Əsas səhifə Haqqımızda Xəbər lenti

“Peyvəndə inanıb gözləməyin, qorunun, saqqalınızı qırxın” – HƏKİM

“Peyvəndə inanıb gözləməyin, qorunun, saqqalınızı qırxın” –       HƏKİM

Ədalət Rüstəm: “Dekabrda koronavirusa sutkalıq yoluxanların sayı 5000 nəfərə çatacaq”

 

Son bir ildə dünyanın ən böyük bəlasına çevrilən koronavirus (COVID-19) infeksiyasına, hazırda Azərbaycanda da sürətli yoluxma halları yaşanır. Son zamanlar ölkəmizdə virusa sutkalıq yoluxma sayı 4 min nəfərin üzərindədir.

 

AYNA mövzu ətrafında tibb mütəxəssisi, həkim Ədalət Rüstəm ilə həmsöhbət olub. Müsahibimiz yoluxmalarda tempin artmağa davam edəcəyini düşünür:

 

- Dekabrda koronavirusa sutkalıq yoluxanların sayı 5000 nəfərə çatacaq. Təəssüf ki, mən dediyim gigiyena qaydalarına çox insan riayət eləmir. Nəticədə də bu cür hallarla üzləşirlər. Bu vəziyyətdən bir çıxış yolu var: Ən azı, aprel ayındakı vəziyyətə qayıtmaq. Belə ki, karantin daha da sərtləşdirilməli, 2 saatlıq icazə bərpa edilməlidir. Bəlkə, bununla bir qədər yoluxma sayını azaltmaq olar. Əks halda, virusa yoluxanların sayı günü-gündən çoxalacaq.

<img alt="Yoluxmanı azaltmağın 3 yolu var..." -"="" data-cke-saved-src="https://teleqraf.com/storage/2020/06/22/edalet_rstem.jpg" src="https://teleqraf.com/storage/2020/06/22/edalet_rstem.jpg">

- İndiki mərhələdə SMS-icazə sisteminə keçilə bilər?

 

- Düzünü deyim, bir daha bu sistemə keçiləcəyinə inanmıram. Düşünürəm ki, məsuliyyət insanların öz üzərinə qoyulub. İnsanlar isə gigiyena qaydalarına ciddi riayət etmədikləri üçün vəziyyət bu həddə çatıb və günü-gündən daha da ağırlaşacaq.

 

- Hazırda xəstələr daha çox baxımsızlıqdan, hətta, təcili yardımın vaxtında yardıma yetişməməsindən şikayətçidirlər…

 

- Elədir. Xəstəxanalarda yer yoxdur. Ona görə heç bir xəstəyə cavab verilmir.

 

- Yay aylarında müsahibələrinizin birində demişdiniz ki, zaman keçdikcə virus mutasiyaya uğrayacaq və get-gedə zəifləyəcək. Amma zaman keçsə də, virus zəifləmir, əksinə daha çox yayılmağa başlayır...

 

- Mutasiya iki cür gedir: Zəifləmək və güclənmək. Bir var zamanla virus mutasiyaya uğrayaraq zəifləyir, bir də var ki, əksinə - zaman keçdikcə daha da güclənir. Yəni, yeni mutantlar daha aqressiv, daha öldürücü ola bilir. Kimin ki bədəninə mülayim virus düşür, o, xəstəliyi daha yüngül keçirir. Kimin ki bədəninə daha aqressiv və öldürücü virus düşür, o, daha ağır keçirir. Mutasiyaya, peyvəndə inanıb gözləmək olmaz. Mütləq şəkildə maskadan istifadə edib, ara məsafəsi saxlamaq lazımdır. Heç kimlə əllə görüşmək, yanaqdan öpüşmək olmaz.

 

- Artıq koronavirusa görə peyvəndlər hazırlandığı deyilir və hətta, həkimlərin bəziləri insanları bu peyvəndlərdən istifadəyə çağırırlar.

 

- Qripə qarşı peyvəndləri insanlar vaxtında vursalar, heç olmasa, qripə tutulma azalar. Nəticədə qrip olan insanlar özlərini CODID-19-a tutulan kimi qəbul etməyəcəklər. Koronavirusun peyvəndi yoxdur. Sadəcə reklam məqsədi ilə insanlara virusun peyvəndi olduğunu deyirlər. Bu virusdan maska taxmaq, məsafə saxlamaq, əlləri spirtləmək və soyuducunu dolu saxlamaq ilə qorunmaq olar. Soyuducu dolu olmalıdır ki, ailə üzvlərinin immuniteti güclü olsun, virusla mübarizə apara bilsin. Ailənin başçısı işləmirsə, dövlət onlara yardım etməlidir.

 

Oğlanlar saqqal saxlamamalıdır. Normada saqqallı kişilər 3000-5000 dəfə, xanımlar isə saçlarına 2000 dəfə əlləri ilə sığal çəkirlər. Əllər də hər yerə dəyir. Daha sonra çirkli əlləri vururlar saqqallarına. Nəticədə saqqal virus daşıyıcısı olur. Qadınlar da əllərini müxtəlif yerlərə vurub saçlarına aparırlar. Saçlarını açıb avtobusa minəndə saçları başqalarının paltarlarına dəyir. Nəzərə alaq ki, virus hər yerdədir, saçlar da virus daşıyıcısı olur. Ona görə də yaxşı olar ki, oğlanlar saqqallarını qırxsınlar, xanımlar isə saçlarını evdən çıxarkən yığsınlar və papaq taxsınlar. Hər kəs özünü qorumalıdır.

Müəllif: Təranə Xudabaxşiyeva      30 Noyabr 2020 21:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin