Dekabr 2020 23:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin