Əsas səhifə Haqqımızda Xəbər lenti

İşğaldan azad edilmiş rayonları necə dirçəltməli – İki əsas istiqamət var

İşğaldan azad edilmiş rayonları necə dirçəltməli –     İki əsas istiqamət var

Düşmən tapdağından qurtarılmış bölgələr əkinçilik və maldarlıq üçün böyük potensiala malikdir

 

“Füzuli, Cəbrayıl, Zəngilan və Ağdam əkinçilik üçün Qarabağın ən məhsuldar bölgələridir. Xüsusilə, Füzuli və Cəbrayılın 99 faizi üzümçülük və taxıl sahələri olub”.

 

Bunu AYNA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Vüqar Hüseynov deyib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə əvvəl hansı kənd təsərrüfatı sahələri inkişaf etdirilibsə, ona əsaslanaraq həmin potensialın müəyyənləşdirilməsi və hazırkı vəziyyətdə inkişaf etdirilməsi nəzərdə tutulur.

 

“Dağlıq bölgələri nəzərə almasaq, əksər rayonlarımızda taxılçılıq, üzümçülük və pambıqçılığın inkişafı üçün potensial var. Kartofçuluq Qubadlı, Laçın kimi dağətəyi rayonlarda 80-ci illərdə inkişaf edib. Bundan başqa, bostan bitkilərinin inkişaf etdiyi kiçik ərazilər də var. Ancaq böyük miqyasda götürsək, bu bölgələr taxılçılıq və üzümçülüyün inkişafı üçün ən münbit ərazilər hesab olunur. Bu baxımdan da hesab edirik ki, həmin ənənələrə əsaslanaraq, biz sözügedən sahələrin inkişafını orda təmin edə biləcəyik”, - o vurğulayıb.

Vüqar Hüseynov: “Düşmən təsərrüfat obyektlərini qəsdən hədəf seçir”

Nazirlik rəsmisinin sözlərinə görə, işğalda olan torpaqlarımızın azad edilməsi nəticəsində dağ otlaqlarımız da özümüzə qayıdıb: “Laçın və Kəlbəcərdə otlaq sahələri daha çoxdur, bu otlaqların çox böyük imkanları var. Yəni ölkədə ətçilik və südçülük sahələrinin inkişafına imkan yaradacaq. Kəlbəcər, Qubadlı, Laçın kimi əsasən dağətəyi ərazilərdə kənd təsərrüfatı təyinatlı, yararlı torpaqların böyük bir qismini örüş yerləri, biçənəklər və otlaq sahələri təşkil edir. Heyvandarlıq istiqamətində də təbii ki, əsas hissə kiçikbuynuzlu heyvandarlığın inkişaf etdirilməsi olacaq və bunun üçün orada hər zaman böyük bir potensial olub. Bu potensialdan maksimum istifadə etməyi nəzərdə tuturuq”.

 

“Bu ərazilər nə qədər əhəmiyyətli olsa da, həmin torpaqların bərpası prosesi aparılmalı, onun keyfiyyəti müəyyənləşdirilməlidir. Çünki həmin ərazilər vaxtilə hərbi əməliyyat zonası olub və ermənilərin ekoloji terroruna məruz qalıb. Bu proseslər mərhələli şəkildə öyrənildikdən və başa çatdıqdan sonra həmin ərazilərdə tədqiqat aparılacaq və bundan sonra bu torpaqlardan hansı məqsədlə istifadə edilə biləcəyi müəyyən olunacaq”, - Hüseynov əlavə edib.

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də AYNA-ya şərhində, işğaldan azad edilən rayonların aqrar imkanlarını yüksək dəyərləndirib: “Apardığımız araşdırmalar göstərir ki, kənd təsərrüfatının inkişafı üçün işğaldan azad olunan torpaqların böyük potensialı var. Ərazinin 20 faizi qədər olmasına baxmayaraq, Sovet dövründə bir sıra məhsullarla bağlı 20 faizdən də çox ölkənin istehsal etdiyi məhsulun o bölgənin payına düşürdü. Orada, xüsusən heyvandarlığın inkişafı üçün yaxşı pontensial var”.

Vahid Məhərrəmov: “Azərbaycanın istehsal etdiyi barama rəqabət qabliyyətli  olmayacaq” » Dəyərlər AİN

Bəs, bu potensialı reallaşdırmaq üçün nə etmək lazımdır? Ekspert hesab edir ki, indi qısa müddətdə KTN torpaqların aqrokimyəvi tərkibini müəyyənləşdirməlidir: “Xüsusən əkin sahələrində elə yerlər var ki, ora uzun müddət istifadə olunmayıb. Və yağan yağışlar, sular torpağın üst qatında olan mineral elementləri torpağın aşağı səviyyəsinə endirir, bu da bitki üçün əlçatan deyil. Orda nə qədər elementlərini olduğunu və nə qədər əlavə gübrə verməklə, həmin torpaqları bərpa etməyin mümkünlüyün müəyyən etmək lazımdır”.

 

Mütəxəssisin fikrincə, heyvandarlıq sahəsində bir sıra tədbirlər həyata keçirmək lazımdır: “Ona görə ki, əvvəlki illərdən fərqli olaraq indi orda intensiv həm əkinçiliklə, həm də heyvandarlıqla məşğul olmaq lazımdır. Məhsuldarlığı artırıb, məhsulun maya dəyərini aşağı salmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq, bir sıra işlər görmək lazımdır ki, istehsal olunan məhsul rəqabət qabiliyyətli olsun. Bildiyimiz kimi, biz yalnız öz istehsal etdiyimiz məhsulu istehlak etmirik, həm də xaricdən məhsul alırıq. Baxın, həmin xaricdən alınan məhsulu əvəz edəcək əti, südü özümüz istehsal etməliyik. Ona görə də, biz məhsuldarlığın yüksəldilməsi barədə danışmalıyıq”.

 

“Məhsuldarlığı yüksəltmək üçün nə etmək lazımdır? Araşdırmalarımız göstərir ki, həmin bölgələrdə daha çox otlaq, təbii biçənək ərazilər mövcuddur. Bu ərazilər əkin sahələrindən daha çoxdur. Həmin örüş sahələrində də bəzi işlərin görülməsi lazımdır ki, yem istehsalı artsın. Həmin örüş sahələrində yelərin həcmi artmalıdır. Orda bir qədər fərqli yanaşma olmalıdır. Örüş əraziləri növbəli otarılsın. Yəni bir sahə otarılır, bir sahə saxlanılır və sonradan otarılır. Və saxlanılan müddət ərzində orda suvarma işləri və örüş ərazilərinin yemlənməsi işi təşkil olunmalıdır. Ordakı seyrəkliyin aradan qaldırılması üçün toxum səpini həyata keçirilməlidir. Yəni, bu kimi işləri aparmaqla ordakı potensialı bir qədər də artırmaq olar. Və bunu da heyvandarlıq üçün yaxşı yem bazası kimi istifadə etmək olar”, - Məhərrəmov vurğulayıb.

 

“Digər tərəfdən, o bölgələrdə əkin sahələrinin genişləndirilməsi imkanları öyərnilməlidir. Çünki yalnız örüş sahələri deyil, qış mövsümündə ota, yemə ehtiyac olur və bunu əkin sahələrində həyata keçirmək mümkündür. Ona görə də mümkün qədər əkin sahələrini genişləndirmək və orda yem bitkilərinin əkinini həyata keçirmək, həmçinin taxıl bitkilərinin əkilməsi, becərilməsi və məhsuldarlığı artırmaq lazımdır ki, güclü yem bazası yaradılsın. Və heyvandarlığı əsaslı şəkildə inkişaf etdirmək vacibdir. Sözlə deyil, burdakı digər rayonlarımızda olduğu kimi yox, orda həmin işlərin əsaslı görülməsi üçün bu imkan var. Və belə olan halda lazımi nəticə əldə olunacaq. Nəticədə həmin ərazilərdə yaşayan əhali heyvandarlıqla məşğul olmaqda maraqlı olacaq, gəlirlərini artıracaqlar, sosial durumları yaxşılaşacaq. Bu da ümumi olaraq regionun inkişafına töhfə verəcək”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Müəllif: Ülviyyə Şahin      28 Noyabr 2020 19:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin