Əsas səhifə Haqqımızda Xəbər lenti

Karen Şahnazarov: “Məsciddə donuz saxlanılması hiddət doğurur”

Karen Şahnazarov: “Məsciddə donuz saxlanılması hiddət doğurur”

“Azərbaycan Prezidenti İlham Əliyev çox ağıllı hərəkət etdi - erməniləri küncə sıxışdırmadı”

 

Erməni əsilli rusiyalı kinorejissor və ssenarist, “Mosfilm” kino konserninin baş direktoru Karen Şahnazarov AYNA-ya özəl müsahibə verib. Beləliklə:

 

- Karen Georgiyeviç, gələcəkdə ermənilərlə azərbaycanlıların birgəyaşayış prosesini necə təsəvvür edirsiniz? Hər halda 30 ildən çoxdur ki, müharibə gedirdi, bu günə qədər qurulmuş sülh son dərəcə kövrəkdir. Barışıq prosesi nə qədər davam edəcək?

 

- Yəqin ki, Avropada belə bir müharibənin – “Otuz illik müharibə”nin olduğunu bilirsiniz. Katoliklərlə Huqenotlar arasında olmuşdu.

 

- Mən ixtisasca tarixçiyəm, Karen Georgiyeviç...

 

- Əla. Onda xatırlamalısınız ki, Mərkəzi Avropada - Çex Respublikasında, Fransada, Almaniya torpaqlarında dəhşətli bir qırğın oldu, əhalinin az qala üçdə ikisi məhv edildi. Ancaq o vaxtdan bəri çox sular axdı, zaman bütün yaraları sağaldır. Əlbəttə ki, yeganə məram bu barışığa can atmaqdır. Daha doğrusu, Cənubi Qafqazda normal bir birgəyaşayaşın qurulmasının heç bir alternativi yoxdur. Ölkələrimiz kiçikdir, Rusiya, Türkiyə və İran kimi geopolitik nəhənglərin əhatəsindədir. Onların birtəhər yaşaması lazımdır. Və mənə elə gəlir ki, yalnız ölkələrimizin əhalisi, xalqlarımız bir növ qarşılıqlı faydalı əməkdaşlıq variantı tapsalar, mübarizə aparmasalar, bir-birlərinə kömək etsələr, sağ qala bilərlər.

 

Ancaq bunun üçün mənə elə gəlir ki, ilk növbədə iqtisadiyyatdan başlamaq lazımdır. Sərhədlərin açılması lazımdır. İnsanların ünsiyyət qurmasına icazə verilməlidir. Əlbəttə ki, bütün anti-erməni və anti-Azərbaycan ritorikalarını dayandırmaq lazımdır. Və yeni bir nəsil tədricən böyüyəcək. Bunda mümkün olmayan heç nə yoxdur. Hələ başqa yol yoxdur. Hər halda, Ermənistan, Azərbaycan və Gürcüstan həmişə qonşu olub və olacaq.

Кинорежиссер Карен Шахназаров: с удовольствием бы приехал в Баку - AZE.az

- Təbii ki, heç kim Marsa və ya başqa bir qalaktikaya uçmayacaq...

 

- Düzdür, heç kim uçmayacaq. Qonşu idik və belə də qalacağıq.  Əslində, xalqlarımızın ümumi cəhətləri çoxdur. Həmişə azərbaycanlılar və gürcülər arasında çoxlu dostlarım olub. Sadəcə, bu respublikaların xalqları başqa bir yol olmadığını başa düşməlidir. Güzəştə getməliyik. Əks təqdirdə daimi olaraq, fasilələrlə müharibə olacaq.

 

Azərbaycan bu müharibədə qalib gəldi. Ermənilər 90-cı illərin əvvəllərində üstünlük qazanmışdılar. Qəbul edək ki, hesab 1:1 oldu. Bəs, bundan sonra nə olacaq? Revanş kimə lazımdır? Əməkdaşlıq etməli, ortaq dil tapmalıyıq. Bir daha deyirəm ki, mənfəətləri həmişə toqquşacaq, bu və ya digərini müəyyən addımlar atmağa məcbur edəcək nəhənglərlə əhatə olunmuş kiçik ölkələrik. Cənubi Qafqaz xalqları savadlı, ağıllı, təşəbbüskar, Rusiya İmperiyası və SSRİ-nin bir hissəsi olaraq ortaq keçmişə sahibdirlər. Xalqların ümumi cəhətləri çoxdur, yaxşı yaşaya və yaxşı münasibətlər qura bilərlər. Və bu, hər kəsə fayda gətirəcək. Bəs, indiki vəziyyətin faydası nədir? Ermənistan blokada altındadır. Azərbaycanın da Türkiyə ilə açıq sərhədi yoxdur.

 

- Yalnız Naxçıvanla sərhəddir, sərhəd xəttinin uzunluğu 11 km-dir.

 

- Bəli, doğrudur. Ancaq Azərbaycanın əsas hissəsindən Naxçıvana gedib çıxmaq lazımdır. Ortada Ermənistan da var. Aydındır ki, indi ehtiraslar alovlanır, müharibə, itirilmiş gənclik... Ancaq bu, bir daha hamını düşünməyə vadar edəcək: gəncliyinizi bu qədər mənasız yerə hədər verməyə dəyərmi? Ancaq bu sualların cavablarını indi respublikaları idarə edən siyasətçilər verməlidirlər.

 

- Yeri gəlmişkən, siyasətçilər haqqında. Sual budur: siz özünüz, deyəsən bunu qınadınız, Rusiyada erməni diasporu müharibənin ilk günlərindən Qarabağ cəbhəsinə göndəriləcək könüllüləri toplamağa başladı. İndi bu insanlar normal şəkildə birlikdə işləyə və ya azərbaycanlılarla bir yerdə yaşaya biləcəklərmi? Rusiya erməniləri arasındakı anti-Azərbaycan hissləri necə yatırılmalıdır? Bunu kim etməlidir? Və necə?

 

- Əslində, tanıdıqların Rusiya erməniləri arasında anti-Azərbaycan düşüncələrinin olduğunu görmürəm. Ancaq Rusiyadakı erməni diasporunun həyatına dərindən qarışmadığımı da qeyd etməliyəm. Rusiya ermənilərindən danışarkən kimləri nəzərdə tuturdunuz?

 

- Rusiya Ermənilər Birliyi - belə bir təşkilat var.

 

- Düzü, onlara BÜTÜN Rusiya erməniləri adından danışmaq hüququnu kimin verdiyini anlamıram. Onları kim seçib, hansı hüquqlara sahib olduqlarını bilmirəm. Ancaq Rusiyada çox sayda erməni var. Və hamısı çox fərqlidir. Mənim tanışlarım arasında - bir çoxu ruslaşıb - heç birində anti-Azərbaycan düşüncəsi görmürəm. Mənim çoxlu azərbaycanlı dostlarım var. Son illərdə birlikdə işlədiyim operatorum Alik Tahirov azərbaycanlıdır. Heç bir problemimiz yoxdur və olmayıb da.

 

Şəxsi fikrim budur ki, respublikaların özlərində, rəhbərlərin çıxışlarında ritorika dəyişərsə, dəyişikliklər olarsa, bunlar Rusiyadakı icmalara da təsir edəcək. Ancaq atmosferin dəyişməsi üçün vaxt lazımdır. Burada qeyri-mümkün heç nə yoxdur. Belə nümunələr var. Yada salın, Fransa və İngiltərə neçə il vuruşdu!

 

- Həm də Fransa və Prussiya!

 

- Düzdür! Fransa və Prussiya. İndi fransızlar və almanlar ən yaxşı müttəfiqlərdir. Niyə ermənilər və azərbaycanlılar da belə ola bilməsinlər, başa düşmürəm.

 

- İşimizə görə erməni KİV-lərini tez-tez izləyirik və orada Ermənistanda revanşist hisslərin hökm sürdüyünün fərqinə varmaya bilmirik. Bu hissləri hansı qüvvələr artırır? Paşinyan və qrupu onları təsirsiz hala gətirmək üçün necə hərəkət etməlidir?

 

- Ermənilər də azərbaycanlılar kimi, qafqazlıdırlar. Yəni insanların qanı qaynayır, çılğın xasiyyətlidirlər. Qazanılan məğlubiyyətin onlara ağır zərbə olduğu açıqdır. Eyni travma Azərbaycanda 90-cı illərdə yaşanmışdı. Bəzi revanşist düşüncələrin olacağı aydındır. Ancaq, fikrimcə, bu, sonu olmayan, dalana aparan yoldur. Və düşünürəm ki, erməni cəmiyyətinin çoxu bunu başa düşür. Yalnız bir az daha sakit qəbul etməlisən, tədricən öz-özünə keçəcək. Axı, əlinizi ürəyinizə qoysanız, Azərbaycanda da üçtərəfli razılaşma ilə razı olmayanlar, sona qədər getməyin lazım olduğunu düşünən insanlar var.

 

- Nə gizlədim, var və onların sayı az deyil.

 

- Ancaq bu, səhv yanaşmadır. Bu vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyev çox ağıllı hərəkət etdi - erməniləri küncə sıxışdırmadı.

 

- Bir zaman mərhum Prezident Heydər Əliyev də bir insanı küncə sıxışdırmağa ehtiyac olmadığını söyləmişdi...

 

- Bu, çox müdrik bir mövqedir. Çünki, küncə sıxışdırılarsa, ermənilər silahlanmağa başlayacaq və iyirmi ildən sonra yeni bir müharibəyə başlayacaqlar. Kimə lazımdır? Və bu, sonsuzadək davam edəcək. Və fikrimcə, məhz bu baxımdan İlham Heydəroviç və Rusiya çox müdrik bir mövqe tutdular. Paşinyanın buna getməsi isə gerçəyi qəbul edə biləcəyini göstərir. Ermənistanın bundan sonra hər hansı bir qisas üçün bir fürsəti olduğunu düşünmürəm. Heç bir qisas almağa ehtiyac yoxdur, ancaq Cənubi Qafqazın gələcəyini bir araya gətirmək və birlikdə qurmaq lazımdır.

 

- Sual təbii olaraq ortaya çıxır: üçtərəfli razılığa görə, ermənilər 15 noyabrda Kəlbəcər bölgəsini tərk etməli idilər, ancaq İrəvan əlavə vaxt istədi. Qış dövrünün çətinliklərini nəzərə alaraq Azərbaycan əlavə 10 gün vaxt verdi. Dövlət başçısı bunu humanizm prinsiplərini rəhbər tutmağın vacibliyi ilə izah etdi. Və bu anda - bunu sübut edən çoxsaylı videolar var - bu ərazilərdən çıxan ermənilər əllərinə keçən hər şeyi yandırdı və məhv etdi. Orada, əslində, süni bir apokalipsis mənzərəsi yaradıldı...

 

- Emosiyalar! Haradasa birtəhər onları da başa düşmək olar. Və belə bir vəziyyətdə İlham Əliyev müdrik bir qərar verdi. Bu addımlar onun, həqiqətən böyük bir siyasi liderə çevrildiyini göstərir. İrəlini görür, gələcəyə baxır. O, emosiyaya qarşı çıxır. Ermənilər evləri yandırırlar. Bundan böyük bir faciə yaratmağa ehtiyac yoxdur. Və bu baxımdan Prezidentiniz çox balanslı bir siyasət yürüdür. Heç bir radikal və ya cəza tədbiri görmür. Gələcəyi yenidən qurmağa başlayır. Çoxdan bəri deyirəm ki, Əliyevin bütün Cənubi Qafqazın qeyri-rəsmi lideri olmaq üçün bütün şansları var. Ona görə ki, fərqli bir məsuliyyətə və baş verənlərə fərqli bir baxışa sahibdir.

 

- Tanınmış rejissor olaraq, bəlkə də rus sənətçilərinin Qarabağdakı xristian kilsələrinin taleyindən narahat olduqlarını bildirən məktubundan xəbərdarsınız. Eyni zamanda, Bakıda dövlət himayəsində olan bir erməni kilsəsinin olduğu da məlumdur ki, onu da Azərbaycan öz hesabına bərpa edib. Bu fonda, azad edilmiş rayonlarda heyvanların məscidlərdə saxlanılması ilə bağlı şok görüntülər gəlir...

 

- Bu kimi məsələlərlə məşğul olanda emosiyalara qapılmaq həmişə təhlükəlidir. Yəqin ki, Azərbaycanda erməni kilsələrinə qarşı çox dözümlü olmayan insanlar var. Radikallara təslim olmayın.

 

Məsciddə donuzlar və digər heyvanlar saxlanılırsa, bu, istənilən normal insanda hiddət doğrumaya bilməz! Bu barədə danışmalıyıq, göstərməliyik. Bunun bəzi erməni radikalları tərəfindən edildiyi aydındır. Ancaq bu qədər qəzəbli faktlardan növbəti müharibəyə gətirib çıxara biləcək bir hadisə düzəltmək lazım deyil. Və bu baxımdan Prezidentiniz düzgün addımlar atır.

 

- Siz bir sənət xadimi, Əməkdar rejissor kimi nə düşünürsünüz: hansı fiqur azərbaycanlılar və ermənilər arasında birləşdirici zəncirə çevrilə bilər? Sayat-Nova?

 

- Niyə də yox? Həmçinin, Sayat-Nova da. Ümumiyyətlə, Azərbaycan teatrı Yerevanda, erməni teatrı Bakıda çıxış edərdisə, yaxşı olardı. Kino həftələri keçirilərdi... Otuz ildir ki, heç bir erməni rəssam və ya sənətkar Bakıda olmayıb, elə aəzrbaycanlı sənətkarlar da Yerevanda. Mənim özümü Azərbaycana buraxmırlar. Baxmayaraq ki, atam Bakıdandır, özüm isə Rusiya vətəndaşıyam. Bakını çox sevən mərhum atam dəfələrələ Bakıya gəlmək istədi, ancaq təəssüf ki, gələ bilmədi. Ermənilər və azərbaycanlılar olduqca normal yaşayırdılar. Axı bütün bunlar hamısı olub.

 

- Məlumdur ki, 19-cu əsrdə Qafqazdakı erməni əhalisinin sayı İran və Osmanlı imperiyalarından gələn mühacirlər sayəsində xeyli artdı. O dövrdə tərk edilmiş bir çox Alban kilsəsi dini ehtiyacları üçün onlara verildi. Bu gün Azərbaycan tərəfi, arxivləri qaldıran və ya kilsələrin erməni deyil, alban köklərindən bəhs edən tədqiqatlar aparan kimi, erməni tərəfi yalnız narazılıqla kifayətlənmir, bütün yalan və doğrularla kilsələrin erməni mənşəli olduğunu sübut etməyə çalışır. Nə üçün? Axı, həm albanlar, həm də ermənilər xristianlığın eyni qoluna mənsubdurlar.

 

- Qoy, tarixçilər, professorlar, akademiklər bu döyüşlərdə nizələrini itiləsinlər. Elmi jurnallarda öz aralarında mübahisə edirlər, konfranslarda mübahisə edirlər. Azərbaycan tarixçiləri konfranslarda Yerevandakı erməni həmkarları ilə mübahisə etsinlər, erməni tarixçilər Bakıda olan azərbaycanlı həmkarları ilə mübahisə etsinlər. Sonra ortaq bir fikrə gələcəkləri yaxşı bir restorana gedərlər. Ortaq fikrə gəlməsələr də olar, fərqi yoxdur, mübahisələrə davam etsinlər. Əsas odur ki, bu mübahisələr geniş xalq kütlələri arasında bir-birinə düşmənçilik yaratmasın.

Müəllif: Yusif Poladov      29 Noyabr 2020 10:27
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin