Əsas səhifə Haqqımızda Xəbər lenti

Zombilər, sarı həblər və 208-ci maddə - Ermənilərin Qarabağda “gördükləri”

Zombilər, sarı həblər və 208-ci maddə -       Ermənilərin Qarabağda “gördükləri”

Düşmən “ölülərin cibində aspirin kimi suda həll olan sarı həblər tapıldı” tipli hekayələr uydurur

 

Erməni təbliğatı, İkinci Qarabağ müharibəsi zamanı dağıdıcı məğlubiyyətə haqq qazandırmaq üçün yaradılan uydurma miflərdən yapışmaq üçün boş yerə cəhdlər edir. Təbliğatçılar hərbi məğlubiyyətin səbəblərini ağılla axtarmaq əvəzinə, kütlələrə baş verənlərin irrasional versiyalarını təklif edirlər. Tarixçi Qayane Ayvazyan istisna olmaqla, Ermənistanın ziyalı təbəqəsi arasında da məntiqin səsi eşidilmir.

 

“Problemləri yaxın qonşularla (Azərbaycan və Türkiyə - red.) müzakirə etmək və bir fikir birliyinə gəlmək əvəzinə, onlar (erməni şovinistləri - red.) tanınması üçün yalvardılar (Qarabağın - red.). Lakin əslində onlar bu gedişlə “ermənilərsiz Qarabağ” doktrinasının həyata keçirilməsinə nail olacaqlar. Mövcud dünya düzənində dünyanın Qarabağ erməni dövlətinin müstəqilliyini tanımayacağı aydındırsa, niyə yeni bir avantüraya getmək lazımdır?!”, – Ayvazyan deyib.

 

Ancaq onun çağırışı da eşidilmədi. Erməni mediası müharibədə suriyalı muzdluların, Türkiyə və Pakistan xüsusi təyinatlılarının Azərbaycan tərəfində vuruşduğu iddia edilən materiallarla doludur. Rusiya dövlət xəbər agentliyi “Sputnik”-in erməni bölməsi bu informasiya müharibəsində xüsusilə fəaldır. O dərəcədə ki, “Sputnik Ermənistan” xəbər lentini oxuyarkən, Rusiya mediasının bir qolu deyil, bir erməni nəşrinin xəbərini oxuduğumuz hissindən qurtula bilmirsiniz.

 

Bu yaxınlarda “RİA Novosti” xəbər agentliyi də erməni miflərinin yayılmasına qoşulub. Bu nəşr Andrey Kotsun Qarabağdakı erməni əhalisinin mövcud vəziyyəti barədə hesabatını dərc edib. Kots reportajına Xankəndidə müharibəyə qatılmaq üçün ora gələn çox sayda erməni mənşəli xarici vətəndaşın olması ilə başlayır. Döyüş əməliyyatlarının dayandırılmasına baxmayaraq, evlərinə qayıtmağa tələsmədiklərini qeyd edir: “Niyə evlərinə getmədikləri soruşulduqda, “Davamını gözləyirik” cavabını verdilər”.

 

Müəllif müharibədən əvvəl Moskvada yaşayan, iki qardaşı ilə birlikdə hərbi əməliyyatların başlamasının ikinci günündə Qarabağa gələn Arman Qaranyanla söhbətindən bəhs edir. Nədənsə, Qaranyanın adını və şəklini əsas gətirən müəllif, Rusiyada 2014-cü ildə başqa bir dövlətin ərazisindəki döyüşlərdə iştirak etmək üçün insanları cəlb etməyə görə cinayət məsuliyyəti üçün bir hüquqi baza yaradıldığını xatırlamır.

 

Bunun üçün Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci hissəsinin ifadəsinə korrektələr edilib və belə səslənməyə başlayıb: “Federal qanunla nəzərdə tutulmayan silahlı birləşmədə iştirak, habelə xarici dövlətin ərazisindəki silahlı birləşmədə bu dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmayan, Rusiya Federasiyası mənafelərinə zidd məqsədlərlə iştirak etmək - beş ildən on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır” (cəza pulla iştirakdan – muzdlulardan daha sərtdir).

 

Hərbi məğlubiyyətin səbəblərinə gəlincə, ermənilər azərbaycanlılar tərəfindən məğlub olmadıqlarına inanmağa çalışırlar. “Azərbaycanlılar belə döyüşə bilmirlər”, - deyə ermənilər düşünürlər. Özləri hərbi-texnoloji baxımdan keçən əsrdə qalaraq, yenə də Azərbaycanın müasir silahlarla təchiz edilmiş nizami ordusunun olmadığına inanırlar. Buna görə də bəhanə olaraq “ölülərin cibində aspirin kimi suda həll olan sarı həblər tapıldı” tipli hekayələr uydururlar.

 

Onlara görə, bu sarı həb günlərlə yuxusuz, qidasız və qorxusuz mübarizə aparmağa imkan verən bir dərmandır. Buna görə azərbaycanlılarla döyüşən ermənilərə elə gəlib ki, onlara qarşı güllənin belə, təsir etmədiyi zombilər vuruşurdu.

 

Ancaq eyni zamanda, bu nağılları danışanlar sözlərini isbat edəcək heç bir inandırıcı dəlil gətirmədilər. Heç bir həb, şpris yox, əsir götürülən suriyalı muzdlular və qaradərili döyüşçülər yoxdur. Bu vəziyyət “Qorxunun gözü iri olar” rus atalar sözünü çox xatırladır.

 

Müəllif reportajlarında Qarabağ ermənilərini köhnə vərdişə görə, ötən əsrin 90-cı illərindəki dəstələr şəklində təqdim edir, amma müasir Azərbaycan Ordusuna qarşı cəsarətlə vuruşduqlarını (?) göstərməyə çalışır. Onlar anlamırlar ki, o vaxtdan bəri 30 il keçib və Azərbaycanın döyüşə hazır bir ordusu var, hansının ki, qələbəsi artıq xarici mütəxəssislər tərəfindən öyrənilir.

 

Eyni zamanda, “RİA Novosti” redaksiyası, Azərbaycan tərəfinin Qarabağda döyüşmüş Rusiya ermənilərinin olması barədə müvafiq nəticə çıxara biləcəyi bu məqaləni dərc etməkdən çəkinmir. Söhbət Rusiya Prezidentinin açıq şəkildə Azərbaycanın bir hissəsi adlandırdığı ərazidən – Qarabağdan gedir.

Müəllif: Asif Aydınlı      30 Noyabr 2020 23:11
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin