Əsas səhifə Haqqımızda Xəbər lenti

Qarabağ müharibəsinin qorxusu: Ukraynadakı separatçılar səfərbərliyə başladılar

Qarabağ müharibəsinin qorxusu: Ukraynadakı separatçılar səfərbərliyə başladılar

İqor Semivolos: “Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarması, memarı Rusiya olan “dondurulmuş münaqişələrlə bağlı status-kvosunun dəyişdiyini göstərən ilk siqnaldır

 

Aleks Qriqoriyevs: “Rusiyanın postsovet məkanındakı strateji hədəfləri bəllidir – imperiyanın bərpası”

 

Donetsk separatçıları Dağlıq Qarabağdakı ideya qardaşlarının məğlubiyyətinin təsiri altında müəyyən tərpənişə başladılar. Qondarma “Donetsk Xalq Respublikası” (“DXR”) səfərbərlik əmri almış və ya hərbi komissarlıqdan çağırış almış vətəndaşların toplanma məntəqələrində toplaşmasının lazım olduğunu açıqladı. Bu tədbir barədə “respublika”nın bütün sakinlərinin nömrələrinə SMS göndərilərək məlumat verildi.

 

“Vostok” separatçı batalyonunun qurucusu Aleksandr Xodakovski jurnalistlərə, ehtiyatda olanların gözlənilməz toplanmasının nə ilə əlaqəli olduğunu izah etdi: “Uzun müddətdir bu cür iş görülməyib. Düşünürəm ki, səfərbərlik hazırlığından məsul olan qurumlarımıza belə bir tədbirin keçirilməsinə təkan verən Dağlıq Qarabağ hadisələri oldu”.

 

“Əlbəttə ki, Qarabağ hadisələri və onlara ictimai diqqətin artması səfərbərlik probleminə, hərbi ehtiyatların tükənməsinə, ehtiyat çatışmazlığı probleminə diqqəti cəlb etməsi hərbi məmurlarımızı bu toplanışı həyata keçirməyə təşviq etdi. Mütəmadi olaraq keçirilməlidir, ümid edirəm ki, indi Dağlıq Qarabağdan dərs alacağıq və elan edilmiş təlimlər çərçivəsində ehtiyatda olanların hərbi komissarlıqlara gəlişi və səfərbər olunmağa və vətəninin müdafiəsində iştirak etməyə hazır olduqlarını təsdiqləmək birdəfəlik aksiyaya çevrilməyəcək, əksinə, bu istiqamətdə sistematik iş üçün bir proloq olacaq”, - dedi Xodakovski.

 

Yeri gəlmişkən, “DXR” rəhbərinin saytında əhalini səfərbərlik haqlarının başlaması barədə məlumatlandıran sənəddə bunun “ehtiyat hissələrin komplektasiyası üçün lazım olduğu” söylənilir. Yəni, göründüyü kimi, separatçılar Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün əməliyyatlara yenidən başlaması ehtimalından qorxurlar.

 

AYNA baş verənlərlə bağlı tanınmış ekspertlərin fikirlərini öyrənib.

Предложения Ирана по Карабаху пока мало напоминают план» - Игорь Семиволос  - ZERKALO.AZ - Новости Азербайджана и мира.

Ukraynalı politoloq İqor Semivolos:

 

“İkinci Qarabağ müharibəsinin nəticələri indi mübaliğəsiz olaraq, yalnız postsovet məkanında deyil, bütün dünyada ən çox müzakirə edilən mövzulardan biridir. PUA-ların və istiqamətini dəyişə bilən mərmilərin aktiv istifadəsi, dağlıq ərazilərdə mobil müharibə, qoşunların taktiki səviyyədə effektiv qarşılıqlı fəaliyyəti ilə yeni nəslin müharibəsi hərbi analitiklərin və siyasi ekspertlərin diqqət mərkəzinə çevrilir.

 

Əslində, Azərbaycanın on illər əvvəl işğal olunmuş ərazisini uğurla geri qaytarması, memarı Rusiya olduğu “dondurulmuş münaqişələr”in status-kvosunun dəyişdiyini göstərən ilk və son dərəcə vacib siqnal idi. Və ya ən azı bu cür proseslər üçün ön şərtlərin olduğunu nümayiş etdirdi.

 

Rusiya-Ukrayna müharibəsinin aktiv mərhələsində olan Ukrayna üçün Qarabağdakı hərbi əməliyyatların qiymətləndirilməsi və təhlili son dərəcə vacibdir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səviyyəsində, xüsusilə münaqişə tərəflərinin uğur və uğursuzluqları hərtərəfli təhlil olunduğu bir sıra “dəyirmi masa”lar keçirildi. İnternetin və sosial şəbəkələrin Ukrayna seqmenti Azərbaycan təcrübəsini nəzərə alaraq, mümkün hərbi əməliyyat teatrında hadisələrin inkişafı variantlarını fəal şəkildə müzakirə edir.

 

Buna görə də Donetsk və Luqansk bölgələrinin işğalçı administrasiyası nümayəndələrinin bu məsələyə maraq göstərmələri, əslində öz gələcəkləri üçün narahtlığın ifadəsi olaraq təəccüblü deyil. Və burada mən yaxın gələcəkdən deyil, ekzistensional gələcəkdən danışıram. Qarabağ hekayəsi Ukrayna separatçılarına da gec-tez Rusiyaya qaçmalı olduqlarına işarə edir. Bu səbəbdən qorxu səfərbərlik hazırlığının təqlidi şəklində büruzə verilir. Əlbəttə ki, başqa səbəblər də mümkündür: keçən dekabrda yenidən işə salınan “Minsk prosesi”nin ümidsizliyi fonunda genişmiqyaslı bir münaqişənin yenidən başlama təhlükəsi artır”.

Azərbaycanın yerində olsam, özümü Rusiya təhlükəsindən kənarda hiss etmərəm”

Latviyalı siyasi analitik, elmləri doktoru Aleks Qriqoriyevs:

 

“Rusiya tərəfindən işğal edilmiş Donetsk və Luqansk bölgələrində baş verənlərin səbəbləri ilk növbədə Qarabağda, hətta Kiyevdə deyil, Moskvada axtarılmalıdır. Sözdə özlərini “DXR” və “LXR”-in rəsmiləri kimi qələmə verməyə çalışan marionet insanları idarə edən iplərin ucları məhz Kremlə qədər uzanır. Buna görə də, bu yalançı “respublika”larda qondarma hakimiyyət orqanlarının hərəkətləri ilə bağlı hər hansı bir sualın qoyuluşunu dəyişmək daha düzdür: Moskva niyə yalançı hökumətlərdən bu və ya digər addımların atılmasını istəyir?

 

Rusiyanın postsovet məkanındakı strateji hədəfləri yaxşı bilinir. Bu, eyni zamanda Rusiya İmperiyası ilə Sovet İttifaqının bərpasıdır - öz təsir zonasına sahib olan böyük bir güc yaratmaq istəyirlər ki, burada Moskvanın icazəsi olmadan heç bir əhəmiyyətli hadisə (xüsusən hakimiyyət dəyişikliyi) ola bilməz. Bjezinskinin bizə vaxtında düzgün xatırlatdığı kimi, Ukraynanın insan və maddi qaynaqları olmadan imperiya yaratmaq mümkün deyil.

 

Bəs, sizcə, Moskva bu bədxassəli qurumları – “LXR” və “DXR”-i niyə yaratdı və hərtərəfli dəstəkləməkdə davam edir? Bu, Rusiyanın özünün iştirak etmədiyini iddia edərək, Ukraynaya təsir göstərmək üçün lazımdır. Bu, Ukraynanın inkişafına, investisiyalara mane olan, əhəmiyyətli pul xərclədən və insanları öldürən bir prosesir. Yəni Moskva ölkəni indidən zəiflədir ki, gələcəkdə Ukrayna Rusiya imperiyası üçün asan bir yemə çevrilsin. Vəziyyətin bütün kəskinləşmələri Ukraynadakı vəziyyətə təsir göstərmək üçün hazırlanır və buna əsasən asanlıqla hesablanır.

 

Bu vəziyyətdə, düşünürəm ki, vəziyyətin gərginləşməsi Moskvanın Ukraynanın Minsk Üçtərəfli Qrupundakı və “Normandiya formatı”ndakı tərəfdaşları ilə artan diplomatik fəaliyyətinə cavabıdır. Putin üçün çağırışlara adekvat olmayan cavablar xarakterikdir. “Səfərbərlik” bu cür cavabların bir hissəsidir, öldürülən Ukrayna Silahlı Qüvvələrinin bir əsgəri digər hissəsi. Bəlkə də belə cavabların üçüncüsü və dördüncüsü də gələcək”.

Müəllif: Rauf Orucov      28 Noyabr 2020 15:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin