Əsas səhifə Haqqımızda Xəbər lenti

Kabus daha amansız qayıdıb – Avropa inildəyir

Kabus daha amansız qayıdıb –       Avropa inildəyir

Qitə ölkələrində koronavirusa sutkalıq yoluxma sayı onminlərlə hesablanır

 

Koronavirus (COVID-19) infeksiyası dünyada və ölkəmizdə yeni sürət götürüb. İkinci dalğa adlandırılan bu mərhələdə yoluxma və ölüm halları artıb. Məsələn, Azərbaycan Respublikasında, 24 noyabr rəsmi statistikasına görə, koronavirusa 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

 

Hazırda Avropada bu istiqamətdə vəziyyət nə yerdədir? AYNA xarici mətbuatın monitorinqi əsasında kiçik araşdırma aparıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, dünyada qeydə alınan yoluxmaların 46, ölüm hallarının isə 49 faizi Avropa regionunun payına düşür. Avropada məhdudiyyətləri sərtləşdirən ölkələrin sayı da artmaqdadır.

 

Fransa

 

Fransada ümumi yoluxanların sayı iki milyon nəfəri keçib. İlk dəfə Avropada məhz Fransada yoluxanların sayı iki milyonu keçib. Məsələn, bugünlərdə sutkalıq yoluxma sayı 45222, ölüm sayı isə 437 nəfər olub. Müqayisə üçün qeyd edək ki, yay aylarında ölənlərin sayı 20-22 nəfərə qədər düşmüşdü. Amma son bir həftədə orta göstərici 500-550 nəfərə çatıb.

 

Hökumət yeni addımların atılması üçün planlar hazırlayır. Bu ölkədə ərzaq mağazalarını çıxmaqla, bütün mağazalar bağlıdır. Maskadan istifadə ilə bağlı çox sərt tədbirlər həyata keçirilir. İkinci dəfə maskadan istifadə ilə bağlı əgər cərimə yazılarsa, bu, artıq üç min avroya qədər cərimələnir. Bu, kifayət qədər böyük rəqəmdir.

 

Hökumətdən verilən açıqlamaya görə, dekabrın 1-nə qədər belə bir vəziyyət davam edəcək. Yəni sərt karantin rejimi dekabrın 1-dək davam edəcək. Dekabra qədər yoluxanların sayında azalma müşahidə olunmazsa, o zaman ərzaq mağazalarının belə qrafiklə işləməsi və ora daxil olan insanların sayına məhdudiyyətin qoyulması kimi tədbirlər planlaşdırılır.

 

İspaniya

 

İspaniyada ümumi yoluxanların sayı 1,5 milyon nəfərdən artıqdır. Virusa yoluxma riski böyükdür və ciddi tədbirlər görülür. Hökümət virusun qarşısını almaq üçün demək olar ki, bütün kütləvi insan yığılan yerləri məhdudlaşdırıb. Bir çox obyektlər - bar, restoran, kafelər bağlanıb.

 

Karantin rejiminə gəldikdə, sakinin yaşadığı regiondan çıxmasına məhdudiyyət tətbiq olunub. Axşam saat 10-dan sonra komendant saatı tətbiq ediblər. Ümumiyyətlə, vəziyyət əvvəlki kimidir, sadəcə bir az yumşalma fərqi ilə. İspaniyada  məktəblər fəaliyyət göstərir.

 

İtaliya

 

Avropada ən çox yoluxma olan ölkələrdən biri İtaliyadadır. Burada sutkalıq yoluxma sayı 27-28 min nəfərə çatıb. Rəqəmlərin yüksək olmasına baxmayaraq, italiyalı mütəxəssislər hesab edirlər ki, hələ də pik dövrü yaşanmayıb. Belə ki, ümumi koronavirusla bağlı pik dövrünün qış aylarının sonuna doğru yaşanacağı gözlənilir. İndiyədək 1,3 milyon nəfər COVID-19-a yoluxub.

 

Böyük Britaniya

 

İndiyədək 1,4 milyon yoluxma faktı qeydə alınıb. Sutkalıq yoluxma sayı 21-25 min arasında dəyişir. Noyabr ayının 1-dən əksər müəsssələr fəaliyyətini dayandırıb, sadəcə məktəblər fəaliyyət göstərir. Restoranların, dükanların və özəl şirkətlərin hamısı bağlanıb.

 

Komendant saatı tətbiq olunmasa da, küçədə iki nəfərdən artıq bir yerdə cəmləşmək olmaz, bir ailənin üzvü deyilsinizsə, cərimə olunacaqsınız. Eyni qadağa maşınlar üçün də tətbiq olunub. Dükanlara daxil olduqda, mütləq maska ilə daxil olmalısan, əks tədqirdə, birinci dəfə üçün 100 avro, ikinci dəfə üçünsə 1000 avro cərimə ödəməli olacaqsınız.

 

Digər ölkələr

 

Ölkələr üzrə tədbirlər fərqlidir. Məsələn, Almaniyada, Çexiyada, Avstriyada bərbərxanalar hələ də işləyir. Fransada isə onlar tamamilə bağlıdır. Amma buna baxmayaraq, ümumilikdə bütün Avropada sərtləşdirilmiş tədbirlər həyata keçirlir və ilin sonuna qədər bunlar davam edəcək.

 

Avstriyada dekabrın 6-dək davam edəcək karantinlə əlaqədar vətəndaşlara yalnız işə, həkimə və mağazaya getmək üçün evlərini tərk etməyə icazə verilir. Ölkə ərazisində supermarket və apteklər istisna olmaqla, demək olar ki, bütün mağazalar bağlanıb.

 

Çexiyada karantinin uzadılacağı gözlənilir. Məhdudiyyət tədbirləri dekabrın 20-nə qədər qüvvədə olacaq.

 

Türkiyə

 

Sutkalıq yoluxma sayı əksər Avropa ölkələri ilə müqayisədə ürəkaçandır – 4-5 min nəfər arası. Bununla belə, Türkiyə hökuməti vəziyyəti yüngülləşdirməyi düşünmür. Nazirlər Kabinetinin son iclasında yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar verilib.

 

Şəhərlərarası nəqliyyatın və insanların hərəkəti məhdudlaşdırılıb, yalnız xüsusi, üzürlü səbəbi olan insanlar müvafiq orqanlar tərəfindən təsdiq edildikdən sonra, bir şəhərdən başqa şəhərə hərəkət edə bilirlər. Bütün ölkə miqyasında həftə sonları, istirahət günlərində komendant saatı tətbiq edilir. Yəni insanlar yalnız səhər saat 10-dan aşxam saat 8-dək küçəyə çıxa bilərlər. Qalan saatlarda yalnız xüsusi icazəsi olan insanların çıxması mümkündür.

 

İstehsalın fasiləsiz işləməsi, bütün bu tədbirlərlə yanaşı, təmin edilir. Çünki iqtisadi vəziyyət bunu tələb edir. Eyni zamanda, yaşı 65-dən yuxarı olan insanların küçəyə çıxmasına, yalnız saat 10:00-13:00 arasında, yaşı 20-dən az olanlara isə 13:00-16:00 arasında icazə var.

 

Restoran, kafe, ictimai iaşə obyektlərinin fəaliyyəti də məhdudlaşdırılıb. Saat 10-la 20 arasında evlərə onlayn çatdırılma həyata keçirilir. Mağaza, ticarət obyektləri, bərbərxanalar kimi obyektlərin fəaliyyəti də müəyyən saat vaxtı ilə tənzimlənir - saat 10:00-20:00.

 

Məhdudiyyətlər təhsil müəssisələrindən də yan keçməyib. Dekabrın sonuna qədər dərslər yalnız onlayn formada aparılacaq.

 

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca vətəndaşları qadağalara əməl etməyə çağırıb. Bildirib ki, insanlar bu qaydalara riayət etməzsə, daha yeni və sərt tədbirlər gündəmə gələ bilər.

Müəllif: Ülviyyə Şahin      25 Noyabr 2020 23:18
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin