Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda acı COVID-19 reallığı: Hazırkı mübarizə lazımi nəticə vermir

Azərbaycanda acı COVID-19 reallığı: Hazırkı mübarizə lazımi nəticə vermir

Həkim: “Həftəsonları ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırmaqla, cərimələrlə, inzibati metodlarla biz heç nəyə nail ola bilməyəcəyik”

 

Deputat: “Virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməliyik”

 

Yenidən karantin qaydaları sərtləşdirildi, qadağalar artdı, cərimələr çoxaldı. Əksər hallarda olduğu kimi, bu dəfə də verilən qərarlar birmənalı qarşılanmadı. Nazirlər Kabineti yanında Operativ Qərargahın canlı yayımlandığı sosial şəbəkələrdə cəmiyyətin reaksiyası bunu deməyə əsas verir. Bir də onu deməyə ki, insanlar verilən qərarların, həqiqətən onların sağlamlığı düşünülərək verildiyinə dair ciddi şübhələr içərisindədir.

 

İnsanlar onsuz da səhiyyə sistemindən çoxdan narazı idi, bir də COVID-19 ilə mübarizə şəraitində deyilənlərlə reallığın üst-üstə düşməməsi inamsızlığı daha da gücləndirdi. Qızdırması olan, özünü yaxşı hiss etməyən adam cibi boşdursa və ya adamı yoxdursa, bir sıra hallarda günlərlə müayinə və müalicə üçün Allahın ümidinə buraxılırsa, insanları qınamağa nə hacət?!

 

Bu gün hər kəsin COVID-19 virusuna yoluxmuş tanışı olduğu halda, çox insanı maska taxmaqla qoruna və başqalarını da qoruya biləcəyinə inandırmaq mümkün deyil. Artan statistik göstəriciyə baxmayaraq, dayanacaqdakı terminalda kartına pul yükləyərkən insanlar arasında maskasını aşağı salıb siqaretini tüstülədən, heç də bundan geri qalmayan, maskası çənəsində, siqareti əlində avtobus sürücüsünü inandıra bilməmişiksə, deməli, bu işdə bir tərslik var. İnsanlar virusun olduğuna inansa da, onun təqdim edildiyi kimi olduğuna da, onunla bağlı qəbul edilən qərarların effektivliyinə də inanmır. Bu halda biz bu virusla baş edə biləcəyikmi?

Bakıda vəziyyət qırmızı həddi çoxdan keçib - Qalib Əsədov - Sozcu.az

AYNA-nın həmsöhbəti, həkim Qalib Əsədov görülən tədbirlərin qanedici olmadığını, indiki halda xəsətələrə münasibətdə dəyişikliyin labüd olduğunu hesab edir: “Mən düşünürəm ki, sərt qarantin rejimi şəklində görülən tədbirlər qanedici deyil. Birinci növbədə, sistemdə xəstələrə olan münasibətdə dəyişiklik olmaldır. Təsəvvür edin ki, kimsə xəstələnib, qızdırması var. Poliklinikaya müraciət edir, amma həkimlər analiz üçün bir neçə gün sonra gəlirlər. Cavab da eynən bu cür – bir neçə gün sonra gəlir. Bu müddətdə həmin xəstə evdəkiləri, ətarfındakı digər insanları yoluxdurmuş olur. Buna görə də xəstəyə diqanoz qoyulması prosesi sürətləndirilməli, dərhal həyata keçirilməlidir”.

 

“Bu gün dünyada ekspress testlər var, hansı ki, insanın COVID-19 virusuna yoluxub-yoluxmamasını bir neçə dəqiqə ərzində müəyyən edir. Xəstənin diqanozu dərhal dəqiqləşdirilməli və anında da izolyasiya edilməlidir. Bu gün evdə oturmaqla, həftəsonları ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırmaqla biz heç nəyə nail ola bilməyəcəyik. Cərimələrlə, inzibati metodlarla bu problemi həll etmək qeyri-mümkündür”, - mütəxəssis bildirir.

 

Həkim bir daha vurğulayır ki, burada çıxış yolu xəstəyə və xəstəliyə olan münasibəti dəyişməkdir: “Azərbaycanda pandemiya ilə bağlı ilk vaxtlarda aparılan mübarizələr daha effektiv idi. İlk aylarda xəstə dərhal aşkarlanır, onunla təmasda olan şəxslər belə, karantinə alınırdı. Bunun nəticəsi idi ki, biz iyuna ayına kimi kifayət qədər yaxşı nəticələr əldə etmişdik. Bütün dünyada bu mübarizədə “Azərbaycan modeli” adlandırılan bir model var idi. Lakin indi apteklərdə dərman da tapmaq olmur. Tutaq ki, kimsə xəstələnib, müalicə üçün dərmanı haradan alsın ki, yüngüldürsə, evdə müalicə olunsun, xəstəxanaya tənəffüs çatışmazlığı baş verdikdə aparılsın?!”.

 

“Bir xəstənin COVID-19-dan müayinəsi üçün 500-600 manat pul lazımdır. Əgər ailə 5 nəfərdən ibarətdirsə, görün müayinə üçün nə qədər pul lazım olacaq. İnsanların əksəriyyətinin buna gücü çatmır və hazırda poliklinkalar da bunun öhdəsindən gəlmək iqtidarında deyil. Qızdırmalı, xəstə adam o qədər çoxdur ki, poliklinikalar çatdıra bilmir. Məsələn, qonşuluqda belə bir xəstə var idi, 39 dərəcə qızdırmada 4 gün qaldıqdan sonra gəlib test götürdülər. Üstündən bir həftə keçib, amma cavab hələ hazır deyil. İndi biz bilmirik, bu adam koronavirusdur, yoxsa yox”, - Əsədov qeyd edir.

 

Onun sözlərinə görə, indiki dövrdə mövsümi qriplərin də əlamətləri COVID-19-un əlamətlərinə oxşayır: “Belə olduqda da əməlli-başlı qarışıqlıq yaranır. Həmçinin, hansısa bir problem olduqda Səhiyyə Nazirliyinə müraciət etdikdə, “bu işə TƏBİB baxır”, TƏBİB-ə müraciət etdikdə, “Səhiyyə Nazirliyi baxır” cavabını alırıq. Poliklinikalar da TƏBİB-ə yönəldir. Biz özümüz TƏBİB-in “qaynar xətt”inə neçə gün müraciət edib danışa bilməmişik. Təcili yardım da Səhiyyə Nazirliyinə tabedir, bununla bağlı da problem və şikayət olduqda, TƏBİB deyir ki, “bizlik deyil”. COVID-19 ilə mübarizədə səhiyyə sahəsində xaotik bir vəziyyət yaranıb. Bunun nəticəsidir ki, statistik rəqəmlər günü-gündən artır”.

 

Müsahibimiz onu da iddia edir ki, yoluxma sayı rəsmi statistikada göstəriləndən çoxdur: “Çünki özəl klinikalarda, evdə müalicə alan insanların sayı olduqca çoxdur. Bu da ona görədir ki, dövlət xəstəxanalarında bürokratiya olduqca güclüdür və ümid yoxdur. Bu halda mərasimləri ləğv etməklə, açıq havada maska taxmaq məcburiyyəti qoymaqla, həftəsonu ictimai nəqliyyatın fəaliyyətini dayandırmaqla bu virusa biz qalib gələ bilməyəcəyik. Ümümdünya Səhiyyə Təşkilatı də deyir ki, sərt karantin tədbirləri ölkələrin iqtisadiyyatına koronavirusdan daha çox ziyan vurur”.

 

Ekspertin fikrincə, əsas məsələ infeksion ocağı vaxtında tapıb tədbir görməkdir: “Xəstə kimdirsə, dərhal müəyyənləşdirilməli və müalicə tədbirlərinə başlanılmalıdır. Birinci növbədə, biz çalışmalıyıq ki, xəstələri tez müəyyən edək, ikinci növbədə, aptekləri antiviral dərmanlarla təmin etməliyik. Bundan sonra nə karantin, lazımdır nə də qadağalar. Biz bunu edə bilməsək, pandemiya artacaq və hələ daha çox can alacaq”.

 

“Hazırda dərman tapmaq müşkül işə çevrilib. Xəstəxanada yatan adama, bəli, oradan dərman verilir. Bəs, evdə müalicə alan adam hardan alsın? Dərman yoxdursa, o, necə müalicə olunsun? Müalicə nə qədər tez başlasa, o qədər daha sürətli effekt verir. Bu gün isə xəstə xəstəxanaya o vaxt gedir ki, artıq nəfəs almaqda çətinlik çəkir. Bu isə dövlətə daha başa gəlir. Lakin biz müalicəyə ilkin mərhələdə başlasaq, immuniteti gücləndirən bir-iki dərmanla xəstəni ağırlaşmaqdan xilas edə bilərik, tez sağalar, ölüm sayı da azalar”, - Əsədov vurğulayır.

 

Məlumat üçün qeyd edək ki, Bakı şəhəri üzrə poliklinikalar və təcili tibbi yardım Səhiyyə Nazirliyinə, Bakıətrafı və digər rayonlar üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabedir.

Sədaqət Vəliyeva: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar  uğurlu nəticələr verir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Sədaqət Vəliyeva isə o fikirdədir ki, daha sərt tədbirlərə əl atılmalıdır. O, AYNA-ya, Ermənistan, Gürcüstan kimi ölkələrlə müqayisədə Azərbaycanda yoluxma sayının nisbətən aşağı olduğunu deyir: “Lakin buna baxmayaraq, sərt addımlar atılmalı, ölüm sayını maksimum azaltmağa nail olmalıyıq. Hazırda dünyada 60 milyona qədər insan koronavirusa yoluxub, 1,5 milyonadək insan isə bu virusun qurbanı olub. Dünyada koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır. Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının, təxminən 50 faizini təşkil edir. Avropada da, xüsusən Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Adları çəkilən 4 ölkədə ümumilikdə yoluxanların sayı 7 milyon, ölənlərin sayı isə 250 min nəfərə qədərdir”.

 

“Əlbəttə ki, son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Bu gün Ermənistanda 130 min, Gürcüstanda 115 min, Azərbaycanda isə 98 min insan koronavirusa yoluxub. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların sayı nisbətən aşağıdır. Lakin buna rəğmən, biz virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq”, - deputat bildirir.

 

Vəliyevanın sözlərinə görə, koronavirusla mübarizədə dövlət insanların sağlamlığının qorunması üçün bütün mümkün tədbirləri həyata keçirir: “Burada söhbət xəstələrin müalicəsindən tutmuş testlərin götürülməsinə, hətta, xəstəxanaların inşasına qədər olan işlərdən gedir. Elə təkcə Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanaların inşası və açılması COVID-19-la aparılan mübarizədə dövlətin qətiyyətini, niyyətini və gücünü göstərir. Sirr deyil ki, qısa müddət ərzində ölkəmizdə modul tipli 11 xəstəxana inşa edilib. Bundan əlavə, fəaliyyətdə olan digər onlarla tibb müəssisəsi də insanların sağlamlığı üçün koronavirusla mübarizəyə səfərbər edilib. Ölkəmizdə koronavirusla əlaqədar işləyən laboratoriyaların sayı 45-ə çatdırılıb və hazırda 1.6 milyondan çox test keçirilib. Yəni, görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur, şərait formalaşdırıb. Eyni zamanda, bir neçə şirkətlə koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində fəal iş aparılır. Heç şübhəsiz, Azərbaycan peyvəndi əldə edən ilk ölkələr sırasında olacaq”.

 

Milli Məclis üzvü qeyd edir ki, həyata keçirilən tədbirlərin fonunda, ölkəmizdə gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur: “Əlbəttə ki, yoluxmanın sayının artmasının obyektiv və subyektiv səbəbləri var. Ən böyük səbəb Vətən müharibəsi idisə, artıq böyük qələbə qazandığımızdan, indi diqqəti koronavirusla mübarizəyə yönəltməliyik. İşğalçıları qovaraq, torpaqlarımızı azad edərək qələbə qazandığımız kimi, koronavirusa da qalib gəlib insanlarımızı qorumalıyıq. Böyük zəfəri birlik olaraq əldə etdik, elə koronavirusla mübarizədə də birlik nümayiş etdirməli və virusa qalib gəlməliyik. Bu mənada, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırması, bəzi məhdudiyyətlər tətbiq etməsi də tamamilə məntiqlidir”.

 

“Çünki, 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-3000-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Əgər pandemiyanın əvvəlki dalğalarını az itki ilə başa vurmuşduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində olmuşdu. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın növbəti dalğasının başlanmasının qarşısını alaq. Buna isə dediyimiz kimi, yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik. Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək və xəstəliyin geniş yayılmasını önləyəcəyik”.

Müəllif: Aləmdə Nəsib      26 Noyabr 2020 23:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin