Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp Moskvaya güc toplamaq üçün möhlət verdi, bəs Bayden?

Tramp Moskvaya güc toplamaq üçün möhlət verdi, bəs Bayden?

Yeni Ağ Ev rəhbərinin dövründə postsovet məkanı Rusiya ilə ABŞ arasında artan siyasi rəqabət səhnəsi olaraq qalacaq

 

Co Baydenin Ağ Evə gəlişi postsovet məkanı da daxil olmaqla, dünya geosiyasətindəki konstruksiyaları dəyişdirir. Donald Tramp Kremllə nisbətən yumşaq, Avropa İttifaqı (Aİ) və Çin ilə isə sərt davranıb. Əslində, onun siyasəti Rusiyaya bölgədəki və dünyadakı mövqelərini gücləndirmək üçün “möhlət” verdi.

 

Baydenin ABŞ Prezidenti seçilməsi ilə Aİ-də və bir sıra postsovet ölkələrində Vaşinqtonun Kremlə daha çox təzyiq göstərəcəyinə dair müəyyən ümidlər yarandı. Ukraynalı politoloq Yevgeni Maqda AYNA-ya müsahibəsində Bayden ilə bağlı gözləntilərdən, NATO-nun güclənib-güclənməyəcəyindən danışıb.

- Co Bayden Prezident seçildi. Çoxları onun Obamanın xarici siyasət doktrinasına qayıdacağını gözləyir. Sizcə, Bayden postsovet məkanı ilə bağlı nə cür siyasət yürüdəcək?

 

- Düşünürəm ki, Co Baydenin xarici siyasəti Barak Obamanın xarici siyasətinin bir kopyası olmayacaq, baxmayaraq ki, 46-cı Prezidentin komandasında 44-cü Prezidentin komandasında çalışanlardan bir çoxu yer alacaq. O vaxtdan bəri dünya ciddi şəkildə dəyişdi və ABŞ-ın yeni Prezidentinin, vaxtı ilə vitse-prezidenti olduğu silahdaşının kölgəsində qalmaq istəyi yoxdur. Baydenin siyasəti Trampda olduğu kimi, qəribə bir avantürizm və hesablama qarışığı deyil, prinsiplərə söykənəcək. Postsovet məkanı Rusiya ilə ABŞ arasında artan siyasi rəqabət sahəsi olaraq qalır və bu fakt planetin bu hissəsində Vaşinqton siyasətinin formalaşması üçün həlledici olacaq.

 

- Donald Tramp Rusiyaya qarşı nisbətən yumşaq bir siyasət yürütdü. Baydenin Kremlə qarşı daha sərt bir siyasət yürütməsini gözləyirsinizmi?

 

- Seçki kampaniyası dövründə Co Bayden ABŞ-ın əsas düşməninin Çin deyil, Rusiya olduğunu açıq şəkildə bildirdi. Göründüyü kimi, ABŞ-Rusiya münasibətləri yaxın dörd ildə bu paradiqmada inkişaf edəcək. Ancaq eyni zamanda, kimsə özünə Vaşinqton və Moskva arasındakı dialoqun bitəcəyi xəyalını yaratmamalıdır, bu dialoqun tonunun Donald Trampın Vladimir Putinlə ünsiyyətində olan dövrdən ciddi şəkildə fərqli olacağı başqa bir məsələdir.

 

- Bu gün Avropa İttifaqı yeni bir hərbi doktrina elan edib. Onlar NATO-dan asılı olmayaraq hərəkət etmək niyyətindədirlər. İttifaqın yeni hərbi doktrinasını necə görürsünüz? Kimə qarşı çıxacaq?

 

- Məncə, Aİ hərbi doktrinası İttifaqın subyektliyinin bir elementidir. Aİ daxilində qərar qəbuletmə mexanizmi hərbi çağırışlara operativ reaksiya göstərməyə imkan vermir, lakin bu gün, həmçinin NATO-nun yaradılması barədə Vaşinqton Müqaviləsinin məşhur 5-ci maddəsi sabitliyi qorumaq üçün ən təsirli vasitə kimi görünmür. Qeyd etmək istərdim ki, “Brexit”dən sonra Aİ-də nüvə silahı olan yalnız bir ölkə - Fransa qaldı və bu da Avropa İttifaqının ambisiyalarına təsir göstərir. Hər hansı bir müdafiə doktrinası siyasi iradəyə söykənməlidir və belə bir rəqibin Brüsseldə konsensus əsasında müəyyənləşəcəyini təsəvvür etmək çətindir.

Müəllif: Nicat Hacıyev      26 Noyabr 2020 15:59
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin