Əsas səhifə Haqqımızda Xəbər lenti

Moskvadan İrəvan və Bakıya fərqli niyyətli səfərlər

Moskvadan İrəvan və Bakıya fərqli niyyətli səfərlər

“Birinci səfərin məqsədi Ermənistanın vassallığını möhkəmləndirmək idi, ikinci səfər isə...”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun noyabrın 21-də İrəvana rəsmi səfərləri oldu və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirildi. Rusiyanın nümayəndə heyətinin İrəvanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlılarının yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə etdiyi bildirildi.

 

Hər iki nazir İrəvandan sonra Bakıya səfər etdi. Burada Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağın mövcud və sonrakı durumu ilə bağlı danışıqlar aparıldı.

 

Mövzunu AYNA-ya dəyərləndirən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin fikrincə, yüksək çinli Rusiya rəsmilərinin İrəvana səfəri Ermənistan hökumətinin “vintlərini bərkitmək” məqsədi daşıyır: “Rusiyalı nazirlər Ermənistan hakimiyyətini Rusiyaya tam şəkildə bağlamağa məcbur etməyə çalışdılar. Nəticə etibarı ilə Ermənistan hakimiyyəti Rusiyanı tam şəkildə qəbul etməyə məcbur da oldu. Belə ki, tamamilə Qərb dairələri tərəfindən maliyyələşdirilib hakimiyyətə gətirilən Nikol Paşinyan Rusiyanın direktivlərini qəbul etməyə qeyd-şərtsiz məcbur oldu”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

“Bu baxımdan da Sergey Şoyqunun İrəvan səfəri Qarabağda status-kvo, eyni zamanda ermənilərin taleyini həll etməklə bağlı idisə, Segey Lavrovun səfəri daha çox Rusiya ilə Ermənistan arasındakı siyasi münasibətləri növbəti dəfə müəyyənləşdirmək, Ermənistanın vassalığını tam şəkildə rəsmilşdirmək və Ermənistanı Qərbin əlindən almaqdan ibarət idi. Hadisələrin gedişatı da onu göstərdi ki, Amerika Birləşmiş Ştatları prezident seçkilərinə görə proselərdən kənarda qaldı, Fransa isə ümumiyyətlə, proseslərin kənarına atıldı. Əvəzində Cənubi Qafqazda başqa bir oyunçunun - Türkiyənin roluna icazə verildi. Bu səfərlərin arxasında həm də belə məqamlar dayanır”, - politoloq bildirib.

 

O, rusiyalı nazirlərin Azərbaycana səfərinin digər məsələlərlə əlaqəli olduğunu qeyd edib: “Nazirlərin Azərbaycan səfərinin mahiyyəti ondan ibarət idi ki, müdafiə naziri Şoyqu Dağlıq Qarabağda hərbi hissələrin, xüsusən də Rusiya hərbi hissələrinin və Azərbaycan hərbçilərinin hərəkətinin müəyyənləşdirilməsi ilə bağlı bəzi konturlara aydınlıq gətirsin. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, burada Rusiyanın iddia etdiyi kimi, Dağlıq Qarabağ və Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə Tükiyə Ordusunun da təyinatına dair məsələləri müzakirə etmək lazım idi. Şübhəsiz ki, Rusiya-Türkiyə-Azərbaycan üçbucağı çərçivəsində yaranan reallıqlar, Birləşmiş Ştatlar və Fransanın regiona növbəti dəfə ATƏT-in Minsk Qrupunun çətiri altında daxil olmaq istəyi ilə əlaqədar idi. Şoyqu və Lavrovun səfərlərini həm də bu kontekstdən izah etmək lazımdır”.

 

“Nəhayət etibarı ilə, söhbət həm də məlum üçtərəfli razılaşmadan gedə bilərdi. Həmin razılaşma ondan ibarət idi ki, bununla İran bölgədən çıxarıldı və əvəzinə Türkiyə daxil oldu və yeni reallıqlar yarandı. Çox güman ki, Rusiya Azərbaycanla danışıqlarda bu məsələləri də müzakirə edib. O cümlədən, Lavrovun müzakirə edəcəyi məsələlər sırasında yeni bir Azərbaycan-Türkiyə ittifaqı, həmçinin Fransa, eləcə də ABŞ-ın regiona müdaxiləsinə qarşı həm ortaq, həm ikitərəfli, həm də çoxtərəfli reaksiya ilə bağlı məsələlər də yer alıb. Elə Lavrovun dili ilə də Azərbaycanın öz tərəfdaşını seçməkdə müstəqil olması və Türkiyənin artıq Qafqazda rəsmi oyunçu kimi yer alması səsləndirildi və bu məsələ açıq şəkildə qeyd olundu”, - deyə Əlibəyli vurğulayıb.

 

Müsahibimiz yekun olaraq diqqətə çatdırıb ki, Cənubi Qafqazda gedən 44 günlük müharibə yeni dünya düzəninin formalaşmasını müəyyənləşdirdi: “İndi isə geriyə qalan xırda detallardır. Yəni, bundan sonra Rusiya Qafqazda hansı rolu oynayacaq, Türkiyənin mövqeyi necə olacaq, həmçinin Azərbaycan ərazisində icra edilən məsələlərdə Azərbaycan hansı rolu icra edəcək və s. On görə də bu iki məsələni mütləq bir-birindən ayırmaq lazımdır: Rusiyalı nazirlərinin İrəvana səfəri Dağlıq Qarabağ münaqişəsi ilə yox, Ermənistan dövlətinin taleyini müəyyənləşdirməklə bağlı idi, Azərbaycana olan səfər isə Yuxarı Qarabağ məsələsi ilə əlaqədar idi”.

Müəllif: Mərahim Nəsib      27 Noyabr 2020 16:25
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin